BolgeXeber.Com » Bölgə » FHN Lerikdə qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb

FHN Lerikdə qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb

2-03-2015, 17:20
Oxunub: 3 084 FHN Lerikdə qaş düzəltdiyi yerdə, vurub göz çıxarıbƏlaqə qurmaq üçün yeganə yolda aparılan sistemsiz qazıntı işləri rayona giriş-çıxış edənlərə cəhənnəm əzabı yaşadır

Azərbaycanın ən ucqar rayonlarından olan Lerikə gediş-gəlişdə ciddi problemlər yaranıb. Lənkərandan rayona uzanan yolla hərəkət isə təhlükəli vəziyyətə düşüb.

Jam.az xəbər verir ki, FHN hazırda yolların genişləndirilməsi adı altında ərazidə bir sıra qazıntı işləri təşkil edib. Həmin qazıntı işlərinin təkcə yolun genişləndirilməsi üçün deyil, həmçinin «İpək Yolu»nun çəkilişində istifaə olunan torpağın Lerik dağlarından daşınması məqsədi güdür. Nəticədə, hal hazırda Lerikdən Lənkərana uzanan və rayon üçün həyatı əhəmiyyət daşıyan yol keçilməz hala düşüb.

Aldığımız məlumatlardan o da məlum olur ki, yolların müxtəlif yerlərində aparılan qazıntı işləri o həddə biabırçı şəkil alıb ki, avtomobillə hərəkət etmək belə mümkün deyil. Yol kənarlarının qazılması, ayrı-ayrı hissələrdə asfalt örtüyünün tamamilə sıradan çıxması da əhalidə narazılıq yaradıb. Onlar problemin birdəfəlik həllini tələb edirlər.

Bu əsnada qeyd edək ki, Lerik-Lənkəran yolunun 17-ci km-liyi də təhlükəli zonalardan hesab olunur. Səbəb isə bu ərazidə mütəmadi olaraq torpaq sürüşməsinin baş verməsidir. Əraziyə nəzarət edən 43 saylı Yol İstismarı İdarəsinin rəsmiləri deyirlər ki, yolun genişləndirilməsi və ya yenidən qurulması üçün onların yetərli qədər imkanları yoxdur. Daha doğrusu, bu həddindən artıq iri layihədir və bir idarənin təkbaşına onu reallaşdırması mümkün deyil.

Elə bu səbəbdəndir ki, rayon rəhbərliyi təşəbbüslə çıxış edərək, Lerikə alternativ yolun çəkilməsini istəyirlər. Çünki Lənkəran-Lerik yolu rayona gediş-gəliş üçün yeganə yoldur və onun mütəmadi olaraq bərbad hala düşməsi bütün əlaqələrin kəsilməsinə gətirib çıxarır. Belə olan təqdirdə, alternativ yolun istifadəyə verilməsi zərurətə çevrilib.
BOLGEXEBER.COM