BolgeXeber.Com » Bölgə » Sabirabadda feodal istehsal üsulu... - (Fotolar)

Sabirabadda feodal istehsal üsulu... - (Fotolar)

5-06-2014, 09:30
Oxunub: 4 064 Artıq bir neçə gündür ki, Sabirabada Muğan düzündəki əkin sahələrinə verilən su qəfil kəsilib.

Bu barədə "Yeni Müsavat"a rayonun Cəngən, Muğangəncəli, Təzəkənd və Həşimxanlı kəndində yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Muğandakı əkin sahələrinə gedən beton su kanalı quruyub. Onlarla problemlə bağlı rayon icra hakimiyyətində aidiyyatı şöbələrə müraciət etdiklərini bildiriblər. Sakinlərin iddiasına görə, rayon icra hakimiyyətindən bildiriblər ki, Kür çayının səviyyəsi aşağı düşdüyündən su nasoslarının fəaliyyətində bəzi problemlər yaranıb.
Muğangəncəli kəndinin sakini Alqış Hüseynovun sözlərinə görə, Kür çayının səviyyəsinin düşməsi doğrudur, amma...: "Bu, nasosların fəaliyyətinə heç bir təsir göstərmir. Biz özümüz "Damba" deyilən əraziyə getdik, su nasoslarını öz gözümüzlə gördük. Normal işləyirlər. Betondan tikilən kanallardan da su axır. Suyun təzyiqi də güclüdür. Amma nədənsə dəmiryolundan sonra kanalın paylayıcı qapısını bağlayıblar. Su Muğan düzündə kəndlilərin əkin sahələrinin yerləşdiyi Padarçölünə buraxılmır. Bunun əvəzində beton kanalı yararaq əlavə su xətləri çəkilib. Muğanda hektarlarla ərazini məmurlar öz aralarında bölüşdürüblər".



Kənd sakininin sözlərinə görə, Muğanda hazırda məmurların əkib-becərdiyi torpaqlar kəndlilərdən zorla alınıb: "Rayonun bütün kəndlərində əhaliyə pay torpağı ayrılıb. Hamının da sənədləri qaydasındadır. Vaxtlı-vaxtında vergini, su pulunu və digər dövlət rüsumlarını ödəyirik. Artıq iki ilə yaxındır ki, hər əkin mövsümü bizim başımıza bu cür oyun açırlar. Nəticədə hektarlarla əkin sahəmiz quruyur. Onsuz da kəndlilər banklara boğaza kimi borcludur. Əkindən qazandığımız 5 manatı da aparıb banka ödəyirik. Vəziyyət o yerə çatıb ki, camaata hədə-qorxu gələrək əllərindəki əkinə yararlı sahələri zorla alırlar".

Təzəkənd sakini İmran Hüseynov isə Sabirabadın feodalizm dövrünə qayıtdığını bildirdi: "Feodalizm dövründə necə idi? Kəndlini torpağını zorla əllərindən alıb özlərini də qul kimi işlədirdilər. Axırda da acından ölməməsi üçün bir-iki tikə çörək verirdilər. İndi Sabirabada əsl feodalizm hökm sürür. Suyu kəsib deyirlər ki, torpağı mənə sat. Satmırsan, min bir əziyyətlə əkib-becərdiyin məhsulun zay olur. Bu dəqiqə kənd təsərrüfatını elə bir günə salıblar ki, fermerlə borcun içində batır. Adicə kəndliyə lizinq yolu ilə satılması nəzərdə tutulan kombaynları belə öz qohum-əqrəbalarına paylayıblar. Əvvəllər kənddə 5-6 kombayn var idi. Hektarı 30 manata biçirdi. Təzə kombaynları kimə paylayıblar - bilmirik. Nə də ki, onları heç kəs tanımır. Hektarı 50 manatdan aşağı biçmirlər. Keçən dəfə qonşuluqdakı sahədə bir nəfər arpasını oraqla biçirdi. Sizcə, bu, nə deməkdir?"

Su üzünə həsrət qalan kəndlilər bildirdilər ki, problemlə bağlı Sabirabad Rayon İcra Hakimiyyətində qəbulda da olublar. Sakinlərə bildirilib ki, kəndlərə, xüsusilə əkin sahələrinə suyun verilməsi ilə bağlı heç bir problem yoxdur.

Həmin görüşdə iştirak edən Aydın Quliyevin sözlərinə görə, icra hakimiyyətindən onlara bildirilib ki, əgər belə hallar varsa, onlar mütləq cəzalandırılacaqlar: "Başçısının müavini bizə dedi ki, heç kəsin suyu kəsməyə ixtiyarı yoxdur. O bildirdi ki, bununla bağlı komissiya yaradılacaq və həmin ərazilərə baxış keçiriləcək. Əgər belə bir hal aşkarlansa, səbəbkarlar ən sərt şəkildə cəzalanacaqlar".
Bolgexeber.com