BolgeXeber.Com » Ölkə » “London taksiləri”nin sürücüləri oyunları gözləyir

“London taksiləri”nin sürücüləri oyunları gözləyir

10-03-2015, 09:54
Oxunub: 6 482 “London taksiləri”nin sürücüləri oyunları gözləyirCərimə meydançasına aparılan taksilərin hesabı sürücülərin canından çıxarılıb


“Bakı Taksi” MMC şofer axtarışındadır; “hotellər, bahalı restoranlar olmasa batarıq...”

İyunda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəyə 300 “London taksisi” gətirilib. Gətirilən 300 taksiyə dövlət qeydiyyat nişanı verilib. Ancaq daha əvvəl alınan “badımcan” taksilərdən 550 ədədi gömrük qeydiyyatından keçirilməmişdi.

Bu məsələyə görə taksilər cərimə meydançasında saxlanılırdı. Mətbuatda müzakirəyə səbəb olan “rastomojka” fırıldağına görə hələ də həmin taksilərdən cərimə meydançasında saxlanılanlar var. Nəqliyyat naziri Ziya Məmmədovun “bənövşəyi” taksiləri necə gömrük qeydiyyatından keçirmədən ölkə ərazisinə gətirməsi indiyə qədər sual doğurur.

Faktiki isə bu yalan üzə çıxarıldı. Cərimə meydançasına aparılan taksilərə görə son günlər Bakı küçələrində bu maşınların azaldığı müşahidə olunur. “Bakı Taksi” MMC isə cərimə məsələsini sürücülərin üzərinə qoyub, onların günlük planını artırıb.

Günlük plan 40 manata qaldırılıb. Bu isə sürücülərin vəziyyətini çətinləşdirib. Nəqliyyat Nazirliyi isə məsuliyyəti “Bakı Taksi” MMC-nin üzərinə qoyub. Nazirlik hesab edir ki, qeydiyyatı şirkət özü həyata keçirməli idi. İndi sürücülər Avropa oyunları günlərində onlara yaradılacaq şəraitdə nəfəs alacağını düşünürlər.

Əslində planın artırılmasından narazı qalan sürücülərin bir çoxu “London” taksilərindən imtina ediblər. Buna görə də ictimai nəqliyyatda sürücü elanlarına rast gəlmək olar. Həm işdən ayrılan sürücülərin yerinə, həm də yeni gətirilən taksilərə sürücü tələbatı var.
Amma taksiləri işlətməyə sürücü tapılmır. İş elanlarına əsasən avtobus dayanacaqlarında, yol kənarlarında rast gəlmək olar. Sürücülər indiki şərtlərlə razılaşmır.

Onların qazancı özlərindən başqa hər yerə gedir. Taksi sürücüləri deyirlər ki, növbə ərzində dayanmadan işləyəndə yaxşı pul qazanmaq olar. Amma günə təxminən 2-3 müştərisi olanda qoyulan planı ödəmək olmur.

Taksi sürücüsü deyir ki, onun 5 manata getdiyi yolu digər sürücü 3 manata gedir. Ona görə də müştəri onu seçir. Bu baxımdan taksi fəaliyyəti göstərən şirkətlərin özü bunu araşdırmalıdır. “Bizdə həftəlik plan 240 manat edir. İşləyə bilsən də, bilməsən də budur. Bir qəpik də güzəşt yoxdur. Ona görə də çoxu dözməyib gedir. Gündəlik 40 manat plan olar? 20 manat da yanacağa veririk. Bu şərtlərlə işləmək mümkün deyil.

Sadəcə, hotellər, bahalı restoranların qarşısında müştəri tutmaq olur. Onlar da olmasa bizim qazancımız olmaz. Təmiz batarıq. İntəhası, hotelə, restorana gedən də əksər vaxt öz maşını olan adamdır. Yəni vəziyyətimiz qəlizdi. İndi də söz verirlər ki, gözləyin, olimpiyadada iş olacaq" - deyə taksi sürücüləri narazılıqlarını dilə gətirir.

Sürücülərin sözlərinə görə, işdən çıxanların əksəriyyəti “Taksi 189" xidmətinə üz tutur. Səbəb isə orada iş şərtlərinin sərfəli olmasıdır.

Onların dediyinə görə, manatın ucuzlaşmasından sonra vəziyyət lap pisləşib. Bu taksilərə minən də azalıb: “Vəziyyət elə gətirib ki, gərək bütün günü şəhəri dövrə vurasan. Bir yerdə dayansan, sərnişin tapmaq olmur. Şəhəri gəzirsən də, yanacaq çox işlənir. Fikir vermisinizsə, şəhərdə ”London taksiləri"nin sayı azalıb. Çünki heç kim istifadə eləmir. Əksəriyyəti ya başqa işlə məşğul olur, ya da kreditə maşın götürüb işləyir,"- deyə sürücü Pərviz danışır.
Bir müddət əvvəl gündəlik planın artmasına etiraz edən bir qrup taksi sürücüsü Nəqliyyat Nazirliyinin qarşısında toplaşıb şikayət etmişdi. Onlardan bir neçəsi işdən çıxarıldı, bəziləri isə işləməkdən imtina etdi.

Hər sürücüyə 250 manat əmək haqqı verən “Bakı-Taksi” MMC şirkəti isə bu iddiaları rədd edərək bildirir ki, “London taksiləri”nə tələbat artır, sərnişinlər də razıdır, sürücülər də. Avtobuslarda vurulan elanlar isə belə demir.

Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1850 ədəd yeni taksi gətirilib. Onlardan 1000-i “London taksisi”dir. Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir.

Yeni taksi maşınları Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınır. Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir. musavat.com
“London taksiləri”nin sürücüləri oyunları gözləyir
“London taksiləri”nin sürücüləri oyunları gözləyir
“London taksiləri”nin sürücüləri oyunları gözləyir
“London taksiləri”nin sürücüləri oyunları gözləyir