BolgeXeber.Com » Bölgə » Gəncə Humanitar Kollecində bazar qanunları

Gəncə Humanitar Kollecində bazar qanunları

15-07-2014, 18:20
Oxunub: 2 954 Məlum olduğu kimi 2012-ci ilin noyabr ayında Gəncə Dövlət Humanitar Kollecinin keçmiş direktoru öz işində yol verdiyi bir sıra ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdu. Bundan sonra həmin vəzifəyə Fəxrəddin Zeynalov təyin olundu. Lakin aradan artıq iki ilə yaxın bir müddət ötsə də, yerli mənbələrin təqdim etdikləri məlumatlarda bu dəyişikliyin heç bir müsbət nəticəyə səbəb olmadığı bildirilir. Qeyd etmək lazımdır ki, bu gün Gəncə Dövlət Humanitar Kollecində peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi və bədən tərbiyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlanır. Redaksiyamıza daxil olan məlumatlarda isə vurğulanır ki, hazırda bu təhsil müəssisəsində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Həm tələbələr, həm də pedaqoji kollektiv arasında olan mənbələr təsdiq edirlər ki, kollecdə vəziyyət köhnə rəhbərliyin zamanında necə idisə, indi də o cür qalır. Məlumatlarda bildirilir ki, Fəxrəddin Zeynalovun göstərişilə müəllim heyəti tələbələrin qanını sorur. Qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri etik qaydalardan xeyli uzaqlaşıb, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca isə kollecdə hökm sürən abu-hava əsil bazarı xatırladır. Gəncə Dövlət Humanitar Kollecində bazar qanunlarının hökm sürdüyünü bildirən məlumatlı mənbə iddia edir ki, sözügedən təhsil ocağında semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər: “Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan 300 manatı verməlidir. Əks təqdirdə, kollecin direktoru müəllimləri, müəllimlər də məcburiyyət qarşısında qalıb tələbələri sıxma-boğmaya salacaq, onlar üçün arzuolunmaz problemlər yaradacaq...” Göründüyü kimi bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alverinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Kollecdə dərsə davamiyyətin qənaətbəxş olmadığını vurğulayan mənbənin sözlərinə görə, dərslərdə iştirak etməyən tələbənin hər biri qayiblərin silinməsi üçün mütləq rəhbərliklə “razılığa” gəlməlidir. Gəncə Dövlət Humanitar Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 50-100 manat arası pul tələb olunur. Əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində şöbə müdiri Aybəniz xanım və Vidadi müəllim əsas vasitəçi rolunu oynayırlar. Bununla belə kollecin pedaqoji heyətindən bu özbaşınalıqlara qarşı çıxanlar da yox deyil. Məlumatlarda bu barədə deyilir : “İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Gəncə Dövlət Humanitar Kollecində olub-bitənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Çünki hazırda bu təhsil müəssisəsində bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Məsələn, kollecin direktoru qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əmək haqlarını ala bilmirlər. Bununla bağlı nə qədər təkid etsələr də, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir...”