BolgeXeber.Com » Bölgə » Qobustanda məmur özbaşınalığı...

Qobustanda məmur özbaşınalığı...

14-07-2014, 00:15
Oxunub: 3 472 Bələdiyyə sədri Vasif Novruzov əhalinin istifadəsində olan torpaqları alaraq başqalarına satıb

Onu icra başçısı Adil Məmmədovla hansı tellər bağlayır?

Qobustan rayon bələdiyyəsinin sədri Vasif Novruzovla bağlı şikayətlərin ardı-arası kəsilmir. Bir neçə gün əvvəl aidiyyəti qurumlara müraciət edən rayon sakinləri torpaqlarının bələdiyyə tərəfindən satılmasına etiraz etmişdilər. Sakinlərin yazdıqları şikayət məktubunda deyilir ki, Qobustan bələdiyyəsinin sədri Vasif Novruzov saxta sənədlərlə torpaqları camaata satır:

«Heç bələdiyyəyə də gəlmir. Möhürü maşınında saxlayır, elə küçədə, maşının üstündə saxta sənədləri möhürləyib verir camaata. Satılan torpaqlar camaatın əkin sahələridir. Torpaqlar saxta sənədlə satılsa da, təyinatı dəyişdirilmir. Bu vaxta qədər on min yer satılıb, amma heç birinin sənədi yoxdur. Yazıq insanlar qalıb məhkəmələrdə». Bu günlərdə bələdiyyə sədrinin adı yeni qalmaqala qarışıb. Rayondan Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, Qobustanda 38 hektar ərazini bələdiyyə sədri heç bir müqavilə olmadan Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinə istifadəyə veriblər. Əvəzində isə sözügedən qurum bələdiyyə sədrinə 20 min manat pul ödəyir. Bu məbləğ isə qeyri-leqal yolla alınır: «Bu məsələdən rayon rəhbərliyinin də xəbəri var. Hətta bununla bağlı onlara dəfələrlə məlumat da verilib, ancaq heç bir tədbir görülməyib. Vasif Novruzov özü də bunu hansısa yığıncaqda etiraf edib». Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Qobustan bələdiyyəsinin sədrinin işində yol verdiyi nöqsanlar haqqında mətbuatda dəfələrlə tənqidi məlumatlar gedib. Belə ki, bir neçə ay öncə rayon sakinləri bələdiyyə sədrinin əməllərinə etiraz edərək bildiriblər ki, istifadələrində olan torpaqlara görə vergi versələr də, həmin torpaqların təyinatı dəyişdirilərək yarısında evlər tikilib, yarısında isə inzibati binalar. Qobustanın Nərimankənd sakini Əlikram Cahangirov mətbuata bildirib ki, ona verilmiş pay torpağı 2004-cü ildə yerli icra hakimiyyəti və bələdiyyə tərəfindən qanunsuz olaraq zəbt olunub: «Bu torpaqlar 1996-cı il dekabrın 10-da bizim mülkiyyətə verilib, 2004-cü ilə qədər əkmişik, saxlamışıq. 2004-cü ildə də torpağımızı zorla əlimizdən alıb sotunu 1500 dollardan satdılar. Qobustan rayonunun Nərimankənd kəndində 172 nəfərin mülkiyyətçi olduğu 84 hektar torpaq sahəsinin yerində indi Qobustan rayon İcra Hakimiyyəti, rayon Sosial Müdafiə Fondu, prokurorluq və digər inzibati binalar, yaşayış evləri tikilib. Ərazinin bəzi hissəsi isə hazırda boşdur. Bundan şikayət edən kənd sakinləri 2005-ci ildən yerli məhkəmələrə üz tutsalar da, idiaları təmin olunmayıb. Hara gedirik, deyirlər, «əl çək bizdən», biz də əl çəkməyəcəyik, hara nə lazımdır deyəcəyik». Araşdırma zamanı öyrəndik ki, Qobustan bələdiyyəsinin sədr müavini Marina Otstavnova bir müddət əvvəl Savash.org-un elektron ünvanına məktub göndərib. Məktubda Qobustan bələdiyyəsində baş verən haqsızlıq və qanunsuzluqlardan bəhs edilib. «Mən Qobustan bələdiyyəsində müavin vəzifəsində işləyirəm. Öz adımdan və Qobustan sakinləri adından yazıb sizdən xahiş edirəm bizə köməklik göstərəsiniz. Bildirim ki, artıq 5-ci ildir Qobustan bələdiyyəsində işləyirəm və bu 5 il ərzində bələdiyyədə baş verən qanunsuzluq, saxta sənədləşdirmə, insanların aldanılmasına şahid olmuşam. Bunların qarşısını almağa çalışmağıma baxmayaraq, cəhdlərim heç bir nəticə verməyib. Bildirmək istəyirəm ki, müavin işlədiyimə baxmayaraq, satılan torpaqlar haqqında məlumat almıram, bələdiyyə sədri Vasif Novruzov iclas eləmədən özbaşına torpaqların satışı ilə məşğuldur. Bələdiyyə sədri vətəndaşlardan yalan yolu ilə əkinə yararlı torpaqları alıb təyinatı dəyişdirmədən ev tikmək məqsədilə yenidən satır. Həmin vətəndaşlar dəfələrlə məhkəmələrdə olublar, lakin öz torpaqlarını geri ala bilməyiblər. Baş verənlərlə bağlı dəfələrlə rayonun icra başçısı Adil Məmmədova müraciət etsəm də, bunun müsbət nəticəsi olmayıb. O bütün bunlara göz yumur. Çünki Novruzovun vasitəsilə heç bir vergini və icarə haqqını ödəmədən bələdiyyə aid olan 150 ha torpaq sahəsində dənli bitkilər əkir. Şəhərin mərkəzində isə Diri Baba türbəsinin yanında özü üçün ev tikdirib. Bələdiyyəyə dövlət tərəfindən göndərilən dotasiyalar isə şübhəli məqsədlər üçün istifadə olunur». Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, bir neçə ay öncə Qobustan bələdiyyəsinə külli miqdarda dotasiya ayrılıb. Dotasiyanın hara xərcləndiyini və haqqında irəli sürülən digər məqamlara aydınlıq gətirmək üçün Vasif Novruzovla əlaqə saxladıq. O bildirdi ki, ayrılan dotasiya rayonda bələdiyyə parkının tikintisinə sərf edilib. Marina Otstavnovanın dediklərinə gəlincə sədr bildirdi ki, həmin xanım iyun ayında müavin vəzifəsindən çıxarılıb və hazırda üzvdür. Bir sözlə, bələdiyyə rəhbəri onun barəsində irəli sürülən ittihamları qəbul etmədi. Bunu əvvəlcədən bilirdik. Hələ indiyə kimi haqqında tənqidi məqalə yazdığımız hansısa məmur özü barədə deyilənləri təsdiq etməyib. Deyilənə görə, Vasif Novruzov iştirak etdiyi məclislərin bir çoxunda icra başçısı Adil Məmmədovla yaxın münasibətlərə malik olduğunu və başçıdan tapşırıq alaraq iş gördüyünü bildirir. Hörmətli Adil müəllimdən xahiş edirik ki, bu məsələlərə aydınlıq gətirsin. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəhbəri Mehdi Səlimzadəyə isə məsləhət görərdik ki, Qobustan sakinlərinin etimadını doğrulda bilməyən Vasif Novruzovun fəaliyyətini dərindən yoxlayıb onun haqqında ölçü götürsün.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.