BolgeXeber.Com » Bölgə » Şamaxı səhiyyəsi bərbad gündədir -PROBLEM

Şamaxı səhiyyəsi bərbad gündədir -PROBLEM

7-08-2014, 11:50
Oxunub: 4 488 “Xəstəlik tarixləri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır

Redaksiyamıza daxil olan məlumatlarda Şamaxı rayon səhiyyə sisteminin son vaxtlar olduqca ağır duruma düşməsinin səbəblərinə dair açıqlamalar təqdim olunub. Bu xüsusda mənbələr Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədovun fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularını diqqət mərkəzinə çəkirlər. Həm də məlumatlarda qeyd olunur ki, baş həkim müxtəlif qanun pozuntuları törətməyə hələ tələbə vaxtlarından alışqandır. Məhz bu səbəbdən də tələbəlik dövründə bir neçə illik məhkumluq cəzası almış Elxan Məmmədov Tibb Universitetində təhsilini 12 ilə başa vurmuşdur. Lakin bu məqam da ona son nəticədə Şamaxı rayon səhiyyəsinin rəhbərliyinə gəlməyə mane olmamışdır. Daxil olan məlumatlarda yerli sakinlərin xüsusi narazılığını doğuran əsas səbəblərdən biri kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Məlumatlı mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Lakin etiraf etmək lazımdır ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Buna görə də bəzi hallarda bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Mənbələr iddia edirlər ki, bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxd olduğu məlum olar. Əslində isə onların heç birində xəstələr yatmır. Çünki həkimlərin əksəriyyəti xəstələri onların öz evlərində müalicə etməyə üstünlük verirlər.Daha sonra Şamaxı səhiyyə sisteminin ən zəif nöqtələrindən biri kimi də mərkəzi xəstəxanada fəaliyyət göstərən doğum şöbəsi göstərilir. Bu xüsusda mənbələr iddia edirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuşların qəbulunda əsil monopoliya yaradıb. Belə ki, Nəzakət xanım doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi E.Məmmədova çatır.Digər tərəfdən də mərkəzi xəstəxanada həm xəstələrə, həm də tibbi personala şamil olunan “ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda RMX-da əslində olmayan pasientlərə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu “xəstəlik tarixləri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkimin işi daha asan olur. Belə ki, Şamaxının paytaxta ən yaxın rayonlardan biri olması səbəbindən buranın xəstəxanasında “işləmək” həvəsində olan həkimlər kifayət qədərdir. Əslində isə bu həkimlər sadəcə adlarının Şamaxı RMX-nın ştat cədvəlinə yazdıraraq, dövlət müəssisəsində stajlarını təmin deirlər. Faktiki isə onların əksəriyyəti Bakının özəl klinikalarında çalışırlar. Elxan Məmmədov isə bu “yaxşılığın” müqabilində həmkarlarının maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır.