BolgeXeber.Com » Bölgə » Lerikdə 9 nəfərlik ailə ölüm qorxusu altında yaşayır - VİDEO

Lerikdə 9 nəfərlik ailə ölüm qorxusu altında yaşayır - VİDEO

1-07-2014, 15:20
Oxunub: 2 712 "Umidim hökumətədir"

2011-ci ildə yağışdan sonra yerin çökməsi nəticəsində evi sözün həqiqi mənasında parçalanan Lerik şəhər sakini, 76 yaşlı Mövlanov Naib Səhrəng oğlu bu yayı da qonşularının evində yaşamağa məhkumdur.

Hökumət isə payızda ona ev tikməyi boyun olub.Bolgexeber.com bildirir ki, bunu bizimyol.info-nun əməkdaşına şikayətçinin özü bildirib.

"Dörd dəfə çəkiliş gəlib, müəyyən edilib ki, yer oturub deyə ev qəzalı vəziyyətə düşüb. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm. Hər dəfə də mənə söz verilir, amma ev tikilmir. Balalarımla küçələrdə qalmışam". N.Mövlanovun sözlərinə görə, o, 2012-ci ildən evindən çıxarılsa da, ona alternativ yaşayış yeri təqdim olunmayıb.
Ağsaqqal qəzalı vəziyyətdə olan evdə yaşamadıqlarını desə də, sözügedən ünvanda olan əməkdaşımız bütün ailənin hər an uça biləcək evdə olduğunu görüb. Şikayətçi həm əşyalarına nəzarət etmək, həm də həyətyanı sahədəki əkinə baxmaq üçün gündüzlər evlərinə döndüklərini bildirib.

"Doqquz baş ailə ilə qonşuların evində yaşayırıq. 76 yaşlı qoca kişiyəm, 4 dəfə əməliyyat olunmuşam, təqaüdçüyəm, gücüm də yoxdur ki, işləyəm, pul qazanam. Umidim hökumətədir". Şikayətçi bu illər ərzində müvafiq ünvanlara çoxsaylı müraciətlər edib.

Amma zaman-zaman fərqli cavablar alıb. Rayon icra hakimiyyətindən bildirilib ki, evin qəzalı vəziyyətdə olması müəyyənləşdirilib.