BolgeXeber.Com » Bölgə » İcra başçısı Ramiz Yediyarovun biganə münasibəti əhalini məyus edib

İcra başçısı Ramiz Yediyarovun biganə münasibəti əhalini məyus edib

4-09-2014, 15:10
Oxunub: 2 626 Rayonun mərkəzində yaşayan insanlar suyu pulla alırlar

Ermənistanla təmas xəttində yerləşən Gədəbəy rayonunda əhalini narahat edən bir sıra sosial problemlər mövcuddur. Sakinlər 2012-ci ildə icra başçısı vəzifəsinə təyin edilən Ramiz Yediyarova böyük ümidlər bəsləsələr də, bu günə kimi ondan gözlədikləri qayğını ala bilməyiblər. Yəni icra başçısı vətəndaşları narahat edən problemləri aradan qaldırmayıb, əksinə yeni problemlərin əsasını qoyub.Belə ki, Ramiz Yediyarovun iki illik rəhbərliyi dövründə rayonda sosial-iqtisadi vəziyyət xeyli pisləşib və yerli məmurlar vətəndaşlara əlavə problem yaradıblar. İş yerlərinin azlığı üzündən yüzlərlə gənc Bakıya və Rusiyanın müxtəlif bölgələrinə üz tutmaq məcburiyyətində qalıblar. Onu da bildirək ki, sakinlərin yetərli hissəsi baş alıb gedən məmur özbaşınalıqlarına öz etirazlarını açıq şəkildə bildirə bilmirlər. Çünki yuxarı qurumlara şikayət etmək fikrində olan insanlar həbslə və digər təzyiq üsulları ilə hədələnirlər. Beləcə, vətəndaşların güzəranı daha da ağırlaşır. Gədəbəylilərin son zamanlar ən çox əziyyət çəkdikləri sahələrdən biri də içməli su ilə bağlıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq ölkə ərazisində su təchizatı sistemləri yenidən qurulub. Görülən işlər nəticəsində əhalinin su təminatı yaxşılaşıb, sabit hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan suların qarşısı tam alınıb. Fasiləsiz su ilə təmin olunan binaların damında quraşdırılmış çənlər yığışdırılıb. Prezidentin tapşırığına əsasən bölgələrdə də su təchizatı yenidən qurulur və əhalinin içməli su ilə təminatı yüksək səviyyəyə çatdırılır. Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, Gədəbəy rayonunun mərkəzində yaşayan insanlar yay boyu içməli su üzünə həsrət qalıblar: "Yerli əhalinin içməli su ilə təminatı çox bərbad vəziyyətdədir. Gədəbəyin mərkəzində məskunlaşan insanlar içməli suyu pulla alırlar. Həftələrlə, bəzən aylarla su verilmir. Aidiyyəti qurumların nümayəndələri su qıtlığını boruların yenilənməsi ilə izah edir. Amma onlar bizi aldatmaq üçün belə deyirlər. Əslində, su xətlərinin dəyişdirilməsi ilə bağlı heç bir iş aparılmır. Dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitlərin kimin, yaxud kimlərin cibinə getdiyini bilmirik. İsti yay günlərində əməlli-başlı əzab çəkdik. Qarşıdan gələn payız və qış aylarında da eyni vəziyyət yaranacaq. Məcburiyyət qarşısında 20-30 manat verib maşınla su alırıq. Camaatda pul yoxdur". Deyilənə görə, Gədəbəyin kəndlərində vəziyyət daha acınacaqlıdır: "İnsanlar kilometrlərlə məsafə qət edib at, eşşək arabası ilə su daşıyır. İndi hansı əsrdə yaşayırıq? Gədəbəy Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinə, Sukanal İdarəsinin əməkdaşlarına dəfələrlə şikayət etmişik. Lakin heç kim gəlib vətəndaşların vəziyyəti ilə maraqlanmır. Gədəbəyin mərkəzində yerli məmurların və imkanlı şəxslərin yaşadıqları hissələrə su verilir. Yoxsul təbəqədən olan insanlar isə su üzünə həsrət qalıb. Allahın suyunu da bizə çox görürlər. Dövlət büdcəsindən ayrılan vəsaitlə rayonun nəinki mərkəzində, hətta dağ kəndlərində yaşayan insanların da içməli su problemini həll etmək olar. Sadəcə, bəzi vəzifəli şəxslərin müəyyən maraqları büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə imkan vermir. İcra başçısının əhalinin dolanışığından, şəraitindən xəbəri yoxdur. Ramiz müəllim bizim qeydimizə qalıb dərdimizə şərik olmaq əvəzinə ancaq özünü fikirləşir. Bu da bizi məyus edir, incik düşürük. İcra hakiminə demirik ki, gətirib bizə öz cibindən pul xərcləsin. Ondan normal yaşamağımız üçün şərait tələb edirik. Büdcədən rayonun sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin böyük hissəsi mənimsənilməsə, hər şey qaydasında gedər. Yəqin ki, ölkə rəhbərliyi nə vaxtsa bizim də səsimizi eşidib şikayətlərimizlə maraqlanacaq".

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.