BolgeXeber.Com » Bölgə » Hacıqabulun təhsil sistemi problem içindədir

Hacıqabulun təhsil sistemi problem içindədir

26-02-2015, 18:02
Oxunub: 3 360 Hacıqabulun təhsil sistemi problem içindədirRTŞ müdiri Şükür Məmmədov ona tapşırılan işləri tələb olunan səviyyədə həyata keçirmir

Şöbəyə tabe olan əksər təhsil ocaqlarında özbaşınalıq baş alıb gedir

Hacıqabul rayonunda təhsil sahəsində çox ciddi problemlər hökm sürür. Bu barədə əldə etdiyimiz məlumatlarda deyilir ki, Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Şükür Məmmədov təhsil şəbəkəsinə aid olan müəssisələrə istənilən səviyyədə nəzarət edə bilmir, həmçinin ona tapşırılan işləri tələb olunan şəkildə yerinə yetirmir. Rayonun təhsil sistemində üzə çıxan problemlərə keçid almazdan öncə qısaca qeyd edək ki, Hacıqabul RTŞ 1990-cı ildən fəaliyyət göstərir. Rayonda 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə, 3 məktəbəqədər müəssisə var.

Ümumtəhsil məktəblərindən 3-ü ümumi orta, 29-u tam orta məktəbdir. Tam orta məktəblərdən biri beynəlmiləl, 1-i məktəb lisey kimi fəaliyyət göstərir. Hacıqabulun tam orta məktəblərindən 9-u rayon mərkəzində yerləşir. Şagirdlərin təlim-tərbiyəsi ilə 823 nəfər müəllim məşğul olur. Məktəblərdən 20-i birtipli layihə əsasında tikilmiş binada, 12-i isə uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Xatırladaq ki, bir müddət əvvəl Hacıqabul Rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisəsinin rəhbəri ilə bağlı mətbuata müraciət etmişdilər.

Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda nələrsə verdiyi bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq maaş kartları öz sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb. Qeyd olunub ki, direktor digər texniki vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini saxtalaşdıraraq uzun müddətdir işə gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir: “Bir zamanlar hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib, uzun müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı sayəsində bu xətt ləğv edilib”. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də Hacıqabul RTŞ-nin müdiri Şükür Məmmədov yazılanlarla bağlı bir tədbir gördü. Bu səbəbdən rayonda təhsilin səviyyəsi hər keçən gün bir az da aşağı düşür. Bizə çatan məlumatlara görə, rayonda fəaliyyət göstərən məktəblərdə dərs bölgüsü qanunvericilik səviyyəsində yox, direktorların şəxsi istəyi ilə aparılır: “Bəzi direktorlar bölgü zamanı dərsləri nələrinsə müqabilində qeyri-ixtisas müəllimlərinə verirlər. Təbii ki, şöbə müdirinin razılığı əsasında. Ümumiyyətlə, rayonda heç bir təhsil ocağının rəhbəri Şükür Məmmədovla razılaşdırmadan hansısa işi görmür. RTŞ müdiri nəyəsə razılıq verirsə, direktorlar dərhal həmin tapşırığı icra edir. Əksər məktəblərdə “ölü canlar” saxlanılır. Belə ki, bir neçə direktor özlərinə yaxın olan adamları məktəbdə texniki işçi kimi işə düzəldərək dövlətdən hər ay onların adına maaş alır. Həmin kartlar direktorlarda qalır.

Bundan başqa, gənc müəllimlərin məzuniyyəti düzgün hesablanmır. Buna görə də məktəb rəhbərləri məzuniyyət pullarından bir hissəsini özlərinə götürüb şöbə müdirinə çatdırırlar. Rayonun təhsil müəssisələrində yaşanan özbaşınalıqlarla bağlı Hacıqabul Təhsil Şöbəsinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq, bu problemlə bağlı heç bir nəticə olmayıb”. Etibarlı mənbənin dediyinə görə, təhsil şöbəsinin müdiri Şükür Məmmədovun başı tamam başqa işlərə qarışdığından o, üzərinə düşən işi lazımi səviyyədə icra edə bilmir: “Ötən iki ildə təhsil şöbəsinə ayrılmış vəsaitin 34370 manatı təhsil müəssisələrinin cari təmir işlərinin satın alınmasına sərf edilib. Əsaslı təmir işlərinin satın alınmasına ayrılmış 37053 manat da eyni şəkildə sənədləşdirilib. Yumşaq inventarların satın alınmasının sənədlərdə 27548 manata başa gəldiyini qeyd edən Şükür Məmmədov digər alışlar və xidmətlərin satın alınmasına ayrılmış 32556,3 manatı da bu formada sənədləşdirib. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasına 49827 manatın xərcləndiyini sənədləşdirmək isə ancaq əlavə qazanc əldə etmək niyyətindən irəli gələn haldır. Digər maşın və avadanlıqların satın alınması üçün ayrılmış 45990 manat da bu aqibətlə üzləşib. Bərk inventarların satın alınması üçün nəzərdə tutulmuş 188457,8 manat da şöbə müdirinin maraqlarının təmin olunması üçün sərf olunub. Şükür Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun təhsili acınacaqlı hala düşüb”. Yaxın günlərdə təhsil şöbəsinin müdirinin bərk və yumşaq inventarların, kompüterlərin, lövhələrin, printerlərin və digər avadanlıqların alınması zamanı yol verdiyi əyrintilər haqda böyük yazı dərc edəcəyik. Çox istərdik ki, təhsil naziri Mikayıl Cabbarov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin nümayəndələri Hacıqabul RTŞ-nin fəaliyyətini yoxlasın, şöbə müdirinin dövlət büdcəsinə vurduğu ziyanın həcmini dəqiqləşdirib onu cəzalandırsınlar.gundelik-baku

Qarşı tərəfi də dinləyə bilərik.