BolgeXeber.Com » Bölgə » Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonu tərk etdi

Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonu tərk etdi

16-05-2014, 20:35
Oxunub: 3 165 Daşkəsənin icra başçısı yerli su idarəsinin müdirinin əlində aciz qalıb.

Əhəd Abıyev şikayətçiləri qəbul etməmək üçün rayonu tərk edib, adı açıqlanmayan rayon rəhbəri isə işdən çıxarıla bilər İki rayonun icra başçısı ilə bağlı maraqlı məlumatlar yayılıb. jam.az-ın elektron poçtuna daxil olan məlumatda deyilir ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev bu gün rayonda yaşanan su problemi ilə əlaqədar şikayətçiləri qəbul edəcəkmiş.

Yerli su idarəsinin müdiri Pənah adlı şəxsin özbaşınalıqlarından bezən camaat icra başçısından onunla bağlı tədbir görməsini tələb edəcəklərmiş. Lakin məsələdən xəbər tutan Daşkəsənin icra başçısı təcili olaraq rayonu tərk edərək, Bakıya gəlib.

Sakinlərin verdiyi məlumata görə, elə rayon Su İdarəsinin rəisi Pənah müəllim də bundan arxayın olaraq, camaatın qarşısına çıxıb və onların heç nə edə bilməyəcəyini bildirib. Bu da camaatın daha da qəzəblənməsinə səbəb olub. Lakin araya girən şəxslər qısa müddətdə ortalığı sakitləşdiriblər.

Rayon sakinləri bildirirlər ki, su idarəsinin müdiri rayonda öz bildiyini edir. Camaata verilməyən suya görə pul tələb edir və zorla da olsa onu alır.

Bundan əlavə, Pənah müəllim həm də Qarabağ əlilləri üçün inşa edilmiş Qarabağ Evini də ələ keçirərək, öz məqsədləri üçün istifadə edir. Edilən şikayətlərə isə baxan yoxdur. Rayon sakinləri deyir ki, idarə müdirinin bu şəkildə əmin-arxayın özbaşınalıqla məşğul olması elə icra başçısı Əhəd Abıyevə güvənməsi ilə bağlıdır.