BolgeXeber.Com » Bölgə » Daşkəsəndə məmurlar sakinlərin pay torpağını öz sürülərinin örüşünə çevirib

Daşkəsəndə məmurlar sakinlərin pay torpağını öz sürülərinin örüşünə çevirib

27-09-2014, 18:55
Oxunub: 2 488 "Bunu uçururdusa, pulunu ödəməli idi. Axı dövlət var, qayda-qanun var”

Daşkəsən rayon sakini, sahibkarlıqla məşğul olan Nuriyyə Məmmədova virtualaz.org saytına müraciət edərək onlara ayrılmış pay torpaqlarından istifadə edə bilməmələrindən şikayətlənib.

N.Məmmədova deyir ki, o, maldarlıqla məşğuldur, əkin-biçin sahəsi də var, amma problemləri də yox deyil: “Təsərrüfatla məşğul olmaq üçün bizə dövlət tərəfindən torpaq sahələri ayrılıb. Amma bu torpaqlardan, mülkiyyətdən özümüz, yəni yerli əhali istifadə edə bilmirik. Kənd camaatının pay torpaqları satılır, kənar adamlara, məmurlara məxsus mal-qara, qoyun-quzu sürülərini gətirib yerli vətəndaşların, sahibkarların torpaqlarında otarırlar. Bu yerlər rayon rəhbərləri tərəfindən kənardan gələn mal-qara, sürü sahiblərinə satılır və ya icarəyə verilir. Özümüz yerli ola-ola oradakı torpaqlarımızda mal-qara saxlaya bilmirik, amma kənardan bura mal-qara, qoyun-quzu sürüləri gətirilir. Hara müraciət ediriksə, baxmırlar, hüququmuzu tələb edəndə isə polisin təzyiqi ilə üzləşirik”.

N.Məmmədovanın iddiasına görə, kənardan gətirilən sürülər rayon sakinlərinin torpaq sahələrinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Daşkəsən rayon şöbəsinin sədri Şahbaz Mehdiyev tərəfindən yerləşdirilir: “Şahbaz Mehdiyev deyir ki, bunlar prokurorun, nazirin sürüləridir, bunları burada yerləşdirməliyik. Şahbaz Mehdiyev bizim torpaqlarımızı 2-3 min manata örüş kimi icarəyə verir. Biz isə hüququmuzu tələb edib o mülkiyyətdən istifadə edə bilmirik”.

Sahibkarın dediyinə görə, pay torpağı özünün şəxsi əmlakı olsa da onun heyvanlarını iki gün postda (Daşkəsəndə hərbi hissələrə yaxın ərazilərdə postlar qoyulub-red.) saxlayaraq buraxmayıblar: “Mayın 25-də heyvanlar iki gün postda qaldı. DİN-in 102 xidmətinə müraciət etdim. Polis dedi icra başçısının tapşırığı var ki, mütləq buraxılış vərəqəsi olmalıdır. Dedim ki, mülkiyyət mənimdirsə, ondan istifadə eləməliyəm, niyə buraxılış vərəqəsi almalıyam. Bu, neçə illərdir ki, belədir. Şikayətimizə baxan yoxdur. Məhkəməyə müraciət edirik, deyirlər get Gəncəyə, Bakıya müraciət elə, nə istəyirsiniz edin”.

N.Məmmədovanın sözlərinə görə, ötən il Daşkəsən Rayon Məhkəməsinə müraciət etsə də işə baxılmayıb: “Məhkəmədə mənə dedilər ki, siz kənar yerdən gələn sürüləri bura salıb ziyan vurursunuz, oradan istifadə edə bilməzsiniz. Amma hazırda həmin torpaqları bələdiyyələrlə Şahbaz Mehdiyev satır, mən yox. 20 hektar pay torpağım, 130 hektar bələdiyyə torpağım, 700 baş qoyun-quzum var. Öz torpağım ola-ola mal-qaramı saxlamaq üçün aparıb başqa adamlara vermişəm. Gədəbəydə “Gəlin qaya” adlanan yaylaq var, heyvanlarım hazırda oradadır.

