BolgeXeber.Com » Bölgə » Nəsib Məhməliyev torpaq alverini qardaşına tapşırıb

Nəsib Məhməliyev torpaq alverini qardaşına tapşırıb

25-06-2014, 12:15
Oxunub: 2 692 Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nəsib Məhəməliyev müxtəlif KİV-lərə fəaliyyətinin tam şəffaf olması ilə bağlı açıqlama versə də, onun işindən narazı olanların sayı minlərlədir. Heç uzağa getmək lazım deyil. Onun icra başçısı olduğu rayonun sakinləri yaşıllıqların qırılmasından, torpaqların qanunsuz olaraq satılmasından, o cümlədən üzləşdikləri məmur özbaşınalıqlarından şikayət edirlər.

Özümüz də şahidiyik ki, icra hakiminin qanunsuz torpaq satışı və digər qaranlıq əməlləri ilə bağlı mətbuatda dəfələrlə Nəsimi sakinlərinin müraciəti dərc olunub. Vətəndaşların müxtəlif dövlət qurumlarına şikayət etməsinə rəğmən, adıçəkilən məmur Nəsimi rayonunda qanunsuz torpaq satışını davam etdirməkdədir. Apardığımız müşahidələr göstərdi ki, hazırda rayonun əksər hissələrində ağaclara qarşı amansız mövqe nümayiş olunur ki, bu işin də başında məhz icra başçısı dayanır. Onun qanunsuz fəaliyyəti və vəzifəsinə yetərincə məsuliyyət göstərməməsi nəticəsində hazırda 3-cü mikrorayan dairəsi yaxınlığında, daha dəqiq desək, Memar Əcəmi metrostansiyasının yaxınlığında, eləcə də digər qəsəbələrdə ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır.

Qeyd edək ki, yaşıllıq sahələrinin səhralaşdırılması mexanizmi çox sadədir. Bu barədə Dia.az-a danışan icra hakimiyyətindəki mənbə ilginc faktları açıqladı: «Belə ki, ağacları gecə saatlarında kəsib ertəsi gün yerində obyektin təməlini qoyurlar. Rayonun biznes üçün uyğun olan ərazilərində bir sot torpağın qiyməti 30-40 min manat arasında dəyişir. İcra başçısı torpaqları qarış-qarış sataraq özünə sərvət yığır».

Məlumatda həmçinin bildirilir ki, Nəsib Məhəməliyev Nəsimi ərazisindəki torpaqları qardaşı Yusif Məhəməliyevin vasitəsi ilə satır. Rayon sakinləri ağacların məhv edilməsinə etiraz olaraq başçıdan yuxarılara çoxsaylı şikayətlər etsələr də, icra hakimiyyəti başçısı bu əməllərinə son qoymaq niyyətində deyil. Hər halda görünəni budur...

Redaksiyamıza məlumat verən mənbə onu da əlavə etdi ki, bu günlərdə rayondakı məşhur parkların birinə “hücum ediləcək”: “Belə eşitmişəm. Bilmirəm hansı parkdır, amma müavinlərdən birinin sözündən belə eşitdim ki, icra başçısı həmin parkın yarısını nazirlərdən birinə satıb. Yaxın günlərdə həmin parkda yaşıllıqlar məhv ediləcək, adını da abadlıq qoyacaqlar”.