BolgeXeber.Com » Bölgə » Bakıxanov sakinləri təhlükə ilə üz-üzədirlər

Bakıxanov sakinləri təhlükə ilə üz-üzədirlər

4-02-2015, 14:10
Oxunub: 3 128 Sahibsiz itlər vətəndaşları cana yığıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsi Elşən Mehdiyev küçəsinin sakinləri tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub. Ərizədə bildirilir ki, qəsəbə sakinləri sahibsiz itlərin əlindən cana yığılıblar. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ ilə bağlı hər hansı bir addım atılmayıb. Vətəndaş sahibsiz itlərin hücumuna məruz qalmaqdan qorxurlar.

Sahibsiz itlərə qarşı mübarizənin həyata keçirilməsinə baxmayaraq, sahibsiz itlərin sayı durmadan artır. Xüsusilə də quduzluq xəstəliyinin yayılmasına, eyni zamanda insanları qorxu içərisində yaşamasına səbəb olur. Xüsusilə də şəhərətrafı qəsəbələrdə sahibsiz itlərə daha çox rast gəlmək mümkündür. Bizə edilən şikayətdə qeyd olunur ki, sahibsiz itlərin əlindən nə gecələri var, nə də gündüzləri. Səhərlər dərsə, işə gedənlərə problemlər yaradır: "Birdən-birə bir neçəsi insanların üzərinə hücum edir. Məktəb yaxınlıqda olsa da, uşaqlar itlərin əlindən məktəbə tək gedə bilmirlər. Hər gün qəsəbə uşaqlarını valideynləri məktəbə aparıb -gətirir. Bizim narahatlığımız odur ki, uşaqlar qorxudan xəstəlik tapacaqlar. Bundan başqa küçədə qalmış heyvanlardır. Heç kəs maraqlanmır. Bəlkə elə quduzluğa tutulmuş itlərdir. Sabah uşaqlarımız xəstəliyə tutularsa kim buna cavab verəcək. Xahiş edirik lazımi qurumlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Elşən Mehdiyev küçəsinə baxış keçirsinlər. Bu qəsəbəni sahibsiz itlərdən xilas etsinlər".

Hətta redaksiyamıza daxil olan şikayət ərizəsində o da bildirilir ki, gecələr itlərin səsindən yatmaq müşkül məsələyə çevrilib. Gecələr vətəndaşların həyətlərinə girirlər. Həyət-bacanı pis günə qoyurlar.

Bunlara qarşı mübarizə tədbirləri güclənməzsə, vəziyyət daha da təhlükəli həddə çata bilər. Çünki artıq toyuqları küçəyə buraxmırlar və belə olanda ac itlər insanları da hədəf seçə bilər.

Qeyd edək ki, dəfələrlə sahibsiz itlərlə bağlı poliqonun yaradılacağı deyilsə də, hələ ki, bu işdə irəliləyiş müşahidə olunmur. Belə ki, poliqonların yaradılması təcrübəsi bır sıra ölkələrdə var. Həmin ölkələrdə sahibsiz itlər tutulur və onlar üçün ayrılmış xüsusi ərazidə saxlanılır. İtlər yaşa dolduqda isə onlara iynə vurularaq öldürülür və daha sonra cəsədləri yandırılır. Poliqon yaradıldıqdan sonra Bakıdakı sahibsiz itlər oraya təhvil veriləcək. Hazırda Azərbaycanda sahibsiz itlərdən heç bir məqsədlə istifadə edilmir. Nəzərə alaq ki, antisanitar şəraitdə yaşadıqları üçün küçə itlərinin dərisi yaxşı olmur. Amma yaxşı qulluq edildikdən sonra onların dərisi də yaxşılaşa bilər.

Xarici ölkələrdə itlərin poliqonu şəhərdən kənarda yerləşir. Bu poliqonda itlərin saxlanması üçün lazım olan vəsait dövlət tərəfindən verilir. Eyni zamanda, burada itlərə həkimlər tərəfindən vaxtlı-vaxtında quduzluğa qarşı iynələr vurulur. Bir sözlə, sahibsiz heyvanlara qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Əgər vətəndaşı it dişləyibsə, zərərçəkən ilk növbədə, yaxınlıqda yerləşən tibb məntəqələrinə müraciət etməlidir. Orada vətəndaşa ilkin peyvənd xidməti göstərilməli, quduzluğa qarşı zərdab vurulmalıdır. Bu halda it dişləməsinin fəsadları olmur. Ümumilikdə it dişləmələri məlum və naməlum itlər tərəfindən baş verir. Vətəndaşı həyətindəki it dişləyirsə, onun hansı it tərəfindən dişlənildiyi məlum olur. Amma küçədə hansısa it dişləyirsə, onu tapmaq olmur, bu halda hadisə üzrə tədqiqat aparmaq da çətinləşir. Ona görə də sahibsiz heyvanlara qarşı ciddi tədbirlər aparılmalıdır.