BolgeXeber.Com » Bölgə » Azərbaycanda güclü zəlzələ, əhali həyəcanda- Yenilənib

Azərbaycanda güclü zəlzələ, əhali həyəcanda- Yenilənib

30-06-2014, 07:55
Oxunub: 2 480 Zaqatala və ətraf rayonlarda zəlzələ həyəcanı davam edir.
Zaqatalanın Göyəm kəndindən bildirilib ki, kənddə dağıntı olmasa da, evlərdə keçən dəfəki zəlzələdən qalan çatlar genişlənib: “Hazırda əhali qorxu içərisindədir. Əhali kəndin müxtəlif yerlərinə yığışıblar, evə girməkdən çəkinirik. Çünki 2012-ci ildə olan zəlzələ zamanı hər yarım saatdan bir təkanlar olurdu. İndi təkanların olub-olmayacağını gözləyirik”.Qafqazinfo

***

“Zaqatala rayonunda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat daxil olmayıb. Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərin ərazilərinə baş çəkirik”. Bunu açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib.

E. Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”.

Bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb.

Zaqatala rayon Mərkəzə Xəstəxanasindan bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: “Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.

Qax rayon İcra Hakimiyyətindən də bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və təlafat olması barədə məlumat daxil olmayıb: “Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məljumat var”.

Qax rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.

Qeyd edək ki, Seysmoloji Xidmət Mərkəzinin məlumat yaydığı rəsmi məlumata görə, zəlzələ yerli vaxtla saat 22.26-da qeydə alınıb. Zəlzələ hiss ediləcək gücdə olub

Zəlzələnin dərinliyi 12 km, gücü 6 bal olub.

Bölgədə yaşayan oxucuların verdiyi məlumata görə, zəlzələ Balakən, Şəki və digər ətraf rayonlarda da hiss olunub.

İnsanların çoxu zəlzələdən həyəcan keçirib, təşvişə düşüblər.
Bolgexeber.com