İcra başçısı Əhəd Abıyev məni üç dəfə yanına çağırdı. Şahbaz Mehdiyevin yanında mənə dedi ki, sən heyvanı öz torpaq sahənə gətir, ora başqa adamın sürüsü gəlməyəcək. Dedim, bu adam mənə aid olan torpaq sahəsində üç sürü saxlayır, bir buraxılış vərəqəsinə üç dənə sürü yerləşdirib. İcra başçısı “eləmi” deyib getdi.

Onu da deyim ki, bu iş üzrə məhkəmənin çıxardığı qətnamələrdə göstərilib ki, o torpaqlara sürü gələ bilməz. Tələbim odur ki, bu saxta qətnamələr araşdırılsın. Mənim bələdiyyə yerlərimi ləğv eləyirlər ki, ora sürü salına bilməz. Bu qətnamələr xahişə, rüşvətə yazılıb. Kənardan gələn sürüləri mənim adıma yazırlar ki, onları guya mən gətirirəm. Neçə illərdir məhkəmə qapılarında qalmışam. Eyni sözü, eyni xahişləri yerinə yetirirlər. Məndə kənardan gətirilən sürülərin çəkilişləri, kasetləri də var. Amma hüquqlarımı pozub bunu mənim adıma çıxarırlar. Deyirlər, guya filan nazirin, filan prokurorun heyvanıdır, burada otarmalıyıq. Prokurorun, rəisin, Göygöl Rayon Təhsil Şöbəsinin müdirinin qoyun-quzuları bizim torpaqlarda saxlanılır. Düz söz deyəndə də adama demaqoq kimi baxırlar”.

Şikayətçinin dediklərinə görə, rayon sakinlərindən bir neçə vətəndaşın, o cümlədən də onun qarajı icra başçısı tərəfindən sökülüb: “Qarajımızı söküb yerində “Yeni həyat” şadlıq evi tikdilər. İcra başçısı Əhəd Abıyev söz vermişdi, demişdi ki, qarajlarınızı tikdirib verəcəm, abadlıq işi aparırıq, burda xeyir-şər evi tikirik.

Biz də razılaşdıq. O vaxt qarajı təmir etmək üçün bankdan 10 min dollar kredit götürmüşdüm. Bu günə kimi icra başçısı nə qarajımı tikib özümə qaytardı, nə də mənə dəyən ziyanı ödədi. Bunu uçururdusa, pulunu ödəməli idi. Axı dövlət var, qayda-qanun var”.

Sahibkarın bu ittihamları ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əhəd Abıyevlə əlaqə saxladıq.

Əhəd Abıyev

İcra başçısı virtualaz.org saytına açıqlamasında sahibkar N.Məmmədova ilə Şahbaz Mehdiyev arasındakı çəkişmənin kökünün uzun illər əvvələ gedib çıxdığını dedi: “Nuriyyəyə dedim ki, bir az səbrli ol, hər şey qanun çərçivəsində həll olunacaq. Şahbazla onun arasında çəkişmə köhnənin söhbətidir, uzun illərdir davam edir, bununla bağlı məhkəmə də olub. Amma bir dənə məhkəmə qərarı Nuriyyənin xeyrinə çıxarılmayıb. Hətta o, cərimə də olunub. Əgər deyilən ərazi, mal-qara doğrudan da Nuriyyə xanımındırsa, buna görə sənəd, arayış təqdim etməlidir. Müəyyən adamların adını çəkir, sabah həmin şəxslər onu məhkəməyə verə bilər. Doğrudan da onun əlində hansısa videoçəkiliş varsa, mənə də təqdim etsin, araşdıraq, baxaq”.

Qaraj məsələsinə gəlincə isə Ə.Abıyev həmin yerin heç bir sənədinin, sərəncamının olmadığını dedi.