BolgeXeber.Com » Bölgə » İcra başçısının xəstəxanalıq etdiyi qadın prezidentdən kömək istədi - ÖZBAŞINALIQ

İcra başçısının xəstəxanalıq etdiyi qadın prezidentdən kömək istədi - ÖZBAŞINALIQ

1-07-2014, 12:10
Oxunub: 5 227 Xətai rayonu 2944-cü məhəllə, ev 131-də yaşayan Qönçə Səmədovanın Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovdan, həmçinin bəzi yerli idarələrin rəhbərlərindən şikayətçi olması haqda məqalələr yazmışdıq. Xatırladaq ki, həyat yoldaşı vəfat edən qadın 1992-ci ildən Xətai RİH-də güzəştli mənzil növbəsinə dayanıb. Onun hazırda yaşadığı mənzilin yaşayış üçün yararsız olduğu isə 2005-ci ildə aktla təsdiq edilib. «Evim antisanitariya vəziyyətində olduğu üçün qızım 6 yaşından xəstəlik tapıb, II qrup əlildir.

30 ildən artıqdır ki, bağ kimi istifadəmdə olan torpağın sənədləşdirilməsinə süni əngəl yaradılır. Antisanitariya və qəzalı mənzildə yaşamaqdan xəstəliklərə düçar olmuşuq. Qonşum 27 saylı Mənzil-İstismar Sahəsinə nəysə vermək hesabına evimin divarına bitişik hissədə tikinti apardığı üçün 5 ildir mənzilimdə kanalizasiya sistemi işləmir, yaşayışımız dözülməz həddədir. Bununla əlaqədar aidiyyəti dairələrə dəfələrlə şikayətlər etmişəm, baxılmayıb. Odur ki, məcbur olub 30 ildir ki, daimi qeydiyyatda olduğum ünvanda bağ sahəsi kimi istifadə etdiyim torpaqda tikinti aparmaq istədim, lakin torpağı zəbt etmək adı ilə tikinti aparılmasına icra başçısı icazə vermədi, əli dubinkalı polislər deyir ki, bu sahə ”Delfin" MMC-nindir. Halbuki 2007-ci ildə torpaqdan istifadəyə görə Xətai Rayon İcra Hakimiyyətinin S-34 saylı razılıq sənədi də var. Prezidentin sərəncamına görə isə 5 il vətəndaşın istifadəsində olan torpaq, ancaq o şəxsin özünə verilir», deyə Qönçə xanım şikayətində vurğulayıb. Uzun müddətdir Razim Məmmədovun haqsızlıqlarına qarşı mübarizə aparan qadın demək olar ki, bütün instansiyalara müraciət edib. Lakin bu günə kimi onun şikayəti ilə maraqlanan olmayıb.

Sonuncu dəfə isə Qönçə Səmədova prezident İlham Əliyevlə görüşüb. Belə ki, bu ilin may ayının 10-da Gül bayramı ilə bağlı keçirilən tədbir zamanı Heydər Əliyev sarayının qarşısında ölkə başçısı ilə görüşən şikayətçi xanım prezidentə üzləşdiyi problemlə bağlı danışıb. O, Xətainin icra başçısının zülmünə məruz qaldığını İlham Əliyev cənablarının diqqətinə çatdırıb. Ölkə rəhbəri isə ailə başçısını itirən qadına probleminin tezliklə yoluna qoyulacağına dair söz verib və aidiyyəti şəxslərə bu məsələ ilə maraqlanmağı tapşırıb. Aradan bir aydan artıq müddət keçməsinə baxmayaraq, Razim Məmmədovun səbəb olduğu qanunsuzluqların qarşısı hələ də alınmayıb. Dünən redaksiyamızla telefon əlaqəsi saxlayan Qönçə Səmədova icra başçısının imza atdığı özbaşınalıqların qarşısında ağır xəstəliyə düçar olduğunu söylədi: «22 ildir Xətaidə mənzil növbəsinə dayanmışam. Xətai Rayon İcra Hakimiyyətinin işçiləri məni ağır dərdə salıblar. İyunun ayının 2-də səhhətim kəskin ağırlaşdı. Bir-birinin ardınca üstümə təcili yardım maşınları gəldi. Ailə başçım yoxdur, üç uşağımla yaman günlərdəyəm. Səhhətim pisləşəndən sonra məni təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə, yəni «Semaşko»ya apardılar. Həkimlər ilkin müayinədən sonra beynin xroniki işemiyasi, beyin içinin atrafiyası, ürəyin işemik xəstəliyi diaqnozunu qoydular. 22 gün «Semaşko»da yatdım, hazırda isə ev şəraitində müalicəmi davam etdirirəm.

Heç kim gəlib vəziyyətimlə maraqlanmır. Evdə taxta biti əlindən otura bilmirik. Bədənimiz yara bağlayıb. 26 kvadratmetrlik mənzildə pis gündə yaşayırıq. Yan-yörəmizdə isə alan alır, satan satır, tikən də tikir. Elxan Xakiyev ayrı-ayrı qadınlardan istifadə edərək plana gedən torpaqları satıb. Daha doğrusu, özünə götürüb. Ki, metro tikintisi ilə bağlı həmin yerlər plana düşəndə dövlətdən böyük miqdarda kompensasiya alsın».

Qönçə xanım deyir ki, onu bu hala Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov salıb: «Bəlkə də mənə iynə-dərman vurdurublar ki, səhhətim lap pisləşsin. İyunun 2-dən xəstə yatıram. İcra başçısı və adamları ailəmi daim hədə-qorxu altında saxlayırlar. Mənə nə elədisə, Razim Məmmədov elədi. Elxan Xakiyevin qohumu yüksək vəzifədə işləyir. Buna görə də heç kim ona bir söz deyə bilmir. 10 ildir Xətai Rayon İcra Hakimiyyətinin yolunda qalmışam. Heç yerdən köməyim yoxdur. Prezidentlə görüşəndən sonra icra başçısı məni qəbul etmədi. Hazırda vəziyyətim çox ağırdır, həkimlər xəstəliyimə çarə tapa bilmirlər. Qəzet vasitəsilə üzümü yenidən prezidentə tutub ondan imdad diləyirəm. Ondan başqa ümid yerim yoxdur. Cənab prezidentdən xahiş edirəm ki, ailəmizi düşdüyü bu vəziyyətdən çıxarsın və Razim Məmmədovun cəzasını versin».

İnanırıq ki, Qönçə Səmədovanın üzləşdiyi problem tezliklə həllini tapacaq. gundelik-bakı

Qarşı tərəfi də dinləməyə hazırıq...