BolgeXeber.Com » Bölgə » Göyçayda sakinləri narazı salan məmur kimdir?

Göyçayda sakinləri narazı salan məmur kimdir?

6-08-2014, 12:30
Oxunub: 4 439 Göyçay rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən şikayət var

2006-cı ildən verilməyə başlanan ünvanlı yardım məsələsində yardımın bir neçə ayını onu verən məmurların mənimsəməsi iddiaları həmişə gündəmdə olub. Dövlətin yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən ünvanlı sosial yardım siyasətindən vətəndaşlar bəhrələnmək istəsələr də, bu hələ ki, bəzi yerlərdə istək olaraq da qalır. Əksər hissəsi işsiz olan kənd təsərrüfatı ilə məşğul olmağa torpağı, heyvanı olmayan sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilmirlər. Görülən tədbirlər nəticəsində vətəndaşlara göstərilən qayğı, diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən bir müddət sonra ünvanlı sosial yardımların verilməsi prosesində bir sıra ciddi dəyişikliklər oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ünvanlı sosial yardımı alanların siyahısı nazirliyin rəsmi saytında yerləşdirildi və yardımın mənimsənilməməsi üçün bir sıra müvafiq addımlar atıldı, həmçinin yerli şöbələrin xeyli vəzifəli şəxsləri iş yerini itirdi. Həmin zaman çərçivəsində bəzi məmurların canına necə deyərlər, vəlvələ düşdü. Amma bir müddət sonra yenidən əvvəlki iş prinsipləri ilə işləməyə davam etdilər. Göyçay rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində də, hazırda bu cür məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlığa sığmayan hərəkətlər edirlər. Deyilənə görə, sözügedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Əldə olunan məlumatlarda bildirilir ki, Göyçay rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Məlumat üçün qeyd edək ki, quruma rəhbərliyi Hikmət Həsənov edir. Amma təəssüflər olsun ki, Hikmət Həsənov barədə də, heç bir xoş söz deyilmir. Deyilənə görə, vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru Hikmət Həsənov heç kimi saymır, öz bildiyi kimi hərəkət edir. Əldə olunan məlumatlara görə, sosial yardımlar indi də köhnə qayda ilə verilir. Yəni yardımların 6 ayı mərkəz rəhbərinə, 6 ayı isə kasıb vətəndaşlara çatır. Hətta deyilənə görə, Hikmət Həsənov vəzifə başına gələndən sonra bahalı maşınlarda gəzir, bahalı villada yaşayır. Göyçay rayonunda kifayət qədər imkansız, kasıb ailələr olduğu halda, onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Çünki sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər. Daha sonra deyilənə görə, Hikmət Həsənovun yanına kim şikayətə gedirsə, hədə-qorxulara məruz qalıb məcburiyyət qarşısında geri qayıdırlar. Yardım ala bilməyən insanlar isə buna narazılıqlarını bildirəndə sədr onları hədələyir. Çox təəssüflər ki, yaşanan hallar onu deməyə əsas verir ki, bizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə, göz dikirlər. Məsələn, hazırda xarici ölkələrin təcrübəsi fərqli mexanizmlərin tətbiq edildiyini göstərir. Yəni plastik kartın pinkodu sms vasitəsilə vətəndaşın özünə göndərilir. Belə olan halda, həmin pinkodun məmurun əlinə keçmək imkanı bir qədər azalır. Bütün hallarda ən başlıca məsələ isə ünvanlı sosial yardımın verilməsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsidir.