BolgeXeber.Com » Bölgə » Ağcabədidə Yol İstismar İdarəsinin rəisi tenderləri oğlunun şirkətinə həvalə edir

Ağcabədidə Yol İstismar İdarəsinin rəisi tenderləri oğlunun şirkətinə həvalə edir

23-07-2014, 16:25
Oxunub: 3 682 Ağcabədi yolları korrupsiya burulğanına düşüb

Kənd yollarının təmiri üçün büdcədən ayrılan 5 milyon manat hansı işlərə xərclənib?
«Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azəryolservis» və digər iş aparan təşkilatlar yol çəkilişi üzrə formalaşmayıb. Tenderdə pul yolun çəkilişinə uyğun miqdarda ayrılır, sadəcə işi aparan təşkilatlar ixtisaslaşmayıb. Bu sahədə ixtisaslaşmış təşkilatları barmaqla saymaq olar. Bizim yerli təşkilatlar bilir ki, neçə ton tutumu olan maşınlar bu yoldan keçə bilər. Buna uyğun yol çəkilməlidir. Dünyada götürülmüş standartlar var və buna uyğun iş aparılmalıdır. Almaniyada İkinci Dünya Müharibəsindən əvvəl çəkilən yolların bəzisi hazırda istifadə olunur».

Bu sözləri mətbuata verdiyi açıqlamalardan birində nəqliyyat sahəsi üzrə ekspert Məzahir Rüstəmov bildirib. Onun sözlərinə görə, yollar bu gün tikilir, bir neçə il sonra yenidən əsaslı təmirə dayanır: «Hələ eşitməmişəm ki, yol çəkiləndə yol verdiyi nöqsana görə məsuliyyətə cəlb olunan olsun. Yol tikintisi ilə məşğul olan şirkətlər yolların 90 faizini qüsurlu çəkdiyinə görə məsuliyyətə cəlb olunmalıdır. Hətta səhv layihələr verən təşkilatlar belə məsuliyyətə cəlb olunmayıb». Həqiqətən də, bu gün ölkəmizdə yol çəkilişi ilə bağlı kifayət qədər nöqsanlar mövcuddur. Ki, bu özünü həm paytaxtda, həm də bölgələrdə aparılan işlərdə göstərir. Qəzetimizin keçən saylarında rayonlarda fəaliyyət göstərən və «Azəryolservis» ASC-nin tabeliyində olan bəzi yol istismar idarələrinin işindəki qanunsuzluqlarla bağlı məlumat vermişdik. Üzülərək qeyd etmək istəyirik ki, qabartdığımız problemə Nəqliyyat Nazirliyinin rəhbərliyi səviyyəsində münasibət bildirilmədi. Elə buna görə də yerlərdə yol çəkilişi ilə bağlı problemlər bir-birini əvəzləməkdədir. Ağcabədi rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun işində yol verdiyi müxtəlif nöqsanlar dövlət büdcəsinə külli miqdarda ziyanın dəyməsi ilə nəticələnib: «Ağcabədi rayonuna yol çəkilişi məqsədilə ayrılan vəsaitlər amansızcasına mənimsənilir. Belə ki, bir müddət əvvəl Ağcabədi kəndlərinin yollarının təmiri üçün büdcədən 5 milyon manat vəsait ayrıldı. Bu vəsait Ağcabədi rayon Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi sahəsi 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19 kmhisəsinin təmir edilməsi üçün nəzərdə tutulub. Yolun təmiri üçün keçirilən tender isə 33 saylı Ağcabədi Yol İstismar İdarəsinə verilib. 33 saylı Yol İstismar İdarəsinin «əsaslı» təmir etdiyi 19 kilometrlik yolda çox ciddi maliyyə maxinasiyaları həyata keçirilib. Yolun hər kilometrini 263 min manata sənədləşdirən idarə rəisi Vidadi Hüseynov beləcə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Məlumatınız olsun ki, 1 ton asfaltın qiyməti 45 manatdır və 1 kilometr yola ən yaxşı halda 800 ton asfalt istifadə olunur. O zaman 1 kilometr yolun asfalt qiymati 36 min manat edir. Bundan başqa daşınma, tikintidə istifadə olunan texnika və işçilərə xərclənən vəsaitləri də hesablasaq, bu vəsait 100 min manatı keçmir. İdarə rəisi isə bunu kağız üzərində 263 min manat kimi göstərərək yerdə qalan məbləği şəxsi büdcəsinə keçirib. Onu da deyim ki, yol tikilərkən asfalt birbaşa köhnə yolun üstündən vurulub. Amma yolun sənədləşdirilməsində göstərilib ki, yola 2 qat asfalt örtüyü döşənilib. Faktiki olaraq isə bir qat asfalt örtüyü vurulub. Beləcə, əlavə vəsait silinib». Mənbə bildirir ki, idarə rəhbəri büdcə vəsaitlərini oğlunun rəhbərlik etdiyi şirkətin vasitəsilə təyinatdan yayındırır: «Ağcabədi ərazisində yolların əsaslı təmir edilməsi adı altında 650 462 manat pul köçürülmüş «Ağcabədi Fərid” MMC-nin sahibi Vidadi Hüseynovun oğlu Fuad Hüseynovdur. İdarə rəisi yol çəkilişi ilə bağlı həyata keçirilən tenderlərin bir çoxunu oğlunun rəhbəri olduğu şirkətə tapşırır. Rəis vəzifəsindən istifadə edərək dövlətə məxsus olan texnikanı oğlunun adına qeydiyyatda olan şirkətin işlərində işlətməklə həm külli miqdarda qanunsuz gəlir edir, həm də dövlətin texniki vasitələrini və yanacağını öz şəxsi işləri üçün sərf etmiş olur». Məlumatda o da vurğulanır ki, Vidadi Hüseynov həyata keçirdiyi qanunazidd işlər nəticəsində maliyyə vəziyyətini yaxşılaşdıraraq Ağcabədi rayonunda ən varlı şəxslərdən birinə çevrilib: «Onun rayonun mərkəzində möhtəşəm imarəti, ticarət obyektləri, Bakıda mənzilləri, bahalı "Lexsus” markalı avtomobili var. Vidadi müəllimin oğlu Fuad isə qiyməti yüz min manatdan yuxarı olan "Range Rover” sürür». Bizim idarə rəisinin və oğlunun var-dövlətində gözümüz yoxdur. Sadəcə, onların birdən-birə hansı pullarla varlanması çox maraqlıdır. Fikrimizcə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri adıçəkilən idarədə yoxlama aparsalar, bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Və Ağcabədinin yolları korrupsiya burulğanından çıxmış olar. Ümid edirik ki, rayonun icra başçısı çox hörmətli Şahin Məmmədov da bu məsələyə münasibətini bildirəcək.gundelik-baku

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.