BolgeXeber.Com » Bölgə » Siyəzəndə yerli bələdiyyəyə qarşı ittihamlar var

Siyəzəndə yerli bələdiyyəyə qarşı ittihamlar var

3-09-2014, 12:30
Oxunub: 3 498 İcra başçısı da aciz qalıb...

Siyəzən rayonunun Yenikənd kənd bələdiyyəsinin bugünkü durumu heç də qənaətbəxş deyil. Bələdiyyə sədri Şirinbala İlyasov bələdiyyənin mülkiyyətində olan bütün əmlakını tar-mar edib. İlyasov sözügedən strukturu fəaliyyətsiz hala gətirib çıxarıb. Yenikənd kənd bələdiyyəsi hazırda heç bir gücə sahib deyil. Son zamanlar sözügedən bələdiyyənin balansında olan torpaq sahələri dəyər-dəyməzə satılıb, bir hissəsi Şirinbala İlyasov və həmin strukturda çalışan qohumları tərəfindən mənimsənilib. Etibarlı mənbələrin bizə verdiyi məlumata görə, bələdiyyə sədri "Jeep" markalı avtomobilə sahibdir. Görünür, bələdiyyə sədri qanunsuz olaraq mənimsədiyi torpaqların hesabına bu cür bahalı avtomobilə sahib ola bilib.

Bundan başqa bizə verilən məlumata görə, bələdiyyə sədrinin özü bəsmiş kimi oğlanları da kənd təsərrüfatı texnikalarının icarəyə verilməsi ilə məşğuldur. Bundan başqa yoldan qaşınmış asfaltı yenidən "bişirib" bu yola döşəyirlər. Sonra da təzə asfalt kimi büdcənin hesabından silirlər. İlyasovların bu qanunsuzluğuna nə ad vermək olar? Redaksiyamıza daxil olan şikayətə görə, İlyasovlar kənd camaatı ilə yola getmir. Belə desək, camaata yuxarıdan aşağı baxırlar.

Bundan başqa bələdiyyə sədri bələdiyyənin balansında olan torpaqları qohum-əqrəbasının adına özəlləşdirərək sonradan başqalarına satır. Həmçinin şikayət məktubunda qeyd olunur ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən ayrılan pullar mənimsənilir. Kənd ağsaqqallarının və fermerlərin nümayəndələri narahat edən məsələlərdən biri kənddə içməli və təsərrüfat suyunun fasilələrlə verilməsi problemlər yaradır. Belə ki, su kanallarında ekoloji vəziyyət gərginləşib, ərazi zibillənib, su ərazidə istifadəçilər arasında tam və kifayət qədər bölünmür. Kənd camaatı əkin suyunun azlığından şikayət edərək torpaqların şoranlaşmasının qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirlər. Həmçinin Yenikənd kəndində uşaq bağçasının əsaslı təmiri məsələsi diqqətə çatdırılıb.

Çox təəssüf ki, Siyəzən rayon İcra Hakimiyyətinin rəhbərliyi sözügedən kənddə yaşanan problemlərin aradan qaldırılması üçün heç bir addım atmır. Kanal və kollektorların təmizlənməsi, təsərrüfatlara əkin və içməli suyun verilməsində yaranmış problemlərin aradan qaldırılması üçün hansısa tədbir görülmür.

Görünür, rayon rəhbərliyini kəndlərimizin sosial-iqtisadi inkişafı, onların gələcək perspektivi maraqlandırmır. Yenikənd kənd bələdiyyəsilə bağlı kifayət qədər məlumatlar verilib.

Sözügedən Yenikənd kəndində sosial problemlər var ki, onların həllinə vəsait tələb olnur. İndiki bələdiyyənin isə buna imkanı çatmır. Səbəbi də çox sadədir- infrastruktur dağıdılıb. Bu gün həmin kənddə kanalizasiya sistemi, yollar bərbad vəziyyətdədir. Xeyir-şər məclisləri üçün tələb olunan avadanlıqlar kirayə alınır.

Qeyd edək ki, baş verənlərə Ədliyyə Nazirliyinin müvafiq qurumaları da göz yumub. Hətta ölkə rəhbərliyinin 2009-cu ildə torpaq satışını bir müddət qadağan etdiyi dövrlərdə belə bu bələdiyyədə qanunsuzluqlar baş alıb gedib.

Kəndlilər hələ də ümid edirlər ki, əlaqədar qurumlar nə vaxtsa belə insanlara qarşı müvafiq ölçülər götürmək haqqında düşünəcəklər.

Onu da qeyd edək ki, yerli əhali bələdiyyələrin özbaşına fəaliyyəti haqqında məhkəməyə müraciət etməyi düşünürlər. Adıçəkilən kəndin sakinləri bildirirlər ki, qeyd olunan bütün faktlar diqqətlə araşdırılarsa, o zaman bələdiyyə sədri öz cəzasını ala bilər.