BolgeXeber.Com » Bölgə » Qəbələdə ölkə qanunları işləmir?

Qəbələdə ölkə qanunları işləmir?

9-05-2014, 10:05
Oxunub: 2 992 “Səndən sənə şikayətim var...”

Qəbələ rayon Zarağan kənd sakini Əliyev Sabir Əlibala oğlu üç ildir ki, Ədliyyə Nazirliyinin, bu nazirliyin Şəki Regional Ədliyyə Şöbəsi və Qəbələ Rayon İcra Qrupu arasında əsir-yesir qalıb. Hətta, 2012-ci il noyabrın 30-da və 2014-cü il yanvarın 24-də ədliyyə naziri Fikrət Məmmədovun qəbulunda olub. Yenə də Qəbələ Rayon İcra Qrupunun rəhbəri Elbrus Hacıyev məhkəmə qərarını icra etmir ki, etmir. Sabir Əliyev bu haqsızlıqlara dözməyərək yenidən Prezident İlham Əliyevə müraciət edib...

Qeyd edək ki, S.Əliyev 2013-cü ildə bir dəfə də Prezident Administrasiyasına müraciət edib. Onun ərizəsi tədbir görülmək üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə göndərilmişdi. Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalovun imzası ilə 29 noyabr 2013 - cü il tarixli, 04/11976 nömrəli məktubla Qəbələ Rayon İcra Qrupunun böyük icra məmuru (qrupun rəhbəri) Elburus Hacıyevə, surəti isə Qəbələ rayon Zarağan kənd sakini Sabir Əliyevə ünvanlanmış məktubda yazılır: “...Vətəndaş Sabir Əliyevin pul tələbinə dair məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikasının Administrasiyasından daxil olmuş və nazirliyə ünvanlanmış eyni məzmunlu müraciətləri baxılması üçün Sizə göndərilir. Hüquqları izah edilməklə nəticəsi barədə müraciət müəllifinə və Baş idarəyə cavab verilməsi tələb olunur”.

“Səndən sənə şikayətim var...”

Bu məktubun da göndərilməsindən 1 il 5 aya yaxın vaxt keçsə də, ərizəçiyə heç bir cavab verilməyib. Bəlkə də Elburus Hacıyev Baş idarəyə cavab göndərib. Kim bilir, bəlkə də yazıb ki, ərizə müəllifini çağırdım, söbət etdik və dedim ki, bu günlərdə məhkəmə qərarı icra olunacaq.

Ancaq bunu dəqiq deyə bilmərik. Dəqiq dediyimiz odur ki, şikayətçi Sabir Əliyev hələ də məhkəmənin qərarının icra olunmadığıni deyir və bu işdə isə əsas günahkarın Qəbələ Rayon İcra Qrupunun rəhbəri Elbrus Hacıyev olduğunu iddia edir. Çünki Elbrus Hacıyevin öz “qanunları” var.

Azərbaycan Prezidentinə ünvanladığı ərizədə isə şikayətçi yazır ki, Elbrus Hacıyev cavabdehlərlə, həmçinin onların vəkili və polis qohumları ilə əlbirdir. Buna görə də məhkəmə qərarı 3 ildir ki, icra olunmamış qalır. Hətta, Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Şöbəsiniin rəisi Rəhman Məmmədovun imzası ilə 26 aprel 2013 - cü il tarixli 2-1/Ə-65 və həmin idarənin böyük məsləhətçisi Siracəddin Rüstəmovun imzası ilə göndərilmiş 29 dekabr 2013 - cü il tarixli məktublar da Qəbələ Rayon İcra qrupunun rəhbəri Elburus Hacıyevə təsir etməyib...

Bəs adi bir məhkəmə qərarı niyə icra edilmir, səbəb nədir?

