BolgeXeber.Com » Bölgə » Ağcabədidə bələdiyyə sədrindən müdhiş özbaşınalıq

Ağcabədidə bələdiyyə sədrindən müdhiş özbaşınalıq

27-06-2014, 02:25
Oxunub: 3 585 Alı İsmayılov vətəndaşın torpağını satıb

Ağcabədidə görünməmiş məmur özbaşınalığının yaşandığını xəbər vermişdik. Bildirmişdik ki, rayon bələdiyyəsinin sədri və digər məmurlar köməksiz qadının torpağını mənimsəyərək «bələdiyyə torpağı» adı altında satıblar. Bələdiyyə sədri Alı İsmayılovun qanunvericilikdəki boşluqlardan sui-istifadə edib vətəndaşlara ziyan vurması rayonun neçə-neçə sakininin haqlı narazılığına səbəb olur. Məhz bu məmurun fəaliyyətindəki nöqsanlar səbəbindən rayon sakinləri bir çox problemlərlə üzləşirlər. Alı İsmayılov yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir və əldə olunan gəlirlər vətəndaşların rifahına yönəldilmir.
Ağacəbi rayon sakinlərindən birinə məxsus torpaq sahəsi bu qurumun əliylə başqa şəxs tərəfindən mənimsənilməsi Alı İsmayılovun növbəti özbaşınalıqlarından biridir. Rayon sakini, hazırda paytaxtda yaşayan Əfşan Məmmədova bildirir ki, Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov rayonun digər məmurları ilə əlaqəyə girərək atasından ona miras qalmış torpaq sahəsini mənimsəyib. Rayona qayıdarkən valideynindən miras qalmış torpağın saxta sənədlərlə satıldığının şahidi olan qadın ölkəmizin ayrı-ayrı dövlət strukturlarına müraciət etmək məcburiyyətində qalıb. Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Notariat Kontorunun müdiri A.Şirinov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev əlbir olaraq bu özbaşınalığa qol qoyublar: «Rayona qayıdanda nəinki evimin, hətta torpaq sahəsinin də satılmasının şahidi oldum.
Həyətdə oturmuşdum, bir də gördüm ki, Namiq İsmayılov adlı sakin evə müştəri gətirib. Əvvəllər narkoman olduğu deyilir, indi isə namaz qılır, Hacı olub. O, mənim qardaşımla dostdur. Moskvada dostluq ediblər. Dedi ki, bu həyəti satıram. Soruşdum ki, xeyir ola? Cavab verdi: - mən buranı Hafizdən - yəni mənim qardaşımdan alıb. Bura mənimdir - iki mərtəbəli daş ev və bir neçə sotluq həyətyanı sahə. Ümumi həyətyatı sahə 11 sotdur. Atam Arif Məmmədov 1964-cü ildə həmin həyəti alıb. Həmin torpaq əvvəllər başqa şəxsə malik olub».
Onun sözlərinə görə, bir sıra yüksək vəzifəli şəxslər tamah məqsədilə korrupsiya əməli törədərək saxtakarlıq ediblər. Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Notariat Kontorunun müdiri A.Şirinov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev Ağacabədi şəhəri Hüsü Hacıyev küçəsi, 18 ünvanında yaşayan Namiq Qurban oğlu İsmayılovla əlbir olaraq qardaşı Hafiz Arif oğlu Məmmədovun «razılığı» ilə atasından miras qalmış mülkdə onun payı olan torpağı hərrac keçirmədən «bələdiyyə» torpağı kimi Namiq İsmayılova satıblar: «Bundan başqa iki mərtəbəli evimizi Namiq İsmayılova «bağışlayıblar». Beləcə Alı İsmayılov, A.Şirinov və Abbas Süleymanov mənim vərəsə olduğumu billə-bilə saxtakarlığa əl atıblar. Beləcə Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov Ağcabədi rayonunun mərkəzində Heydər Əliyev prospekti 48 ünvanında 11 sot torpağımızın 6 sotunu qeyri-qanuni şəkildə, mənim razılığım olmadan satıb. 6 sotu sənədləşdirərək 6,2 sotu satıb. Halbuki onun buna ixtiyarı yoxdur. Torpaq bizimdir, lakin Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov razılığımız olmadan atamdan miras qalan ərazini satışa çıxarıb. Həmin alqı-satqı prosesində mənim heç bir imzam, razılığım olmayıb.
Hal-hazırda bu iş Ağcabədi Rayon Məhkəməsi tərəfindən araşdırılır. Bu qanunsuzluğun araşdırılması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Respublika Baş Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm. Bu qanunsuzluğun başında Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev dayanır.
Məhz həmin şəxslər sənədli torpağımı «bələdiyyə torpağı» kimi sənədləşdirərək Namiq İsmayılova satıblar. Sənəddə qeyd ediblər ki, guya qardaşımla evi şərikli tikdirib. Halbuki qardaşımla evi şərikli şəkildə mən tikdirmişəm. 11 sot torpağımızın 6 sotunu Ağcabədi bələdiyyəsinin torpağı kimi sənədləşdiriblər. Satılmış 6 sotluq torpaq sahəsində qardaşımla mən 1996-1998-ci illərdə ikimərtəbəli daş ev tikdirmişəm. Mən Ağcabədi rayonunda dünyaya gəlmişəm və orda yaşamışam. 1985-ci ilə qədər Ağcabədidə yaşamışam. 1985-ci ildə ailə qurduqdan sonra Bakıya köçdüm. Lakin hər yay fəslində rayonda dincəlirdim. Bunu deməkdə məqsədim odur ki, mənim həmin rayon sakini olmağım və orada yaşamağımı hər kəs bilir. Bu yay Ağcabədiyə, evimə getdim, gördüm ki, həyətyanı sahəmə müştəri gətirirlər. Soruşdum ki, axı siz kimsiniz mənim evimə müştəri gətirirsiniz. Namiq İsmayılov dedi ki, bu evi mən almışam».gundelik-baku