BolgeXeber.Com » Bölgə » Kürdəmir 18 aydan sonra necə olacaq?

Kürdəmir 18 aydan sonra necə olacaq?

5-05-2014, 08:10
Oxunub: 3 698 Kürdəmir Azərbaycanın tikinti işləri aparılması sahəsində ən geridə qalmış rayonlarından biri hesab olunur

Uzun müddət Fəxrəddin Məlikovun icra başçısı, iki il İrşad Əliyevin rəhbərlik etdiyi rayonda görülən işlər demək olar ki, barmaqla sayılacaq qədərdir. Yalnız İrşad Əliyevin icra başçısı olduğu müddətdə Heydər Əliyev Mərkəzi və yeni bir park salınıb.

Bolgexeber.com bildirir ki, rayonun mərkəzi yolları da bərbad gündədir. Torpaqla örtülmüş asfaltın asfalt olduğu belə məlum deyil. Kanalizasiya, içməli su problemi və digər işlər də həmçinin yerində saymaqdadır. Rayon camaatı deyir ki, ümidləri bundan sonrayadır. Səbəbi isə Kürdəmirə yeni icra başçısının təyin edilməsidir.

Qeyd edək ki, Ceyhun Cəfərov 20 gündür Kürdəmirə icra başçısı təyin olunub. İrşad Əliyevi əvəzləyən icra başçısı gəldiyi gündən problemlərlə maraqlanıb və onların aradan qaldırılması üçün tədbirlər görməyə başlayıb. Düzdür, 20 gün içində hər hansı bir əsaslı dəyişiklik etmək mümkün deyil. Camaat da deyir ki, Kürdəmirin də digər rayonlar kimi əsaslı təmir və yenidənqurma işlərinə ehtiyacı var. Və bunun Ceyhun Cəfərov tərəfindən həyata keçiriləcəyinə böyük ümidlər bəsləyirlər.

İdarələr «Fövqəladə vəziyyət» rejimində

Rayonda olduğumuz müddətdə məlum oldu ki, Ceyhun Cəfərov ilk iş günündən etibarən rayondakı bütün idarə və müəssisə rəhbərlini başına yığaraq, bundan sonra iş rejimində dəyişiklik etdiyini bildirib. Heç bir kadr dəyişikliyi aparmayan və köhnə idarə müdirləri ilə birlikdə yola çıxmağa üstünlük verən yeni icra başçısı onlara hər gün saat 9-dan tez evə getməməyi də tapşırıb.

Eyni zamanda, idarə və müəssisə rəhbərləri də bu təlimata uyğun olaraq hərəkət edirlər. Rayonda görülən işlərdə hər bir idarə və müəssisə rəhbəri üzərinə düşən vəzifələri yerinə yetirmək üçün çalışır. Çünki icra başçısı yeni tələblərlə ayaqlaşa bilməyən idarə müdirləri ilə yollarını ayıracağı barədə də xəbərdarlıq edib.

Rayoniçi yollar bərbad gündə

Uzun illərdən bəri Kürdəmirə sanki nə pul ayrılıb, nə də bir iş görülüb. Rayonun mərkəzindəki əksər yollar bərbad gündədir. Hətta rayonun mərkəzindən keçən iri yolun bir neçəsi belə torpaq örtüyündən ibarətdir.

Kürdəmir İcra Hakimiyyətinin rəsmisi Arzu müəllim deyir ki, bu yolların yenidən asfaltla örtülməsi tez bir zamanda mümkündür. Amma onlar bu işləri sona saxlamaq məcburiyyətindədirlər. Çünki yaxın günlərdən etibarən rayonun mərkəzində kanalizasiya xətlərinin quraşdırılmasına start veriləcək. «Kanalizasiya xətləri çəkiləndə yolun qalızlması lazımdır. Təqribən 2-3 metr dərinlikdən xətlərin keçiriləcəyi nəzərdə tutulub. Əgər biz indi yollara asfalt vurarsaq, o zaman xətlərin çəkilən dönəmində yenidən qazıntı işləri aparacağıq ki, bu da yenidən asfaltın çəkilməsi deməkdir. İki dəfə xərc çəkməmək üçün bütün işlər yekunlaşdıqdan sonra yolların asflatlaşdırılmasına başlanılacaq».

