BolgeXeber.Com » Sosial » İcra başçısının müavinindən kişi sözü

İcra başçısının müavinindən kişi sözü

12-12-2011, 09:05
Oxunub: 5 316 Tarıyel Hacıyev sahibkarlara vəd verib ki, prezidentin Sumqayıta gəlişindən sonra «Şərq Bazarı»nın qarşısına çəkilən hasarları sökdürəcək

Sumqayıtda yerləşən «Şərq Bazarı» ətrafında yeni bir qalmaqalın əsası qoyulmaqdadır. Bolgexeber.com xəbər verir ki, prezident İlham Əliyevin «Gənclər Şəhəri»nə səfər edəcəyini əsas gətirən Sumqayıtın İcra Hakimiyyəti yol kənarında yerləşən bazarın görünməməsi üçün onu hasarlamaq barədə göstəriş verib.

Bu barədə saytımıza danışan bazarda fəaliyyət göstərən sahibkarlar deyiblər ki, hasarlama işi «bazarkom» Rəşid Babayevin xeyri üçün edilir. Onların sözlərinə görə, yerli məhkəmənin qərarından Apellyasiya Şikayəti verən və Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynovun tapşırığı əsasında həmin proses udacağına əmin olan Babayev İcra Hakimiyyəti ilə də anlaşaraq, belə bir addımın atılmasına imkan yaradıb.

Sahibkarlar deyirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri iddia edirlər ki, bunun Babayevlə heç bir əlaqəsi yoxdur və prezidentin səfəri başa çatdıqdan sonra hasar götürüləcək. Bolgexeber.com-a məlumat verən kiçik iş adamlarından biri deyib ki, dekabrın 10-da şəhər İcra Hakimiyyəti başçısının müavini Tarıyel Hacıyev sahibkarlarla görüşüb. Görüş zamanı Hacıyev dükan sahiblərini əmin edərək deyib ki, hasarlanma işinin Rəşid Babayevlə heç bir əlaqəsi yoxdur və prezidentin səfərindən sonra əvvəlki vəziyyət bərpa olunacaq. «Həmin vaxt deyilən bu sözlərlə razılaşmayıblar. Sahibkarlar təklif ediblər ki, prezidentin səfəri zamanı onlar işə çıxmaya bilərlər. Amma bu, icra başçısının müavinini qane etməyib. Əvəzində deyib ki, prezidentin səfəri başa çatdıqdan sonra hasar söküləcək. Və buna kişi kimi söz verib. Hətta prosesə şəxsən özünün nəzarət edəcəyini bildirib».

Sahibkarları düşündürən əsas məsələ odur ki, görəsən, Tarıyel Hacıyev 10 kişinin qarşısında verdiyi kişi sözünün üstündə duracaqmı?