Maraqlıdır, görəsən, Sabir Əliyevin şikayəti nədəndir ki, üç ildir məhkəmənin qərarının icrası daşa-divara dirənib? Qəbələ Rayon Məhkəməsinin 01 dekabr 2011 - ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov, İş nömrə 2(025) - 229/2011) iddia qismən təmin edilərək cavabdehlər Əhmədov Elman Əlibala oğlundan 7537 manat və 2435 manat olmaqla cəmi 9972 manat, Məcidov Malik Yaqub oğlundan 2000 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla, Quliyev Ramin Rəhman oğlundan 1600 manat, Çələbiyev Kənan Şəfi oğlundan və Çələbiyeva Elmira Əhmədiyyə qızından, hər birindən əsas borc 600 manat olmaqla 1200 manat borc pulun alınaraq iddiaçı Əliyev Sabir Əlibala oğluna verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh tərəf vaxtı uzatmaq naminə Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə şikayət edib. Halbuki birinci instansiya məhkəməsində Sabir Əliyevə borclu olduqlarını təsdiq ediblər.

Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 mart 2013 - cü il tarixli xüsusi qərardadı ilə (sədrlik edən E.G.Rəhimov, hakimlər N.E.Məmmədov və E.H. Məmmədov, İş nömrə 2(107) - 95/2013) Qəbələ Rayon Məhkəməsinin 01 dekabr 2011- ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh tərəf bu dəfə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmənin Mülki Kollegiyasının 12 sentyabr 2013 il tarixli, İş nömrə 2(102) - 2689/13 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin olunmur və Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 mart 2013 - cü il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən qüvvədə saxlanılmışdır. Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Elbrus Hacıyevin öhdəsindən kim gəlməlidir?

Ancaq bu qərarın da Qəbələ Rayon İcra Qrupunun rəhbəri Elbrus Hacıyev üçün heç bir təsiri olmayıb. Görünür, onun öz “qanunları” var və buna görə də Prezident Administrasiyasından tutmuş Ədliyyə Nazirliyinin, hətta nazir Fikrət Məmmədovun, Nazirliyin İcra Baş idarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalovun, Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Şöbəsinin tapşırıqlarını yerinə yetirmir. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı da icra olunmamış qalır.
Bütün bunlardan sonra fikirləşirəm ki, vallah, bu Elbrus Hacıyev kimdirsə, deyəsən, qurd ürəyi yox, hətta pələng, aslan, şir... ürəyi yeyib. Azərbaycanda elə bir yüksək səviyyəli orqan qalmayıb ki, Sabir Əliyevin şikayətinin təmin olunması barədə göstəriş verməmiş olsun. Ancaq Elburus Hacıyev bunların hamısını qulaqardına vurur. Bəlkə Qəbələ Rayon İcra Qrupunun rəhbəri Elbrus Hacıyev beynəlxalq Haaqa Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını gözləyir... Onun məhkəmə qərarlarının icrasına belə saymazyana münasibəti göstərir ki, beynəlxalq məhkəmələrin qərarları da əhəmiyyətsizdir. Bəlkə Elburus Hacıyev gözləyir ki, iddiaçı Sabir Əliyev beynəlxalq təşkilatlara müraciət etsin və ölkəmizin adı insan hüquq və azdlıqlarının pozulması və məhkəmə qərarlarının icra olunmadığı ölkələr sırasına düşsün?! Yoxsa, Azərbaycanın adının beynəlxalq aləmdə yüksək yerlərdə olmasından Elburus Hacıyev qısqanclıq hissi keçirir?

Görəsən, Qəbələ Rayon İcra Qrupunun rəhbəri Elbrus Hacıyevin məhkəmə qərarının icrasına laqeyd münasibəti daha neçə il davam edəcək? Məhkəmə qərarlarının icra olunmasına belə laqeyd münasibət göstərənlər üçün cəza mexanizmi yoxdurmu? İddiaçı Sabir Əliyev bundan sonra kimlərə və hansı təşkilarlara daha neçə ərizə yazmalıdır ki, məhkəmənin qərarı icra olunsun? tezadlar