BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısından narazılıq

Gədəbəyin icra başçısından narazılıq

6-08-2014, 15:20
Oxunub: 3 687 Başçı sakinləri təhqir edib?

Redaksiyamıza Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətində müşahidə olunan qanun pozuntularına dair məlumatlar daxil olmaqda davam edir. Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində həmin məlumatlar əsasında hazırlanmış materiallar dərc olunmaqdadır. Yerli mənbələrdən aldığımız məlumatlarda vurğulanır ki, bu gün ölkə prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanla üzbəüz mövqelərdə yerləşən Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına yol açır. Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, 2012-ci ildə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb. Məlum olduğu kimi Prezident İlham Əliyev martın 31-də Gədəbəy rayonu ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Lakin gədəbəylilər ayrılan bu məbləğin də təyinatı üzrə sərf olunmayacağından çox narahatdırlar. Buna səbəb isə Ramiz Yediyarovun dövlət başçısı tərəfindən keçən il Gədəbəy rayonuna ilkin olaraq ayrılmış 4 milyon manat vəsaitin heç də təyinatı üzrə xərclənməməsidir. Bu barədə aldığımız məlumatda göstərilir ki, rayonun sosial inkşafı üçün ayrılan vəsaitin hara xərcləndiyini yalnız icra başçısı bilir. Gədəbəy rayonundan verilən məlumata görə, icra başçısı Ramiz Yediyaraov dövlət büdcəsindən və rayon daxili büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri abadlıq, təmir tikinti işlərinə “sərf edərək” vəsaitlərin bir hissəsinin mənimsənilməsinə şərait yaradır. Bildirilir ki, keçən il Gədəbəy rayonunda 9 səhiyyə, 28 mədəniyyət obyekti, 2 kənd məktəbi cari, 2 kənd orta məktəbi isə əsaslı təmir edilib. 39 obyektin cari təmiri üçün xərclənən 2 milyon manat vəsaitin bir hissəsi cavabdeh şəxslər tərəfindən mənimsənildiyi iddia olunur. Bu obyektlərdə də görülən işlərin çox hissəsi sənədləşdirmələrdə bir neçə dəfə şişirdilib. Həmçinin Nəriman və Miskinli kəndlərində əsaslı təmir edilən orta məktəblərinin tikintisində də yeyinti hallarına yol verildiyi bildirilir. Yeni aldığımız məlumatlarda isə Ramiz Yediyarovun Yeni Azərbaycan Partiyasına (YAP) qəbulu məsələsində də bir çox şübhəli məqamlar barədə açıqlamalar verilir. İlk növbədə icra başçısının 23.04.2012-ci il tarixində imzaladığı ərizədə belə bir məqam diqqəti çəkir ki, Ramiz müəllim tutduğu vəzifəni Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kimi deyil, Gədəbəy RİH-ti aparatının başçısı kimi göstərmişdir. İkinci bir məqam isə bu ərizənin üstünün həmin vaxt YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tərəfindən yazılmamasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə R.Muradov müəyyən səbəblərdən başçının YAP sıralarına qəbul olunmasına hətta etiraz etmişdi. Lakin bu barədə daha dəqiq məlumatı Ramazan müəllimin özündən almağa çalışsaq da, onunla hələ ki, əlaqə yarada bilməmişik. Digər tərəfdən isə 17 may 2012-ci il tarixində Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayevin Ramazan Muradova göndərdiyi məktubun məzmunu bu şəxslər arasında münasibətlərin həqiqətən gərginləşdiyindən xəbər verir. Məktubda göstərilir ki, R.Muradov eyni zamanda həm YAP rayon təçkilatının sədri, həm də RİH başçısı aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrini tutmaqla “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin müvafiq bəndlərini pozmuşdur. Maraqlıdır ki, Gədəbəy RİH-nin rəhbərliyi digər şəxslərə münasibətdə elə həmin qanuna əməl olunmasına heç də səy göstərməmişdir. Belə ki, ilk növbədə Ramiz Yediyarovun YAP sıralarına qəbul olunmasında xüsusi xidmətləri olmuş rayon partiya təşkilatının aparat rəhbəri Namiq Rüstəmov hal-hazırda həm də rayonun statistika şöbəsinə rəhbərlik edir. YAP Gədəbəy rayon təşkilatının indiki sədri Rüstəm Nağıyev isə, eyni zamanda icra başçısının müavini vəzifəsini daşıyır. Nəhayət Ramiz Yediyarovun özü də rayon partiya təşkilatının İdarə Heyətinin üzvüdür. Qeyd edək ki, başçının İdarə Heyətinin üzvlüyünə seçilməsi də YAP-ın nizamnaməsində müəyyənləşdirilmiş qaydalara zidd olub. Belə ki, hər bir partiya üzvü partiya sıralarına qəbuldan yalnız bir il sonra rayon təşkilatının idarə heyətinə üzv seçilə bilər. Ramiz Yediyarova isə bunun üçün 5-6 ay da kifayət etmişdir. Başçının 1-ci müavini Qüdrət Paşayev isə daha geniş “partiya təcrübəsi” ilə diqqəti cəlb edir. Belə ki, YAP sıralarına 1999-cu ildə qəbul olunmuş Qüdrət müəllim, həmin ilə qədər AMİP-in “sadiq üzvü” olmuşdur. Göründüyü kimi Gədəbəy rayonunun idarə olunmasında çeşidli qanun pozuntuları ilə diqqəti cəlb edən RİH rəhbərliyi, öz əməlləri ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də kölgə salırlar. Eyni zamanda da Ramiz Yediyarovun insanlarla davranışında yekəxanalığa, təhqiramiz ifadələrə yol verməsi rayonda yeni fəsadların yaranmasına şərait yaradır. Aldığımız məlumatlarda bildirilir ki, bir müddət bundan əvvəl rayonda keçirilmiş iclasdan çıxarkən icra başçısı ona haqlı iradlarını bildirmiş Ramazan Muradova müraciət edərək, Gədəbəydə kişi yoxdur – ifadəsini işlətmişdir. Buna cavab olaraq isə, əslən Gədəbəyli olan Ramazan müəllim ona öz kişiliyini nümayiş etdirərək, R.Yediyarovun cavabını olduqca sərt ifadə ilə vermişdir. Bununla belə başçının davranışı təkcə R.Muradova qarşı deyil, rəhbərlik etdiyi rayonun bütün sakinlərinə qarşı yönəlmiş təhqir kimi qiymətləndirilməlidir. Bu kimi təhqirlərə yol verən şəxslər isə gədəbəylilərin onların mərdliyinə, kişiliyinə şübhə ilə yanaşan hər kəsi diz çökdürməyə qadir olduqlarını aydın dərk etməlidirlər. Məlumatlarda bildirilir ki, bu insident barədə müvafiq instansiyalara da xəbər verilmişdir. Gədəbəy camaatı isə bu təhqirə yol vermiş Ramiz Yediyarova qarşı ciddi ölçülərin götürülməsini gözləyirlər. Əks halda yerli sakinlər başçının davranışına Quba və İsmayıllıdakı kimi adekvat reaksiya verə bilərlər...
Dia.az