BolgeXeber.Com » BÖLGƏ TV » Gəncədə yarmarka qalmaqalı-Elmar Vəliyev başına iş açdı (VİDEO)

Gəncədə yarmarka qalmaqalı-Elmar Vəliyev başına iş açdı (VİDEO)

5-02-2016, 17:09
Oxunub: 4 264 Gəncədə yarmarka qalmaqalı-Elmar Vəliyev başına iş açdı (VİDEO)Gəncədə işsizlər izdihamı

Fevralın 5-də Gəncədə əmək yarmarkasının keçirilməsi haqda elan veriləndən sonra YAP-ın Gəncə şəhər təşkilatının önünə çoxlu sayda adam toplaşıb.

"Azadlıq" radiosunun məlumatına görə, onların əksəriyyəti içəri daxil ola bilməyib. Şəhərin icra başçısı Elmar Vəliyev bildirib ki, yarmarka təxirə salındı, gələn həftə olacaq.

Videonu radioya adının çəkilməsini istəməyən vətəndaş göndərib.

***

Gəncə şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən xəbərə görə isə bu gün Əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası təşkil edilib. Yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Lakin müraciət edənlərin sayının həddindən artıq çox olduğu, həmçinin ətraf rayonlardan çoxlu sayda vətəndaş müraciət etdiyi üçün gözlənilmədən anlaşılmazlıq baş verib.

Bunu nəzərə alaraq, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən əhaliyə elan olunub ki, yaxın günlərdə növbəti böyük əmək yarmarkası keçiriləcək.

Onu da qeyd edək ki, yaxın günlərdə Gəncə şəhərində 40 ədəd 5 mərtəbəli və 9 mərtəbəli binanın fasad təmiri həyata keçiriləcək. Həmçinin, hazırda Gəncə şəhərində Flarmoniya, İmamzadə kompleksi, 39 saylı orta məktəb, Avtomobil zavodunun yaşayış binaları və bu qəbildən çoxlu sayda yerlərdə tikinti təmir işləri həyata keçirilir. Bununla da 5 mindən çox vətəndaş işlə təmin olunub. Yaxın günlərdə də yeni iş yerləri ilə bağlı böyük yarmarkanın elanı açıqlanacaq. Bu günkü yarmarka təxirə salınmayıb, 318 fəhlə, 248 qulluqçu, 185 nəfər isə xidmət işçisi işlə təmin olunub. Sadəcə ətraf rayonlardan olan vətəndaşlarında müraciət etdiyi üçün anlaşılmazlıq yaranıb. Çünki bu yarmarka yalnız Gəncə şəhər sakinləri üçün idi.

***

Gəncə sakinləri əmək yarmarkasında etiraz etdilər

Fevralın 5-də Gəncə şəhərində İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.

Gəncə şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri müxtəlif şüarlar səsləndirərək, etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib. Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb.

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər.