BolgeXeber.Com » Bölgə » Yexlaxın "Sobez"indən şikayətlər səngimir

Yexlaxın "Sobez"indən şikayətlər səngimir

10-09-2014, 13:10
Oxunub: 3 558 Yevlaxda kasıb ailələrə kimlər problem yaradır?

Səlim Müslümov da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunduqdan sonra bəzi rayonlarda ünvanlı sosial yardımların verilməsi zamanı yaranan problemlər qismən də olsa aradan qaldırıldı. Qeyd edək ki, ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində artıq bir sıra yeniliklər edilib. Məsələn, sosial müavinətlər kimi ünvanlı yardımlar da aylıq hesablara köçürüləcək.

Ancaq ünvanlı yardımların verilməsi zamanı xoşagəlməz hallara şərait yaradılmasına qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, bəzi şəxslər Səlim Müslümovun etibarından istifadə edərək özbaşına işlərlə məşğul olur. Buna görə də, bir sıra rayonların "Sobez"lərindəki çatışmazlıqlar mətbuatın diqqət mərkəzindədir. Kütləvi informasiya vasitələrinə bununla bağlı daxil olan məlumatlar, habelə ayrı-ayrı rayonların sosial müdafiə mərkəzlərindəki xoşagəlməz hallar ictimaiyyətin diqqətini bu sahədə baş verənlərə yönəldib. Mətbuat, o cümlədən kütləvi informasiya vasitələri vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə, respublikanın bir neçə rayon sosial müdafiə mərkəzlərinin direktorlarının və əməkdaşlarının vəzifələrindən kənarlaşdırılması, bu prosesdəki nöqsanlar barədə mütəmadi olaraq ətraflı xəbərlər yayır. Xatırlayırsınızsa, yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi (ƏƏSMN) Yevlax rayon şöbəsinin qarşısında III qrup əlil Nizami Kərimov özünü yandırdı. Baş verənlər göstərdi ki, sakinlərin ƏƏSMN-in Yevlax rayon şöbəsinin fəaliyyətindən o həddə çatıb ki, artıq onlar, xüsusən də əlillər şirin canlarına qəsd etməli olurlar. Düzdür, rayonun bəzi məmurları ictimailəşən bu faciəyə görə əlilin könlünü almağa səy göstərdilər. ƏƏSMN-in Yevlax şöbəsindən əlilin ailəsinə 200 manat pul da göndərildi. Həmin pulu Yevlax rayon Sosial Müdafiə Mərkəzindən verdilər. Məmurlar dedilər ki, pul lazım olsa, yenə verəcəyik. Əlilin özünü yandırmasından sonra ƏƏSMN rəhbəri Səlim Müslümov Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmovu işdən azad etdi. R.Məhərrəmovun vəzifəsini mərkəzin direktor əvəzi, əvvəllər başqa rayonda Ucarda "Sobez" rəhbəri olmuş Natiq Məmmədov da sonradan bu vəzifədən kənarlaşdırıldı.

Etibarlı mənbələrdən aldığımız bilgilərə əsasən vəzifəyə yeni təyin olunan direktor ona göstərilən etimadı heç cür doğrultmur. Yevlax camaatı mərkəzin sabiq rəhbərinə rəhmət oxuyur. Əvvəlki sədrin dövründə vəziyyət indiki kimi deyildi. Yeni sədr az müddətdir vəzifəyə keçməsinə baxmayaraq, artıq əsl məqsədinin nədən ibarət olduğunu yerli əhaliyə bildirib. O, işinin icrasına başladığı ilk günlərdə fəaliyyətini tam şəffaf prinsiplər üzərində quracağına söz vermişdi. Lakin direktor açıq şəkildə bəzi işlərlə məşğuldur. Ünvanlı yardımların təyin edilməsi zamanı müxtəlif haqsızlığa yol verilir. Belə ki, mərkəz rəhbəri sosial yardım almaq üçün bura müraciət edən aztəminatlı ailələrin qarşısında ağır "şərt" qoyur". Əks təqdirdə, kasıb ailələr sosial yardımların alınmasında bir sıra problemlərlə üzləşirlər. Sakinlər bildirirlər ki, ƏƏSMN-in rayon şöbəsinin bəzi işçiləri nazirlik rəhbərliyinin tapşırıqlarına məhəl qoymayaraq özünəməxsus formada fəaliyyət göstərir. Nəticədə bütün sənədləri qaydasında olan kasıb insanlar süründürməçiliyə məruz qalır. Mərkəzin işçiləri belə insanları sənəd bəhanəsi adı ilə get-gələ salırlar. Bəzi insanlar üzləşdiyi vəziyyətdən bezib ünvanlı yardım almaq istəmir. Günlərlə dilinə çörək dəyməyən sakinlər var ki, ünvanlı yardım almaqda böyük çətinliklə üzləşir. Amma evi, xarici maşını və işi olan bəzi sakinlər Yevlax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hər ay sosial yardım alır. Halbuki kasıb ailələrin ünvanlı yardım almalarında bir sıra problemlər mövcuddur. Dövlətin yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən ünvanlı sosial yardım siyasətindən vətəndaşlar bəhrələnmək istəsələr də, bu, hələ ki, bəzi yerlərdə istək olaraq da qalır. Əksər hissəsi işsiz olan kənd təsərrüfatı ilə məşğul olmağa torpağı, heyvanı olmayan sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilmirlər. Rayonda kifayət qədər imkansız, kasıb ailələr olduğu halda, onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Çünki sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər.

gundelik-baku