BolgeXeber.Com » Bölgə » DTXK-nin Ağcabədi şöbəsinin sədrindən qanunlara sayğısızlıq

DTXK-nin Ağcabədi şöbəsinin sədrindən qanunlara sayğısızlıq

16-07-2014, 13:50
Oxunub: 2 276 Abbas Süleymanov rayonda heç kimdən çəkinmir



Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsində özbaşınalıqların və digər xoşagəlməz halların baş alıb getməsi barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Qeyd edək ki, sözügedən şöbənin müdiri Abbas Süleymanovun yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə, Abbas Süleymanovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Məlumatlarda bildirilir ki, bu gün şöbə müdirinin xeyir-duası ilə "hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilib.

Belə faktlar saysız-hesabsızdır. Elə bəzi bələdiyyə sədrlərinin Abbas Süleymanovə olan rəğbətləri də məhz onun bu kimi maxinasiyalarından qidalanır. Narazılıqların yaranmasına daha bir səbəb kimi də torpaq şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Lakin bu şöbənin fəaliyyətində yer almış neqativ hallara dair yerli sakinlərin çoxsaylı şikayət məktubları müxtəlif instansiyalara davamlı olaraq ünvanlansa da, aidiyyəti qurumlar şöbənin rəisi Abbas Süleymanovun xoşagəlməz fəaliyyətinə son qoymaq üçün hələ də heç bir tədbir görməyiblər. Torpaq şöbəsinin müdiri isə yaranmış vəziyyətdən sui-istifadə edərək yeni-yeni maxinasiyalara əl atır. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ağcabədi rayonunda 18 fiziki və hüquqi şəxs öz torpaq sahələrini 2009-cu ilin fevral-may aylarında alıblar. Ancaq sənədlər köhnə tarixlə yazılıb. Bunu vergi və sosial ödəmələr, hətta banka rüsum ödəmələri də sübut edir. Həmçinin məlumatlarda qeyd olunur ki, Abbas Süleymanov ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir.

Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunanı da artıq ödəyiblər. Lakin onların bu etirazları Abbas Süleymanovu qətiyyən maraqlandırmır. Belə ki, istədiyinə nail olmayacağı təqdirdə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.

Qeyd edək ki, biz ötən yazılarımızda da belə bir faktı qeyd etmişdik ki, son vaxtlar ölkə mətbuatında Ağcabədi rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün ağcabədililəri ən çox narahat edən məqamlardan biri rayonda xoşagəlməz halların artmasıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsində baş verən özbaşınalıqlar da sözsüz ki, yerli sakinlərin etirazlarını stimullaşdıran məqamlardan biri kimi qəbul olunur. Sakinlər bildirirlər ki, paytaxtdakı bir sıra yüksək qurumlarda himayədarları olan Abbas Süleymanov artıq rayonda heç kimdən çəkinmir. Hətta onun fəaliyyətindən çoxsaylı şikayətlər olsa belə...
gundelik-baku