BolgeXeber.Com » Bölgə » Ağac kəsimi Nəsiminin icra başçısını vəzifəsindən edə bilər

Ağac kəsimi Nəsiminin icra başçısını vəzifəsindən edə bilər

19-08-2014, 10:30
Oxunub: 2 909 Ölkə rəhbərliyinin paytaxtda, habelə respublikamızın digər şəhərlərində yaşıllıqların məhv edilməməsi ilə bağlı qadağalarına baxmayaraq, təəssüf ki, bir sıra yerlərdə bunlara riayət edilmir. Faktlar göstərir ki, ayrı-ayrı rayonlarda məmurlar ağacların kəsilməsinə ya göz yumur, ya da özləri hansısa maraqlar üzündən bu məsələdə iştirakçı olurlar. Xatırlayırsınızsa, ölkə başçısı bir müddət əvvəl "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun tətbiqi barədə fərman imzaladı. Fərmanda Nazirlər Kabinetinə tapşırıldı ki, həyətyanı və bağ sahələrinin hüquqi statusunu müəyyən etmək məqsədilə "Torpaq Məcəlləsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb, prezidentə təqdim etsin.

Bütün bunlar ölkə başçısının yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi önəm verdiyini göstərir. Hətta prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yaşıllıqları məhv etməmələri barədə tapşırıqlar verib. Sadalananlara rəğmən, bəzi icra başçılarının adı ağacların qırılması məsələlərində hallandırılır. Belə ki, bu günlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiyalar araşdırılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri əraziyə baş çəkərək burdakı vəziyyəti müşahidə ediblər. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Nəsiminin icra başçısı Nəsib Məhəməliyev bütün günahı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin üstünə atmağa çalışaraq baş verənləri idarə rəisinin özbaşınalığı kimi qiymətləndirir. Beləcə, Nəsimi rayonu 20 yanvar küçəsi 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların (Eldar şamı, akasiya, sərv və s.) kəsilməsi videosunun və fotosunun mətbuatda işıqlandırılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müdaxiləsi nəticəsində "təbiət qətliamı"nın qarşısı alınıb. Qeyd etdiyimiz kimi, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri bu "əməliyyat"ı ağacların budanılması adı altında həyata keçirməyə cəhd ediblər. Lakin ərazidə yaşayan sakinin ağacların qırılmasını çəkərək mətbuata yollaması Nəsib Məhəməliyevin bütün planını pozub və nəticədə icra başçısı qalmaqalla üzləşib. Bu barədə qəzetimizə daxil olan məlumatda bildirilir ki, Nəsimi rayonunda 20 yanvar küçəsində baş verən nadir ağacların budanılması adı altında ağacların kəsilməsi göstərişi rayon icra hakimiyyətindən gəlib. Bildirilir ki, adı çəkilən ərazinin torpaq sahəsi bir iş adamına satılıb. 20 yanvar küçəsindəki ağacların budanması adı altında kəsilməsi işini isə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri həyata keçiriblər. Qeyd olunur ki, icra hakimiyyətindən Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevə ağacların bir hissəsini budanılması, qalanlarının isə heç kəsin xəbəri olmadan kəsilməsi barədə göstəriş verilib. Məlumata əsasən Heydər Əliyev Fondunun işçilərinin əraziyə baxış keçirmələri zamanı isə icra hakimiyyətinin rəsmiləri bütün günahı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin üstünə atmaq istəyərək, baş verənləri idarə rəisinin özbaşınalığı kimi qələmə veriblər.

Belə çıxır ki, ölkə prezidentinin dəfələrlə paytaxt Bakıda ağacların qırılmasının yolverlməz olması barədə icra başçılarına göstəriş verməsinə baxmayaraq, bəzi yerlərdə bu qadağalara əməl olunmur. Elə Bakı rayonlarının bir çox icra başçılarının bu qadağaya əməl etməmələri səbəbindən paytaxtda "ağac soyqırımı"nı davam etdirilir. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, bu fakt adı "yaşıl soyqırım"da və torpaq satışında daha çox hallandırılan məmurlardan olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin karyerasının sonunu gətirə bilər. Rayon sakinləri artıq bəzi məmurların əməllərindən boğaza yığılıblar. Onlar bir sıra rayon rəsmilərinin fəaliyyətini etirazla qarşılayıb yuxarı dairələrə dəfələrlə şikayət məktubları ünvanlasalar da, bəzi məmurlar hələ də vəzifələrinin başındadır. Lakin sonuncu fakt icra başçısı üçün bir sıra problemlərin yaranmasına rəvac verə bilər.

gundelik-baku