BolgeXeber.Com » Bölgə » Gəncə Musiqi Kollecindı qeyri-qanuni qəbul biznesi

Gəncə Musiqi Kollecindı qeyri-qanuni qəbul biznesi

5-09-2014, 15:10
Oxunub: 5 013 Maliyyə Nazirliyi və Hesablama Palatası da yaxın vaxtlarda Gəncə Musiqi Kollecinə baş çəksələr lap yerinə düşər

Gəncə şəhəri, H.Əliyev prospekti 46 ünvanında yerləşən Gəncə Musiqi Kollecilə bağlı redaksiyamıza daxil olan şikayət xarakterli müraciətlərin ardı-arası kəsilmir. Belə ki, adıçəkilən kollecin 1929-cu ildə yaradıldığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, hazırda bu təhsil müəssisəsində musiqi müəllimliyi, instrumental ifaçılıq, xanəndəlik, vokal sənəti, xor dirijorluğu, musiqi nəzəriyyəsi və xalq çalğı alətləri ifaçılığı ixtisasları üzrə orta ixtisas təhsilli kadrlar hazırlanır.

Kollecdə tələbə kontingentinin ümumi sayının 726 nəfər olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, onlardan 625 nəfər əyani, 101 nəfər isə qiyabi təhsil alır: "Ödənişli əsaslarla təhsil alanların sayı isə 274 nəfərdir. Onu da qeyd edim ki, hazırda Gəncə Musiqi Kollecində bir sıra neqativ hallar yaşanmaqdadır. Belə ki, Gülçin Mizrəyevanın direktoru olduğu təhsil müəssisəsində qeyri-qanuni tələbə qəbulu, semestr imtahanlarında həyata keçirilən icbari yığımlar narahatlıq doğuran əsas amillər kimi qeyd olunur. Məhz elə bu kimi səbəblərə görə, kollecin fəaliyyəti Gəncə sakinləri tərəfindən qeyri-kafi qiymətləndirilir. Çünki Gəncə Musiqi Kollecində ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və burada çalışan pedaqoji heyətin ixtisas səviyyəsi əksəriyyət tərəfindən məqbul hesab olunmur".

Kollec direktorunun bir sıra valideynlərlə razılaşaraq onların övladlarını qeyri-rəsmi şəkildə dərslərdən azad etdiyini bildirən mənbənin sözlərinə görə, bu proses də maraqların qarşılıqlı təmin olunması əsnasında baş tutur: "Yəni valideynlər kollec rəhbərliyinin tələblərini icra etdikdən sonra dərslərdə iştirak etməyən tələbələr də digərləri kimi yekunda diplomla təmin olunur". Sözügedən təhsil ocağının fəaliyyətinin hələ də ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab vermədiyini deyən mənbənin iddiasına görə, kollec rəhbərliyinin başı digər məsələlərə qarışdığından tələbələri, eləcə də onların valideynlərini narahat edən problemlərə əhəmiyyət verən yoxdur: "Bütün bunlar onu göstərir ki, bu gün Təhsil Nazirliyinin Gəncə Musiqi Kollecində geniş miqyaslı araşdırmalar aparması üçün kifayət qədər əsas var. Eləcə də Maliyyə Nazirliyi və Hesablama Palatası da yaxın vaxtlarda Gəncə Musiqi Kollecinə baş çəksələr lap yerinə düşər. Yəqin ki, bu, bir sıra nöqsanların aşkarlanıb aradan qaldırılmasına yardımçı olar. Çünki Gəncə Musiqi Kolleci öz fəaliyytilə milli musiqimizin təbliği, tədqiqi və inkişafı baxımından son illər əldə olunan uğurları kölgə altına alır. Burada müşahidə olunan nöqsanlara bəlkə də ölkənin heç bir musiqi təhsil müəssisəsində rast gəlmək olmaz. Gəncə sakinləri də təsdiqləyə bilərlər ki, özünəməxsus ənənələrə, şərəfli tarixə malik olan Gəncə Musiqi Kolleci son illər rəhbərlik tərəfindən yol verilən ciddi nöqsanlar səbəbindən əməlli-başlı gözdən düşmək üzrədir. Yəni bütün bunlar - şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində çatışmazlıqlar, tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi və bu kimi digər hallar təhsil müəssisəsinin adına heç layiq olmadığı ləkə gətirməkdədir. Odur ki, bu tip məqamlar məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması zərurətini ortaya qoyur".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.