BolgeXeber.Com » Bölgə » “Aqrolizinq" ASC-nin rayon şöbələrində nələr yaşanır?

“Aqrolizinq" ASC-nin rayon şöbələrində nələr yaşanır?

13-03-2015, 17:11
Oxunub: 4 064 “Aqrolizinq" ASC-nin rayon şöbələrində nələr yaşanır?Daha altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılacaq

Məlum olduğu kimi, Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrlərdə ölkənin kənd təsərrüfatının maşın-traktor parkı əsasən köhnəlmiş texnikalardan ibarət idi. Əvvəlki illərdə alınmış kənd təsərrüfatı maşınlarının istismar müddəti başa çatmış, köhnələrək sıradan çıxmışdı. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçıları aqrotexniki tədbirləri müasir tələblərə uyğun qaydada yerinə yetirə bilmir, texnikanın tez-tez sıradan çıxması nəticəsində böyük xərclər çəkirdilər. Həmçinin becərilən məhsulun böyük bir hissəsi də itkiyə məruz qalırdı. Texnikanın çatışmazlığı səbəbindən aqrotexniki işlər gecikdirilir və keyfiyyətsiz aparılırdı. Hazır məhsulun daşınması və saxlanılması məsələlərində də kifayət qədər problemlər mövcud idi.

Ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə təcili dövlət tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdı. Məhz belə xüsusi tədbirlərdən biri kimi də Azərbaycan Respublikasının Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Əlbəttə ki, bütün bunlar "Aqrolizinq" ASC-nin rəsmən tanınmış, necə deyərlər, görünən funksiyalarıdır. Bu gün "Aqrolizinq" ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin cəmiyyətin rayon filiallarının fəaliyyəti də yerli sahibkarlar tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Belə ki, rayonlarda əkin və biçin zamanı kombayn çatışmazlığı ucbatından rayonlarda "Aqrolizinq" ASC-nin rayon şöbələrinə qarşı əhalinin narazılığı haqlı olaraq artmış olur. Çünki dövlətin milyonlarla manat xərcləyərək aldığı müasir taxıl biçən kombaynların toplandığı "Aqrolizinq" ASC-nin rayon filiallarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. "Aqrolizinq" ASC-nin rayon filiallarının servislərində taxıl biçən kombaynlar ilkin olaraq varlı insanların, əsasən də məmurların əkin sahələrində çalışdırılır. Onsuz da kasıb olan yoxsul təbəqələrin isə sahələrinə kombaynlar verilmədiyinə görə, kasıbların məhsulları həddindən artıq yetişərək yerə tökülür. Bu sosial bərabərsizlik doğrudan da, kənd əhalisində hakimiyyətə və dövlətə olan inamı sarsıdır. Çünki onsuz da var-dövlətləri başından tökülən məmur təbəqəsinin bitib-tükənməyən tamahı yoxsul insanların son ümidlərinin məhv olmasına yol açır. Məsələn, hələ 2008-2009-cu illər üzrə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123 min manat dövlət vəsaitinin mənimsənildiyi müəyyən edilmişdi. Nəticədə Qusar rayon filialının o vaxtkı müdiri buna görə doqquz il azadlıqdan məhrum edilmiş, Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilmişdi. Həmçinin "Aqrolizinq"in Bərdə filialının rəhbəri də bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə həmin filialda nə az, nə çox, düz 160 min manat dövlət vəsaitinin mənimsənilməsinin aşkara çıxması olmuşdu. Lakin qeyd edək ki, bu kimi faktlar kifayət qədər olsa da, hazırdı "Aqrolizinq" ASC-nin rayon filiallarında vəziyyət eyni olaraq qalmaqdadır. Və çox güman ki, bu durumdan yuxarı instansiyalar da xəbərdardır. Çünki bir neçə gün öncə, "Aqrolizinq" ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb. Nazirlikdən verilən məlumata görə, nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. Və o da qeyd olunub ki, altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək.

Sonda onu da vurğulayaq ki, həqiqətən də, bu gün bəzi rayonların aqroservis filialları barədə ciddi ölçülər götürülməlidir. Bəlkə o zaman həmin rayon filial rəhbərləri vəzifələrinin nə olduğunu və hansı işləri icra etməli olduqlarını xatırlayarlar.gundelik-baku.