BolgeXeber.Com » Bölgə » Şamaxının yollar baxımsız vəziyyətdədir-Şikayət

Şamaxının yollar baxımsız vəziyyətdədir-Şikayət

9-05-2014, 12:40
Oxunub: 3 811 Göylər yolunun vəziyyəti sakinləri narahat edir

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində tədbirlər planı hazırlanıb və həyata keçirilir. Amma bəzən görürük ki, bəzi rayonlarda bu inkişafdan əsər-əlamət yoxdur. Rayona rəhbərlik edən şəxslər mərkəzi hissələri al-əlvan güllərə bürüsə də, yolların abadlaşdırılması istiqamətində işlər görsələr də, kənd yollarının halına sahib duran olmur. Elə bunun nəticəsidir ki, rayonlarda haqlı narazılıqlar eşidilir.

Bakıdan 122 km məsafədə yerləşən Şamaxı rayonu bu gün öz adı ilə seçilən dilbər guşələrimizdəndir. Rayonun gəzməli-görməli yerləri daim insanların diqqətini cəlb edib və turistlərin marağına səbəb olub. Amma təbii ki, gözəlliyə daha da gözəllik qatmaq olar. Lakin bunun üçün yerli məmurların iradəsi və əlaqədar nazirliklərin ciddi fəaliyyəti lazımdır. Gözlənilməməlidir ki, ölkə başçısı bu rayona səfər etsin və problemləri yerli məmurlara göstərsin ki, ondan sonra işlərə başlanılsın. Çünki bizim bəzi məmurlar adət ediblər ki, ölkə başçısının hansısa iradından sonra iş görsünlər.

Yuxarıda qeyd etdiyimiz kimi, rayonun mərkəzi hissəsinin gözəlliyinə, abadlığına söz ola bilməz. Amma mərkəzdən bir azca aralanan kimi bütün çirkinliklər üzə çıxır. Elə bu günlərdə yolumuz Şamaxıya, daha dəqiq desək, rayonun Hacıqədirli kəndinə düşmüşdü. Amma Allah bilir adıçəkilən kəndə gedib çatana kimi necə əziyyət çəkdik. Bizlərin bir dəfə getdiyi və olmazın əzab-əziyyət çəkdiyi yolu yerli sakinlər demək olar ki, hər gün getdiklərindən onların vəziyyətini başa düşmək olar. Hacıqədirli kəndinə gedən yol Göylər kəndinin ərazisindən keçir. Həmin yola isə Padarçöl yolu da deyilir. Şamaxının mərkəzindən ayrılıb bu yola daxil olan kimi qarşıda səni yaxşı sürprizlərin gözlədiyini əvvəlcədən müəyyən etməlisən. Uzun illərdir heç bir təmir işi aparılmayan, ümumişlək yol olmasına baxmayaraq demək olar ki, heç bir dəfə də asfalt görməyən bu yolda hərəkət edərkən insanın ürəyi yerindən qopub az qalır qarnına düşsün. Diqqətdən kənar qalmış bu yolu deyəsən, nə rayon İcra hakimiyyətinin başçısı, nə də digər orqanlar görmək istəyir. Əgər belə olmasaydı, mərkəzdən 500 metr məsafədə ümummilil lider Heydər Əliyevin sözləri həkk olunmuş dağın yamacının aşağı hissəsindən Göylər, Hacıqədirli, Bağırlı istiqamətində uzanan yolun vəziyyəti baxımsız qalmazdı.

Görünür, rayon icra hakimiyyətinin başçısı və bir ildən artıqdır rayona rəhbərlik edən Asif Ağayev ancaq başı başqa-başqa işlərə qarışdığından kənara çıxıb, sakinləri narahat edən problemlərin həllində maraqlı deyil. İcra başçısı digər tərəfdən isə ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı tapşırığını yerinə yetirməkdə acizdir. Əgər belə olmasaydı, ən azından kəndə aparan ara yollar təmirsiz qalmış olsa da belə, heç olmasa bir neçə kəndi, o cümlədən rayonlar arasında alternativ yol kimi istifadə olunan əsas yollar yaxşı vəziyyətdə olardı.
Bolgexeber.com