BolgeXeber.Com » Sosial » Azərbaycanda 1 milyon 312 min nəfər pensiya alır

Azərbaycanda 1 milyon 312 min nəfər pensiya alır

20-10-2016, 13:02
Oxunub: 3 173 Azərbaycanda 1 milyon 312 min nəfər pensiya alırAzərbaycanda oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib. “Fondun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi tam təmin olunub. Cari ilin yanvar-sentyabr aylarında Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 2367,1 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 1380,3 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faizədək çoxdur. Qeyd olunan davamlı artım 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay qrafikdən əvvəl yekunlaşdırılmasına şərait yaradıb”, - E.Babayev əlavə edib.

Oktyabrın 1-dək olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 211,07 manata çatıb.