Şəhərin girəcəyi təbii «tunel» olacaq

Kürdəmirin yeni rəhbərliyi artıq bəzi işlərə başlayıb. Rayon əhalisinin içməli suyla təmin etmək və kanalizasiya xətlərinin çəkilməsi üçün Kürdəmirdə işləyən «Azərsu»nun fəaliyyəti artıq intensivləşdirilib. Belə ki, ASC-nin nümayəndələri 15 gündür sürətli şəkildə xətlərin çəkilişi prosesinə başlayıblar.

Rayonun mərkəzində bir sıra işlərin görülməsi, abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə də başlanılıb. Müşahidələrimiz nəticəsində bütün yolqırağı dükanlar, obyektlərin həmısının təmir edilməsinə start verilib. Həmçinin parkların qaydaya salınması və yeni parkların salınması üçün ərazilərin axtarışına da başlanılıb.

Hazırda əsas işlərlə yanaşı, Kürdəmirin girəcək hissəsində ağacdan təbii «tunel»in salınması prosesi həyata keçirilir. Yolun kənarlarına torpaq tökülməsi mərhələsində olan proses artıq yarıya çatdırılıb. Orada sıra ilə xeyli sayda ağacın əkilməsi nəzərdə tutulub. Yolun hər iki tərəfinə əkiləcək həmin ağaclar böyüdükdən sonra təbii tunel yaradacaq.

Ceyhun Cəfərov özü nə deyir?

Kürdəmirin yeni icra başçısı Ceyhun Cəfərov rayonda olan jurnalistlərlə görüşüb. Onlara bir sıra açıqlamalar verib. O deyib ki, gəldiyi 20 günə yaxındır və yerli vəziyyətlə tanış olur. «Rayonu o qədər də yaxşı tanımıram. Vəziyyətlə maraqlanıram, yerdəki durumu öyrənirəm. Mən cənab Prezidentə söz vermişəm ki, qısa müddətdə Kürdəmiri digər aparıcı rayonların səviyyəsinə çatdıracam. Bunun üçün də ciddi cəhdlə çalışıram ki, hər şey ən yüksək səviyyədə olsun».

İcra başçısı bildirir ki, rayonda görüləcək işlər həddindən artıq çoxdur. Onun sözlərinə görə, abadlıq və yenidənqurma işlərini bir il yarıma yekunlaşdırmaq istəyir. «Əlimizdə xeyli sayda layihələr var. Onları incələyirik. Ən münasibini müəyyənləşdirib, həyata keçirilməsinə start verəcəyik. Hələlik çox görmüşük deyə bilmərəm. Çünki yeniyəm və işlərə mərhələ-mərhələ başlamağa üstünlük veririk. Kürdəmir camaatına da söz verirəm ki, bir il yarımdan sonra özləri rayonu tanımayacaqlar. Biz yeni bir Kürdəmir qurub, onların ixtiyarına verəcəyik».

Ceyhun Cəfərov onu da bildirir ki, görəcəkləri yeni işlər çoxdur və onların hamısı haqqında danışarsa, günlərlə vaxt getmiş olacaq. «Biz danışmaqdansa, iş görməyi üstün tuturuq. Özünüz də görəcəksiniz ki, hər şey ən yüksək səviyyədə və sürətli şəkildə reallaşacaq. Cənab Prezidentin qəti tapşırığı var, Kürdəmir ən müasir dövrünə çatdırılmalıdır».

«Mən 18 aydan sonra jurnalistləri Kürdəmirə dəvət edəcəm» deyən icra başçısı «O zaman rayonun nə qədər dəyişdiyini, yeniləşdiyini, göəzəlləşdiyini öz gözləri ilə grəcəklər» deyə vurğulayıb. Daha sonra qeyd edib.

Son

Ceyhun Cəfərovla görüşdükdən sonra jurnalistlər yerdəki digər məsələlər də maraqlanıblar. Onlar da icra başçısının vədini maraqla gözləyirlər. Gözləyirlər ki, 18 ay sonra Kürdəmir necə olacaq…
Aysun Aydınlı
BAKI-KÜRDƏMİR-BAKI

Bolgexeber.com