BolgeXeber.Com » Bölgə » Qazaxın yeni icra başçısı ilə bağlı ilk ŞİKAYƏT

Qazaxın yeni icra başçısı ilə bağlı ilk ŞİKAYƏT

1-06-2016, 19:29
Oxunub: 3 809 Qazaxın yeni icra başçısı ilə bağlı ilk ŞİKAYƏT Rəcəb Babaşov əhalidə hələ ki, kabinet məmuru təəssüratı yaradıb

Məlum olduğu kimi, bir neçə gün öncə ölkə prezidentinin imzaladığı müvafiq sərəncamla Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edildi. Rayon camaatının böyük hissəsi bu təyinatın uğurlu alınacağını fikirləşirdi. Və gözləyirdilər ki, yeni icra başçısı köhnə rəhbərlikdən fərqli olaraq əhali ilə tez-tez görüşlər keçirib, onları narahat edən problemlərlə maraqlanacaq. Amma sakinlərin bu istiqamətdə gözləntiləri hələ ki, özünü doğrultmayıb. Gundelik-baku.com-a danışan bir qrup Qazax rayon sakini yeni icra başçısının hələlik fəaliyyətsiz olduğunu bildiriblər: «Rəcəb müəllimin vəzifəyə təyinatının hələ 1 ayı tamam olmayıb. Lakin bununla belə yeni icra başçısı bu posta təyin olunandan sonra Qazaxda canlanma yaratmalı idi. İnanırsınız ki, rayonda icra başçısının dəyişdirilməsi zərrə qədər də hiss olunmur. Adətən hansısa rayona təzə başçı qoyulanda həmin şəxs birinci növbədə əhali ilə görüşür, kəndlərlə tanış olur və rayonu tanımağa çalışır. Rəcəb Babaşov isə Qazaxa ayaq basdığı gündən iş otağından çölə çıxmır. Bu adam rayonun neçə kəndinin olduğunu bilmir. Halbuki, geridə qalan iki həftə ərzində Qazaxla tanış ola bilərdi. Cəbhə xəttində yerləşən kəndlərdə əhalinin durumu həddən artıq acınacaqlıdır. Yaxşı olardı ki, icra hakimi kabinet məmuru olmasın və sakinlərlə tez-tez görüşüb onların şikayətini dinləsin. Biz hər zaman arzulamışıq ki, elə icra başçısı olsun ki, özünü bizimlə eyni səviyyədə görsün. Keçmiş icra hakimi Ayaz Əsgərovun qəbuluna düşmək müşkül məsələ idi. O özünü icra başçısı kimi yox, rayonun sahibi kimi aparırdı. Qazaxlılar belə halla bir daha qarşılaşmaq istəmir. Rəcəb müəllimdən tələb və xahişimiz ondan ibarətdir ki, rayonun ən ucqar kəndinə belə gedib orada yaşayan insanların güzəranı ilə maraqlansın». Sakinlər bildirirlər ki, yeni icra başçısı hələ ki, rayon sakinləri ilə geniş tərkibdə görüş keçirməyib: «Qismət olsa, başçının qəbuluna düşə bilsək, ona bizi narahat edən problemləri bir-bir deyəcəyik. İcra hakimi bizə qarşı nə qədər yaxşı olaxaqsa, biz də ona qarşı həmin münasibəti göstərəcik». Ümidvarıq ki, Rəcəb Babaşov köhnə icra başçısı Ayaz Əsgərovun səhvlərini təkrarlamayacaq və rayon sakinlərinin güzəranının yaxşılaşması istiqamətində ona tapşırılan işləri layiqincə yerinə yetirəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.

İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir