BolgeXeber.Com » Bölgə » Gəncədə ağacları belə kəsirlər-FOTO

Gəncədə ağacları belə kəsirlər-FOTO

15-05-2014, 17:40
Oxunub: 3 178 Gəncədə yaşıllıq kütləvi şəkildə məhv edilir, ağaclar ucdantutma kəsilir

Bu məlumatı Gəncə sakinləri veriblər.Sakinlərin sözlərinə görə, bu gün saat 18:00 radələrində yol kənarında olan ağacların kəsilməsinə başlanılıb. Gəncədə “DOS-6”, hərbi şəhərcik adlanan ərazidə həyata keçirilən “ağac qətliamı”na əsas kimi avtomobil yolunun genişləndirilməsi göstərilir.Hadisədən narazılığını bildirən Gəncə sakinləri bu dəqiqələrdə də davam edən ağac kəsmə əməliyyatının fotolarını çəkərək virtualaz.org saytının redaksiyasına göndəriblər. Fotolardan göründüyü kimi, yol kənarında olan ağaclar kəsilərək “KamAZ”lara yığılır.

Sakinlər ağacların kəsilməsi prosesinin sabah da davam edəcəyini deyirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Kənan Məmmədov isə virtualaz.org saytına açıqlamasında dedi ki, ərazidə heç bir ağac kəsilməsindən söhbət getmir: “Həmin ərazidə heç bir ağac kəsilməyib. Sadəcə olaraq yolun kənarında olan və avtomobillərin hərəkətinə maneçilik törədən ağacların budaqları kəsilib, qanunsuz olaraq hasarlanan ərazilər sökülüb. Bir ağac belə kökündən çıxarılmayıb”.

Qeyd edək ki, prezident İlham Əliyev bu günlərdə keçirdiyi müşavirədə tikinti-abadlıq işləri aparmaq bəhanəsi ilə ağacların kəsilməsini “vicdansızlıq və cinayət” adlandırmışdı.