BolgeXeber.Com » Bölgə » Sumqayıt sakini Eldar Əzizovdan Mehriban Əliyevaya şikayət etdi

Sumqayıt sakini Eldar Əzizovdan Mehriban Əliyevaya şikayət etdi

25-08-2014, 13:00
Oxunub: 3 037 Sumqayıt şəhər sakini Anar Süleymanov ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Sakin göndərdiyi müraciətdə Sumqayıtda yaşıllıqların məhv edilməsindən, sahibsiz heyvanlarlın vəhşicəsinə güllələnməsindən narahat olduğunu bildirib: “Bu yaxınlarda Bakının Nəsimi rayonunda ağacların kəsilməsinə Sizin operativ və kəsgin reaksiyanız məni sevindirdi. Bununla Siz, ətraf mühitin qorunması naminə necə mübarizə aparmağı hamıya nümunə kimi göstərdiniz. Amma çox təəssüflər olsun ki, bizim şəhərimizdə elə şəxslər var ki, Sizin göstərdiyiniz nümunədən nəinki ibrət götürmürlər, əksinə, Sumqayıtın yaşıl donuna ziyan vururlar. Burada son vaxtlar çoxillik ağacları vəhşicəsinə məhv edirlər və demək olar ki, yaşıllıqların “soyqırımı” gedir. Çox təəssüflər olsun ki, bu hadisələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin gözü qabağında baş verir.

İkinci problem isə, sahibsiz heyvanların vəhşicəsinə güllələnməsidir. Bildiyiniz kimi, ölkəmiz prezident İlham Əliyevin sərəncamı ilə 2007- ci ilin 31 mayında "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin mart ayında isə Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. Heyvanlara işgəncə vermə və ya öldürməyə görə 500 manat cərimə nəzərdə tutulub. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında silahlanmış şəxs günorta vaxtı itləri güllələyirdi.

Dəhşətlisi odur ki, bu qəddarlıq uşaqların gözü qabağında baş verirdi. İstəməzdik ki, uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər. Müvafiq orqanlara bu problemlə müraciət etdikdə, buna cox laqeyd yanaşırlar. Deyirlər ki, başqa çıxış yolumuz yoxdur və hər şey İcra Hakimiyyətinin səviyyəsində həll olunur. Hələ ki dövlətimiz sahibsiz heyvanlar üçün sığınacaqlar tikməyib. Amma onlara heç bir zərər vurmadan şəhərdən kənar yerlərə buraxmaq da olar. Təklif etdim ki, İcra Hakimiyyəti və Təmizlik Departamenti heyvanları tutmaq üçün adi tor ya arkan alsın”.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.
Bolgexeber.com