BolgeXeber.Com » Bölgə » Lənkəran təhsil şöbəsinin müdirindən açıqlama

Lənkəran təhsil şöbəsinin müdirindən açıqlama

20-05-2014, 09:35
Oxunub: 2 886 Şahanə Əhmədova: «Haqqımda yazılanların heç bir həqiqət deyil, yalan və böhtandan ibarətdir»

Son dövrlər mətbuatda Lənkəran şəhər təhsil şöbəsinin müdiri Şahanə xanım Əhmədovanın əleyhinə bir sıra məlumatlar yayılır, onun haqqında həqiqətə uyğun olmayan informasiyalar dövriyyəyə buraxılır. Bu məqsədlə Bolgexeber.com saytına açıqlama verən Şəhanə Əhmədova bildirib ki, onun haqqında səsləndirilən fikirlər yalan və böhtandan başqa bir şey deyil.

O qeyd edib ki, məqsədli şəkildə dövriyyəyə buraxılan bu məlumatları yayanların məqsədi təkcə onun deyil, ümumilikdə təhsil sahəsində indiyə qədər görülən işlərə qara yaxmaq, kölgə salmaq niyyəti güdürlər. «Mən əminliklə deyirəm ki, bu bizim uğurlarımızı gözü götürməyənlərin işidir. Son illər Lənkəran təhsili yüksək sürətlə inkişaf edir. Yeni-yeni məktəblərin inşası, dərslərin keyfiyyətinin artırılması, davamiyyət və təlim-tərbiyyə işlərinin gücləndirilməsinin nəticəsidir ki, hər il ali məktəbə daxil olan gənclərimizin sayı artmaqdadır. Təkcə Azərbaycanın ali məktəblərində deyil, xarici universitetlərdə də təhsil alan fəxrlərimizin sayı artmaqdadır».

Şahanə Əhmədova bildirir ki, bəzən onun haqqında yazılan yalana özü də təəccüb edir. Məsələn, onun Lerik rayonuna icra başçısı təyin olunacağı ilə bağlı deyilən fikirlərin təpədən-dırnağa absurd bir şey olduğunu vurğulayır. «Mənim üzərimə düşən vəzifələr var. Bu gün Lənkəran təhsilini idarə etmək mənə həvalə olunub. Bu işin öhdəsindən maksimum dərəcədə gəlməyə çalışıram ki, doğma rayonumuza töfhə verə bilim. Mənim hər hansı bir rayonun icra başçısı olmaq kimi niyyətim, məqsədim və həvəsim yoxdur. Belə məlumatları yayanlar mənimlə rayon rəhbərliyinin münasibətlərinə xələl gətirmək istəyənlərdir. Onlar arzularına çatmayacaqlar».

Lənkəran təhsil şöbəsinin müdiri sonda bildirib ki, bütün bu yazılanların onun fəaliyyətinə zərrə qədər təsiri yoxdur. Şahanə Əhmədova indiyə qədər həyata keçirdiyi layihələri, bundan sonra da davam etdirəcək. «Bizim məqsədimiz qurub, yaratmaqdır. Gənc nəslə tərbiyyə verməkdir. Onlara təhsil verməkdir. Haqqımızda böhtan, yalan, uydurma xəbərlər yayanlar isə dağıtmaq, uçurtmaq fikrində olanlardır. Biz belə mənfi adamların təsirinə uyub əlimizi işimizdən soyutmayacağıq. Naliyyətlərimizi daha da artıracağıq».