BolgeXeber.Com » Bölgə » Ağsunun icra başçısının başı şəxsi işlərinə qarışıb

Ağsunun icra başçısının başı şəxsi işlərinə qarışıb

16-08-2014, 13:35
Oxunub: 3 438 Deyəsən, Ənvər Seyidəliyevin başı şəxsi işlərinə qarışıb

Zaman-zaman əksər məmurların özbaşınalıqları, etdiyi qanunsuzluqlar barədə mediadan eşidir və bizlər də, bu məsələni gündəmdə saxlamağa çalışırıq. Ona görə gündəmdə saxlamağa çalışırıq ki, çünki həmin məmurların etdikləri qanunsuzluqlar, özbaşınalıqların acı nəticəsini sadə vətəndaşlar çəkir. Etiraf edək ki, məmur özbaşınalığı ilə bağlı bölgələrdən daha çox şikayətlər daxil olur. Bizlər də, hər dəfə bu məsələləri qabardır və problemlərin həll edilməsinə nail olmağa çalışırıq.

Qeyd edək ki, bölgələrdən daxil olan şikayətlər içində adı hər zaman ilk pillələrdə olan Ağsu rayon İcra hakimiyyətidir. Qəzetimizin ötən saylarında Ağsu rayon İcra Hakimiyyətindən dəfələrlə yazılar dərc etmiş və oradakı problemləri, vətəndaşların şikayətlərini işıqlandırmışıq. Amma görünən odur ki, rayondakı durum hələ ki, eyni olaraq qalır. Əgər belə olmasa idi, yenidən rayonun İcra Hakimiyyətindən və Ənvər Seyidəliyevdən şikayətlər daxil olmazdı. Bilməyənlər üçün qeyd edək ki, hazırda Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Rayon sakinləri artıq bu cür haqsızlıqlara dözə bilmədiklərini, İcra Hakimiyyətinə getdikləri zaman onları qəbul edib şikayətlərini dinləmədikləri üçün çıxış yolunu media vasitəsilə gündəmə gətirməkdə gördüklərini bildirirlər. Xatırlayırsınızsa, ötən sayıarımızın birində qeyd etmişdik ki, 1975-ci ildə Azərbaycan Politexnik İnstitunu bitirən hazırkı icra başçısı müxtəlif vəzifələrdən sonra 2007-ci ildən Cavid Qurbanovun rəhbərlik etdiyi "Azəryolservis" ASC-də idarə rəisliyindən birbaşa hazırkı vəzifəsinə gəlib. Beləliklə, Ənvər Seyidəliyev artıq 6 ildən bir az çoxdur ki, Ağsunun icra başçısı vəzifəsində çalışır. Amma ağsulular Ənvər Seyidəliyevi icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə işini belə, xatırlamırlar. Səbəb isə Ənvər Seyidəliyevin rayon üçün heç bir iş görməməsidir. Deyilənə görə, İcra başçısı vəzifəsinə yeni gəldiyi zamanlar həftənin beşinci günləri vətəndaşları qəbul edib, şikayətlərini dinləyirmiş. Amma sonradan onları qəbul etməkdən də, boyun qaçırıb. Vətəndaşlar bildirirlər ki, onları ümumiyyətlə, qəbula belə, yazmırlar. Sakinlər bildirirlər ki, rayonun ən gəlirli yerləri, idarə və müəssisələr icra başçısının qohumlarına, yaxınlarına məxsusdur. Ağsuda bir sıra iri ticarət obyektləri ayrı-ayrı məmurlar tərəfindən məngirlənib. Ənvər Seyidəliyev isə bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Ağsunun demək olar ki, bütün obyektləri bir sıra məmurların qohumlarının adı ilə tikilərək özəlləşdirilib. Rayonda müxtəlif obyektlər tikdirməyə başı qarışan Ənvər Seyidəliyev Ağsunun daxili və kəndarası yollarından heç xəbəri də yoxdur. Çünki rayonun daxili və kəndarası yolları bərbad durumdadır. Hələ ötən il istifadəyə verilmiş, tikintisinə 20 milyon manata yaxın vəsaitin ayrıldığı 30 kilometrlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolunda bir neçə yerdə problem yaranmışdı. Amma həmin yolun yenidən bərpası üçün heç bir iş görülmədi. Yalnız həmin yolun bir hissəsinə yamaq çəkilərək yenidən istifadəyə verilib. Bununla yanaşı, sakinlər bildirirlər ki, Ağsu rayonunun icra başçısının fəaliyyəti rayonda narazılıq yaradır. Rayonda məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Ənvər Seyidəliyevin vəzifə karyerasını sual altına alır. Görünür, sosial-iqtisadi problemlər icra başçısı Ənvər Seyidəliyevi əvvəlki kimi maraqlandırmır. Deyilənə görə, İcra başçısının başı Bakı şəhərində də, biznes şəbəkələri və iri mağazalarının fəaliyyətinə qarışıb. Rayonda ciddi sosial-iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda Ənvər Seyidəliyevin başının biznesə qarışması olduqca təəccüblü görünür. Axı Ağsu rayonunda insanlar ağır şəraitdə yaşayır. Belə çıxır ki, sakinlərin necə yaşaması icra başçısı üçün o qədər də maraqlı deyil.
gundelik-baku