BolgeXeber.Com » Bölgə » Gəncə Dövlət Humanitar Kollecində özbaşınalıq

Gəncə Dövlət Humanitar Kollecində özbaşınalıq

25-07-2014, 10:30
Oxunub: 4 441 Məlum olduğu kimi təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Bu baxımdan Gəncə Dövlət Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyəti də ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Daha doğrusu, redaksiyamıza daxil olan məlumatlarda da qeyd olunduğu kimi, Fəxrəddin müəllimin özünün öz fəaliyyətinə qoyduğu qiymət kollecdə təhsil alan tələbələr və xüsusən də onların valideynləri tərəfindən ciddi narazılıqla qarşılanır. Görünür Fəxrəddin Zeynalov qəti olaraq bu fikirdədir ki, illik tədris dövrünün hər növbəti mərhələsi ilk növbədə məhz kollec direktorunun maddi maraqlarını təminatı üçün yeni imkanların açılması ilə əlamətdar olmalıdır. Bu səbəbdən də peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, eləcə də bədən tərbiyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Humanitar Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Kolleclə bağlı məlumatları təqdim edən mənbənin sözlərinə görə, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Gəncə Dövlət Humanitar Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əməkhaqlarını ala bilmirlər. Bununla bağlı nə qədər təkid etsələr də, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir. Məlum olduğu kimi 2012-ci ilin noyabr ayında Gəncə Dövlət Humanitar Kollecinin keçmiş direktoru öz işində yol verdiyi bir sıra ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdu. Bundan sonra həmin vəzifəyə Fəxrəddin Zeynalov təyin olundu. Lakin aradan artıq iki ilə yaxın bir müddət ötsə də, yerli mənbələrin təqdim etdikləri məlumatlarda bu dəyişikliyin heç bir müsbət nəticəyə səbəb olmadığı bildirilir. Həmçinin məlumatlarda vurğulanır ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri etik qaydalardan xeyli uzaqlaşıb, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca isə kollecdə hökm sürən abu-hava əsil bazarı xatırladır. Gəncə Dövlət Humanitar Kollecində bazar qanunlarının hökm sürdüyünü bildirən məlumatlı mənbə iddia edir ki, sözügedən təhsil ocağında semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, kollecdə dərslərə davamiyyətin qənaətbəxş olmadığını vurğulayan mənbənin sözlərinə görə, dərslərdə iştirak etməyən tələbələrin hər biri qayiblərin silinməsi üçün rəhbərliyə müəyyən olunmuş məbləğdə pul ödəyirlər...