BolgeXeber.Com » Bölgə » Beyləqanda icra başçısına qarşı yenə etirazlar var - yolu kəsdilər

Beyləqanda icra başçısına qarşı yenə etirazlar var - yolu kəsdilər

4-07-2014, 18:10
Oxunub: 2 905 Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin yarıtmaz fəaliyyəti sakinləri ayağa qaldırdı

Bu gün rayonun Dünyamalılar kəndinin sakinləri Bakı-Beyləqan magistral yolunu bağlayıblar. Beyləqandan Gunxeber.com-a daxil olan məlumata görə, yerli əhali ilə polis arasında ciddi qarşıdurma olub.

Rayon rəhbərliyinin də müdaxilə etdiyi aksiya zor gücü ilə dağıdılsa da, əhalinin yenidən ayağa qalxacağı gözlənilir.

Aksiyaya səbəb isə Dünyamalılar-Şahsevən kəndləri arasındakı yolun təmiri adı ilə aylarla bərbad halda saxlanılması olub. Belə ki, dövlət başçısı İlham Əliyev tərəfindən bu yolun təmiri üçün 7 milyon manat vəsait ayrılıb. V.Abdullayev isə bu işi yaxın dostu Şükür Məmmədovun “Orion M” MMC şirkətinə verib.

Lahiyədə asfaltın qalınlığı 12 sm göstərilsə də, qalınlığı maksimum 5 sm olan asfalt bitmədən dağılmaqdadır. Təmir işlərinin uzanması da kəndləri toza qərq edib. Əhali bir an öncə bu yolun normal təmir olunmasını və toz-torpaqdan xilas olmağı tələb edirlər.

Sakinlərin sözlərinə görə, V.Abdullayev prezident tərəfindən ayrılan vəsaitin böyük bir hissəsini mənimsədiyinə görə, “Orion M” MMC-nin fəaliyyətsizliyinə göz yumur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…