BolgeXeber.Com » Bölgə » İsmayıl Vəliyevdən sahibkarlığın inkişafına böyük zərbə

İsmayıl Vəliyevdən sahibkarlığın inkişafına böyük zərbə

14-06-2014, 14:55
Oxunub: 2 880 Neftçalanın icra başçısı yerli iş adamlarının fəaliyyətinə yersiz müdaxilələr edir

Vətəndaşlar prezidentin rayonun abadlaşması üçün ayırdığı vəsaitlərin taleyindən nigarandır

Prezident İlham Əliyev ötən ay Neftçala rayonuna etdiyi səfər zamanı rayonda həyata keçirilən abadlıq-quruculq işlərindən öz razılığını dilə gətirmişdi. «Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır. İstərdim ki, hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır.

Hər bir rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır. Biz bu gün – müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik. Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bu gün burada olarkən bir daha regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır», deyə ölkə başçısı vurğulayıb. Qeyd edək ki, prezidentin Neftçalaya səfərindən əvvəl və sonra yerli sahibkarlar müxtəlif formalı təzyiqlərə məruz qalıblar. Əldə etdiyimiz məlumatlara görə, icra başçısı ötən müddət ərzində rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə büdcədən ayrılan vəsaitləri şəxsi maraqlarına sərf etdiyindən Neftçalanın mərkəzi küçələrinin abadlaşdırılması, səkilərin boyanması, ağacların rənglənməsi, sıradan çıxmış yollara asfalt örtüyünün çəkilməsi və bu kimi digər işləri ayrı-ayrı sahibkarlara gördürüb. Bu barədə bir qədər sonra. Qısaca bildirək ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Prezidentin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2011-ci ildən bu günə kimi Neftçalaya rəhbərlik edir. Etibarlı mənbələrin bildirdiyinə əsasən, rayonda nəzərə çarpan bəzi gözəl mənzərələr aldadıcı ola bilər: «Son üç il ərzində rayonda sürətli inkişaf müşahidə olunmayıb. İcra başçısı və digər vəzifələrdə çalışan bəzi məmurlar özbaşına əməllərə imza ataraq ciddi problemlərin meydana çıxmasına səbəb olublar. İsmayıl Vəliyev prezidentin rayonumuza səfəri zamanı özünü elə apardı ki, guya onun yerli əhali ilə münasibətləri çox yüksək səviyyədədir. Halbuki, sakinlər aylarla icra başçısının qəbuluna düşə bilmir. O hər hansı məsələlərlə bağlı problemi olan insanların şikayətinə qulaq asmaq istəmir. Rayonun yalnız mərkəzi hissələrində abadlıq işləri gözə dəyir. Kənd yerlərində isə durum olduqca acınacaqlıdır. Şəhərin mərkəzindəki işləri yerli iş adamları öz maliyyə imkanları hesabına həyata keçiriblər. 2011-ci ildən indiyədək dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin hansı işlərə sərf edildiyi dəqiq bilinmir. Təəssüf ki, Maliyyə Nazirliyinin və Hesablama Palatasının nümayəndələri bu məsələni diqqətdən qaçırıblar. Neftçala camaatının bir hissəsi işsizlik ucbatından Bakıya axışır. İşsizlik ciddi problemə çevrilib». Verilən məlumata görə, büdcədən maliyyələşən yerli təşkilatlar, o cümlədən özəl müəssisələrin rəhbərləri hər ay başçının qəbuluna girib onunla «hal-əhval» tuturlar: «Buna görə də rayon rəhbəri həmin məmurlara və müəssisə rəhbərlərinə «gözün üstə qaşın var» demir. Başçı azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incidir. İş adamları məcburi qaydada təmir-tikinti işlərinə cəlb edilirlər. İsmayıl müəllimin göstərişlərinin əksinə gedən şəxslər sıxışdırılır. Prezident Neftçalaya səfərindən sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə vəsait ayırdı. Yerli əhali həmin vəsaitlərin gələcək taleyindən nigarandır. Başçını yaxşı tanıyırıq və bilirik ki, o həmişə olduğu kimi, bu dəfə də büdcə vəsaitlərinin axırına çıxacaq». Mənbə vurğulayır ki, İsmayıl Vəliyevin yersiz müdaxilələri Neftçalada sahibkarlığın inkişafına mane olur: «Ətraf rayonlarla müqayisədə Neftçalada sahibkarlıq ləng inkişaf edir. İcra hakiminin adamları dolanışığını balıqçılıqla təmin edən şəxslərə sanki qənim kəsiliblər.

Dənizə girən hər balıqçıdan ayda filan qədər haqq alınır. Ümumiyyətlə, rayon ərazisində fəaliyyət göstərən bütün ticarət obyektlərinin sahibləri hər ay başçını «görür». Bu «qayda»ya əməl etməyənlər heç vaxt rahat işləyə bilməz. Kəsəsi, başçı yerli sahibkarlara süni problemlər yaradır». Deyilən fikirlərlə bağlı icra başçısının da münasibətini öyrənmək istədik. Lakin Rayon İcra Hakimiyyətinin 0212634353 nömrəli telefonuna gün ərzində dəfələrlə zəng vurmağımıza baxmayaraq, cavab verən olmadı. İnanmaq istərdik ki, icra hakimi fəaliyyətindəki nöqsanları tez bir zamanda aradan qaldırıb sahibkarlığın inkşafına şərait yaradacaq.Gündəlik Bakı

Qarşı tərəfi də dinləyə bilərik.