BolgeXeber.Com » Bölgə » Ağsuda vəzifələr başçının qohumları arasında bölüşdürülüb

Ağsuda vəzifələr başçının qohumları arasında bölüşdürülüb

11-06-2014, 13:05
Oxunub: 3 072 Ənvər Seyidəliyevin kadr siyasəti narazılıq yaradır.Ağsu rayonundakı sosial problemlər dözülməz həddə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bir sıra qohumlarının yüksək vəzifələrə təyinat almasından özü üçün maksimum faydalanmağa çalışır. Bununla bağlı əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Ənvər Seyidəliyev bir ara rayondan paytaxta edilən şikayətlərin özü üçün yaxşı nəticələnməyəcəyi qənaətində imiş. Amma yaxın qohumlarının bir sıra mühüm vəzifələrdə qərarlaşması onu arxayınlaşdırıb. Sakinlər bildirirlər ki, rayonun inkişafı birtərəflidir. Ənvər Seyidəliyev doğulduğu Pirhəsənli kəndinin inkişafına xüsusi diqqət ayırır, amma digər kəndlərdə işsizlik, sosial problemlər baş alıb gedir.

«Pirhəsənli də Ağsunun kəndidir, ora da vətənimizdir. Ancaq biz ayrı-seçkiliyin, yerdə qalan bütün kəndlərin əhalisinin yad hesab olunmasının əleyhinəyik, buna qarşıyıq» - deyə sakinlər şikayətlənirlər: «Olmaya rayonda başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq üçün savadı, qabiliyyəti yoxdur? İcra başçısının qohumları rayonda ağalıq edirlər, özlərinə yaxın adamlardan başqa heç kimi insan hesab eləmirlər.

Ənvər Seyidəliyevin yaxın qohumu 90 min dollar dəyərində olan avtomobildə gəzir. Bir avtomobili 3 aydan artıq istifadə etmir, üç ay tamam olan kimi yenisini alır. Ağsunun 70 kəndinin əhalisinin əksəriyyəti isə balasını çörəklə təmin edə bilməmək həddində səfalət içində yaşayır. Sakinlərin sözlərinə görə, «Kapitalbank»ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. İcra başçısının başqa bir qohumu Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisidir. Sakinlər deyir ki, o, qohumuna arxalanıb hər cür işlərlə məşğuldur. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov da icra başçısının qohumudur. Rayonun bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Yeri gəlmişkən, Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir.

Ağsu Kommunal Təsərrüfat Birliyinin rəisi icra başçısının yaxın qohumudur. Rayon əhalisi icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qohumları tərəfindən haqsızlıqlarla üzləşirlər. Rayondakı vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, artıq bütün rayon icra başçısının qohumları arasında bölünüb və icra başçısının hər bir qohumu ayrı-ayrı vəzifələri ələ keçirib. Qeyd etdiyimiz kimi, icra başçısı rayonun bütün inzibati ərazilərini və iqtisadi sahələrini öz qohumları arasında bölüşdürüb.

Hazırda rayondakı vəziyyət elədi ki, hər kəs rayon rəhbərinin qohumlarının dediyi kimi durmalı, dediyi ilə oturmalıdır. Məlumata görə, yürüdülən bu cür siyasət rayonda əsas giley-güzar yaradan səbəbə çevrilib. Ənvər Seyidəliyevin bəzi qohumları isə rayonda istədikləri kimi hərəkət edə bilir, bəzi insanları incitməklə məşğul olurlar. İcra hakimiyyəti isə öz qohumlarına qarşı tədbir görmək əvəzinə, onlara hər cür dəstək verir və sosial ədalətsizliyin müdafiəsinə çevrilir.

Sakinlər deyirlər ki, icra başçısının rayonda yüksək vəzifələr tutan və Ağsunu inzibati və iqtisadi sahələr üzrə paylaşdırdığı bir neçə qohumları tam arxayın şəkildə hərəkət edirlər. Rayonda fəaliyyət göstərən bəzi banklara da icra başçısının qohumları nəzarət edir. Bütün bunlar onu göstərir ki, Ənvər Seyidəliyevin kadr siyasəti rayon sakinlərinin haqlı narazılığı ilə qarşılanır.

gundelik-baku.