BolgeXeber.Com » Bölgə » Oğuzda filial müdiri fermerlərin başına oyun açır

Oğuzda filial müdiri fermerlərin başına oyun açır

23-04-2015, 14:22
Oxunub: 3 503  Oğuzda filial müdiri fermerlərin başına oyun açır"Aqrolizinq"in Oğuz rayon filialında qanunsuzluq baş alıb gedir

"Aqrolizinq"in Oğuz rayon filialında qanunsuz hərəkətlərə yol verilir. Belə ki, filial müdiri ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Hər kəsə bəllidir ki, sözügedən rayonun iqlim şəraiti çox əlverişlidir.

Bu, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir. Rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və meyvəçilikdir. Fikrət Cabbarov əkinçiliklə məşğul olan vətəndaşlara aman vermir. Filialın balansında olan kənd təsərrüfatı texnikaları əsasən imkanlı şəxslərin və yerli məmurların sahələrində işlədilir. Vətəndaşlara təklif olunan texnikalar isə istifadə müddətini başa vurduğuna görə yararsızdır. Bu da kəndlilərin narazılığıa səbəb olur. Onlar kənd təsərrüfatı texnikalarının imkanlı şəxslərə verilməsinə görə narazılıq edirlər. Rayon sakinləri əkin-biçin zamanı texnika tapa bilmir. Filial müdiri texnikanı verəndə də elə şərtlər irəli sürür ki, gəl görəsən. Həmin şərtlər o qədər ağır olur ki, ondan istifadə etmək mümkün olmur. Ona görə də ilbəil rayonda kənd təsərrüfatı üzrə məhsuldarlıq aşağı düşür. Maraqlıdır ki, Fikrət Cabbarovun bu cür özbaşınalığına söz deyən yoxdur. Cabbarov istədiyini edir. Sanki dövlət qurumu filial müdirinin şəxsi əmlakıdır. Ürəyi nə istəyir, onu da edir. Bu şəxsə gözün üstündə qaşın var deyən yoxdur. Görünür, Cabbarova "krışalık" edən şəxs çox güclüdür. Ona arxayın olaraq fermerlərin başına min cür oyun açır. Amma filial müdirinin belə qanunsuzluqlara yol verməyə haqqı yoxdur. Bu şəxsin fəaliyyəti nəzərdən keçirilməlidir. Fermerlərin durumunun daha da pisləşməməsi üçün müvafiq qurumlar tərəfindən lazımi addımlar atılmalıdır. Məlumat üçün bildirək ki, ASC texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etməklə məşğuldur. Təəssüf ki, "Aqrolizinq"in Oğuz rayon filialının müdiri bütün bunları yaddan çıxarıb. Öz işində məsuliyyətsizdir və qurumu öz şərtləri ilə idarə edir. Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır.

Bundan başqa bu filialda kənd təsərrüfatı texnikası və gübrələrin saxlanılması üçün şərait müasir tələblərə cavab vermir. Bunu nəzərə alaraq son illər Prezidentin ehtiyat fondundan "Aqrolizinq" ASC-yə milyonlarla manat vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.

Ona görə də ölkə başçısının bu sahəyə diqqətini nəzərə alsaq, yerlərdəki qurumlar da bu sahənin inkişafı istiqamətində əllərindən gələni etməlidirlər. Ona görə də "Aqrolizinq"in yerlərdəki şöbələri öz fəaliyyətlərini yenidən gözdən keçirsələr, daha yaxşı olar.