BolgeXeber.Com » Bölgə » Sumqayıtın icra başçısının başı dərddə

Sumqayıtın icra başçısının başı dərddə

6-06-2014, 11:35
Oxunub: 4 447 Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bir ara mətbuata əmin-arxayın açıqlamalar verməsilə diqqətə gələrdi

Məsələn, ayrı-ayrı KİV-lərin onun hansısa yüksək posta təyin ediləcəyi haqda yazılanlara verdiyi reaksiyası hələ də unudulmur. Eldar Əzizov bu kimi media xəbərlərinə belə reaksiya vermişdi: «Jurnalistlər mənim daha yüksək vəzifəyə təyin olunacağımı yazırlar… Başqa heç nə yaza bilmirlər»…

Bununla sanki Eldar Əzizov aydan arı, sudan durru olduğu barədə təəssürat yaratmağa çalışırdı. Amma onun həm Gəncə ŞİH-ə rəhbərlik etdiyi dönəmlərdə və həm də bu gün Sumqayıtın icra başçısı postunda olduğu indiki ərəfədə hansı qanunsuzluqlara yol verdiyi barədə qalaq-qalaq materiallar yazılsa da, Eldar Əzizov nəinki bunları görməməzlikdən gəlir, hətta qulaqardına vurmaqla, çox ciddi dairələrin himayəsi altında olduğunu da hiss etdirir.

Xatırladaq ki, bir neçə gün əvvəl Eldar Əzizovun Gəncədəki əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunduğu haqda informasiya vermişdik. Bildirək ki, tarixçilərimiz Gəncənin sabiq, Sumqayıtın indiki icra başçısını 43 tarixi kəhrizi məhv etməkdə ittiham edərək, onunla bağlı ölçü götürülməsini tələb edirlər.

Bu arada isə Eldar Əzizovla bağlı daha bir ilginc informasiya yayılıb. Hökumət içindəki mötəbər mənbələrdən verilən xəbərdə qeyd olunur ki, Sumqayt ŞİH başçısı bir müddət əvəl müavinlərindən birini işdən azad etmək barədə qərar versə də, sonradan bu qərarını geri oxumalı olub.

Mənbənin söylədikləri: «Eldar Əzizov Sumqayıt ŞİH-də əsas fiqurlardan birini, hər zaman hakimiyyətə aid «tədbirləri» həyata keçirən ən «ağır arsenalı» görəvindən almaq fikrinə düşür. Hər halda, Eldar Əzizov düşünür ki, bir şəhərdə iki qoç ola bilməz. Amma yanılır.

Qısa müddət içində Eldar Əzizova Prezident Administrasiyasından durumu başa salırlar və o, işdən qovduğu müavinini yenidən vəzifəsinə qaytarmalı olur. Amma bununla bərabər özünə qarşı həm yeni cəbhə açır, həm də Sumqayıtdakı reputasiyasını təhlükə altına atır. Ən əsası isə o olur ki, bu hesablanmamış qərarı həm də onun özünün yola salınması üçün «yuxarılar»a düşünmə bəhanəsi verib».

Onu da bildirək ki, məlumatlı mənbə həmin «sirli müavin»in kimliyi barədə əlavə bilgilər verməyib. Araşdırmalarımız davam edir. Bizi izləməkdə davam edin…
Dia.az