BolgeXeber.Com » Bölgə » Şirvan sakinləri Ziya Məmmədovdan imdad diləyir

Şirvan sakinləri Ziya Məmmədovdan imdad diləyir

11-06-2014, 16:15
Oxunub: 3 180 Dəmir yolunun təhkim zolağında yerləşən avtovağzalın ləğvi gündəmdədir

Qəzetimizin əvvəlki saylarında Şirvan şəhərində qeyri-qanuni olaraq fəaliyyət göstərən avtovağzal haqqında məlumat vermişdik. Məsələdən xəbəri olmayan oxucularımız üçün bildirək ki, 73 yaşlı Misirxan Şirəliyev pensiya yaşını keçməsinə baxmayaraq, bu yaşında özünə biznes qurub və Şirvan ticarət mərkəzinin yaxınlığında dəmir yolunun mühafizə zolağında qanunsuz avtovağzal təşkil edib. Bu barədə bir sıra faktları ortaya qoysaq da, Misirxan Şirəliyevin rəhbərlik etdiyi avtovağzal fəaliyyətini bu gün də davam etdirir.

Rayon sakinlərindən əldə etdiyimiz ən son məlumatlara görə, avtovağzal müdiri ölkənin müvafiq qanunlarını ayaq altına ataraq özbaşına işlərlə məşğul olur. Adının çəkilməməsini xahiş edən mənbə bildirdi ki, pensiya yaşını keçən sahibkar dəmir yolunun təhkim zolağını zəbt edib avtovağzal yaratmaqla bura gələn insanların həyatını təhlükə qarşısında qoyub: «Vətəndaşlar uzun müddət Şirvanın bütün qanuni sənədləri olan avtovağzalından istifadə ediblər və bundan məmnun qalıblar. Son vaxtlar isə Misirxan müəllim ticarət mərkəzinin yaxınlığında dəmir yolu xəttinin düz yanında avtovağzal yaradıb. Onun rəhbəri olduğu avtovağzalın heç bir sənədi yoxdur. Burda nə gözləmə zalı, nə sərnişinlərin istirahət etməsi üçün otaqlar, nə də digər zəruri avadanlıqlar var. Qanuni avtovağzalda hər cür şərait var. Geniş əraziyə malik olan həmin avtovağzal bütün standartlara cavab verir. Misirxan Şirəliyevin həyata keçirdiyi qanundankənar əməllər bu avtovağzalın işinə mənfi təsir göstərir. Belə ki, sahibkar sakinləri öz avtovağzalına yönəldir. Yerli əhalinin yetərli hissəsi dəmir yolunun mühafizə zolağında yerləşən avtovağzalın ləğvini tələb edir. Bununla bağlı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə şifahi şəkildə dəfələrlə müraciət edilib. Lakin heç bir tədbir görülməyib. Mövcud qanunvericiliyə əsasən dəmir yolunun sanitar qovşağına düşən ərazilərdə heç bir kommersiya obyekti tikilə bilməz. Misirxan müəllim qanun-filan tanımır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin yerli şöbəsinin əməkdaşları 73 yaşlı sahibkardan «şirinlik» alıb onun fəaliyyətinə göz yumurlar. Bu insanlar başa düşmür ki, dəmir yolunun təhkim zolağında təşkil edilən avtovağzalda hər saniyə bədbəxt hadisə baş verə bilər. Misirxan Şirəliyevin avtobuslarını yığdığı «setka» bazara gələn müştərilərin avtomobillərini saxlaması üçün nəzərdə tutulub. Ki, yolda tıxac yaranmasın. İş adamı isə həmin ərazini zəbt edib». Mənbə vurğulayır ki, vətəndaşların bir çoxu avtovağzalın işinin dayandırılması tələbi ilə Misirxan Şirəliyevin özünə də müraciət ediblər. Avtovağzal müdiri onlara ağır cavab verərək yanından qovub: «O, açıq-aşkar şəkildə qanunsuz sərnişindaşıma ilə məşğul olur. Burda fəaliyyət göstərən sürücülər tibbi müayinədən keçirilmir, üstəlik, əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Özü də sürücülərin bir neçəsi təcrübəsizdir.

Aidiyyəti qurumların nümayəndələri bir gün vaxt ayırıb burda yoxlama aparsa, dəhşətli qanun pozuntularının şahidi olarlar. Digər tərəfdən, avtovağzaldakı avtobusların demək olar ki, hamısı istismar müddətini başa vurub. Nəqliyyat və Fövqəladə Hallar nazirliklərinin rəsmiləri sərnişin daşıyan avtobusların qazla işləməsinə qadağa qoyublar. Misirxan Şirəliyev buna məhəl qoymayaraq avtovağzaldakı bəzi avtobusların qazla işləməsinə şərait yaradıb. Hərəkət zamanı həmin avtobuslarda partlayış baş versə, sərnişinlərin tikəsi ələ gəlməz. Bu qədər qanunsuzluqlar mövcud olduğu halda iş adamının barəsində lazımi tədbirlər görülmür. Şirvanlıların əsas tələbi bu avtovağzalın ləğv edilməsidir. Artıq səbr edə bilmirik. Heç bir rayonda dəmir yolunun mühafizə zolağında avtovağzal təşkil edilməyib. Misirxan Şirəliyev bu cür əməllərə imza atmaqla camaatı yuxarılardan incik salmağa çalışır.

Hörmətli nazir Ziya Məmmədova və «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov cənablarına müraciət edib onlardan imdad diləyirik. Biz yüz faiz əminik ki, nazirin və cəmiyyət sədrinin avtovağzalın fəaliyyətindən xəbəri yoxdur. Qəzet vasitəsilə hər iki vəzifəli şəxsdən xahiş edirik ki, insanları ölümün pəncəsinə atan Misirxan Şirəliyevin rəhbəri olduğu avtovağzalın bağlanması haqqında göstəriş versinlər. Belə bir addım atılsa, Şirvan sakinləri rahat nəfəs alacaq». Ümidvarıq ki, Ziya Məmmədov və Arif Əsgərov yazını oxuyandan sonra müvafiq yoxlama komissiyası yaradıb 73 yaşlı biznesmenin qanunsuz fəaliyyət göstərən avtovağzalının bağlanması barədə qərar verəcəklər.

Qarşı tərəfi də dinləyə bilərik.