BolgeXeber.Com » Ölkə » Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...

Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...

1-06-2017, 13:44
Oxunub: 4 287 Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...Kənan Rövşənoğlu: “Bahalı süfrələr bəyənilən deyil, israf olması halında məkruh sayıla bilər...”

Artıq Ramazan ayının 6-cı gününü yaşayırıq. Oruc tutanlar arasında iftarını evdə açanlar da olur, dost-tanışları ilə birgə müxtəlif restoran və kafelərə üz tutanlar da.

Qəzetimizin ötən saylarının birində 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin neçəyə başa gələcəyini hesablamışdıq. Xatırladaq ki, iqtisadçı ekspert Natiq Cəfərli 4 nəfərlik bir ailənin imsak və iftar süfrəsinin günə 25-30 manatlıq bir büdcə yaradacağını, bunun da ay ərzində min manata yaxın bir məbləğ edəcəyini demişdi. Maraqlıdır, bəs restoran və hotellərdə iftar süfrələri neçəyə başa gələcək?

Apardığımız araşdırmadan məlum oldu ki, evdə imsak və iftar süfrəsi 4 nəfərlik bir ailə üçün 25-30 manata başa gəlirsə, kafe və restoranlarda bu rəqəm bir nəfər üçün nəzərdə tutulur. Bəzi restoranlarda iftar üçün xüsusi aksiyalar həyata keçirilir. Belə ki, 1 nəfərlik iftar menyusu 20 manata olan restorana qabaqcadan zəng edib rezervasiya edənlərdən 1 ay əvəzində 25 günün ödənişini alırlar. 5 günün iftar süfrəsi isə onlara pulsuz təqdim edilir. Qiymətlərə gəlincə isə iftar süfrəsi menyudan asılı olaraq adambaşına 8-25 manat arasında dəyişirdi.
Məsələn, “28-Mall” ticarət mərkəzində yerləşən “Kolorit” restoranının iftar menyusuna 14 növ yemək, 5 növ su, 3 növ meyvə və 6 növ çərəz aiddir. İftar menyusu adambaşına 18 manat təşkil edir. Türk mətbəxinin təmsilçisi bu il də iftar menyusu tərtib edib. Qiymətlər 11.50 - 13.50 manat arasında dəyişir.

“Anadolu” restoranı bu Ramazan ayı öncəki illərdəki kimi müştərilərinə iftar menyusu təklif edir. Restoran müştərilərə iftar yeməklərini çatdırılma ilə təklif edir. Ramazan ayında salat, şorba, isti yemək, xurma, çörək və suyun daxil olduğu iftar menyusunun evlərə çatdırılması 9 manat 90 qəpiyə başa gəlir. Restoran imsak vaxtı üçünsə adambaşı 12 manatlıq açıq bufet təklif edir. “Dafne” restoranında isə həm imsak, həm də iftar menyuları təklif edilir: imsak 10 manat, iftar isə 18 manatdır. “Mado” da iftar və imsak vaxtı açıq bufet təqdim edir. Sahur zamanı bufetdə şorba, pizza, kükü, qəlyanaltılar, çərəzlər və içəcəklər təqdim olunur. İftar bufetinə isə şorbalar, salatlar və məzələr, əsas yeməklər, desertlər və içəcəklər daxildir. İmsak menyusu - adambaşı 12 manat, iftar menyusu isə 22 manata başa gəlir. “Özsüt Baku” da Ramazan ayında müştərilərə açıq bufet xidməti təklif edənlər sırasındadır. İmsak menyusunun qiyməti 12, iftar isə 18 manatdır.
Qeyd edək ki, 7 yaşa qədər uşaqlar üçün yeməklər pulsuz, 7-12 yaş arası uşaqlar üçünsə yeməklər 50 faiz endirimlə təklif edilir. İmsak menyusunda yağ, pendir, bal, zeytun, pomidor-yumurta təklif edilir. “Papa Johns”da isə Ramazan ayı ərzində saat 19:30-dan 21:30-a qədər istənilən mini-pizza, tərəvəz salatı və içki 5 manata təklif edilir. Ötən illərə nisbətən bu il iftar menyularında artım müşahidə edilir. Hotel restoranlarında qiymət daha da bahadır. Hotellərdə iftar menyuları 30-60 manat arasında dəyişir. Restoranlardan aldığımız məlumata görə elə vaxt olur ki, iftar açmaq üçün restorana gələn şəxslər iftar menyusundan imtina edir və süfrəyə nələrin düzüləcəyinə özü qərar verir. Bu zaman təbii ki, qiymətlər də dəyişir. Tutaq ki, əgər mərci şorbası iftar menyusunda yox, ayrıca digər yeməklərlə istənilirsə, o zaman şorbanın qiyməti iftar menyusundakı kimi olmur. Adi günlərdəki qiymətə təklif edilir.

Beləliklə, restoran və kafelərdə iftarı açmaq üçün 1 nəfərlik menyunun ortalama qiymətini 10 manatdan götürsək, oruc tutan şəxs 1 ay boyunca 300 manat sırf iftar üçün xərcləməlidir. Bura imsakı da əlavə etsək, rəqəm iki qatına çıxır ki, bu da bir ailənin orta aylıq əmək haqqından çox deməkdir. Beləcə, 4 nəfərlik bir ailə iftarı evdə yox, hansısa restoranda açmaq istəsə, o buna ortalama qiymətlə, yəni bir nəfərlik 10 manata olan menyu ilə bir günə 40 manata, bir aya isə 1200 manata başa gələcək. Hələ biz ən az qiymətə olan iftar menyusunu hesabladıq.

Maraqlıdır, təmtəraqlı restoranlarda, bahalı iftar süfrələri ilə iftarı açmaq günah hesab olunurmu?

Dini ekspert Kənan Rövşənoğlu deyib ki, restoranlarda bahalı yeməklər yeməkdənsə, yaxşı olar ki, o pulla yoxsul şəxslərə yardım etsinlər: “Əlbəttə, yaxşı olar ki, ehtiyaclı insanlara da yardım etsinlər. İslam dini israfa qarşıdır, israfı tənqid edir. Amma bu mövzuda açıq qadağa və ya ölçü yoxdur ki, iftar neçə manat ola bilər ya olmaz. Dində, sadəcə olaraq, yardımlaşmaq və israf etməmək kimi qaydalar var. Oruc və iftar sosial tərəfi olan bir ibadətdir. Yəni ac qalan insan acların halından xəbərdar olur. Bir növ bərabərlik yaranır. Bahalı süfrələr bəyənilən deyil, israf olması halında məkruh hesab oluna bilər. Bu da daha çox müsəlmanların özlərinin əməl edəcəyi bir haldır. Bunu ictimai qınaqla etmək olmaz”.musavat.com
Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...
Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...
Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...
Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...
Restoranlarda iftar qiymətləri - 10 manatdan başlayır...