BolgeXeber.Com » Sosial » Alıcıların cibinə girən “yalançı” tərəzilər: problemdən çıxış yolu nədir?

Alıcıların cibinə girən “yalançı” tərəzilər: problemdən çıxış yolu nədir?

12-07-2017, 11:00
Oxunub: 3 852 Alıcıların cibinə girən “yalançı” tərəzilər: problemdən çıxış yolu nədir?Eyyub Hüseynov: “Əhalinin qazancının 20 faizi aldatmalara qurban gedir...”


Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür. Səbəb isə odur ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.


Bundan çıxış yolu kimi, alıcıların bir qismi özü ilə cib tərəzisi gəzdirir və aldığı malı yenidən çəkərək, nə qədər aldadıldığının fərqinə vara bilir. Təəssüflər olsun ki, hazırda bu məsələyə heç bir dövlət qurumu nəzarət etmir. Xüsusən də sahibkarlıq obyektlərində yoxlamaların qadağan edilməsindən sonra bazarlarda özbaşınalıq yaranıb. Əksər bazarlarda nəzarət tərəziləri də ləğv olunub. Xüsusən insanların daha çox axın etdiyi “8-ci kilometr” bazarı, “Yaşıl bazar” kimi yerlərdə çəkidə aldatma halları geniş yayılıb. Bəs bununla mübarizə necə aparılmalıdır? “Yeni Müsavat” bu suala cavab axtarıb.


Əhalinin qazancının 20 faizinin aldatmalara qurban getdiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış yolunu dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsində görür: “Azərbaycan yeganə ölkədir ki, insanlar hələ də bazara gedəndə ciblərində tərəzi gəzdirirlər. Belə çıxır ki, insanlar mal alanda tərəzi gəzdirməlidir, avtomobilinə yanacaq dolduranda hansısa ölçmə cihazı aparmalıdır. Bu anormal bir haldır. Ciblərdə gəzdirilən tərəzilər də metaldan olduğu üçün yay aylarında istidən genişlənir, qışda isə yığılır. Tərəzinin yayları boşalır. Ölkə üzrə ölçü cihazlarının düzgün işləməsini götürsək, əhali 20 faiz aldadılır. Yəni insanların qazancının 20 faizi ölçmə cihazlarındakı aldatmaya gedir. Mən hələ pulda aldadılmadan danışmıram. Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, bazarlarda satış yerlərində nəzarət tərəziləri olmalıdır. Ancaq əksər bazarlarda nəzarət tərəziləri qoyulmayıb. Satıcıların qoyduqları tərəzilərin əksəriyyəti də normal işləmir. Həmin tərəzilər vaxtaşırı qeydiyyatdan keçirilməli və yoxlanmalıdır ki, standartlara uyğun işləyir, ya yox. Lakin bu yoxlanış könüllüdür. Əgər sahibkarlar istəməsə, gedib həmin tərəzini qeydiyyatdan keçirmir. Ona görə də Azad İstehlakçılar Birliyi araşdırma aparıb ki, tərəzilərin altına yapışdırılan maqnitlər, üstünə qoyulan daşlar var. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, çəki daşı əvəzinə adi daşlardan, dəmirlərdən istifadə olunur. Və ya daşın əvəzinə iri bir badımcan qoyurlar. Daha sonra həmin badımcan sıxılıb yüngülləşir və çəkidə aldadılma baş verir. Bu sahədə istehlakçılar aldadılır”.

Eyyub Hüseynov onu da diqqətə çatdırdı ki, problemi aradan qaldırmaq üçün hökumətin istehlakçı siyasəti olmalıdır: “İstehlakçıların hüquqlarını qoruyan qanunlar qüvvəyə minməlidir. Bundan əlavə, dövlət orqanları fəal iş aparmalıdır. Dövlət orqanları 9 mərtəbəli binada yerləşir, 140 nəfər çalışanı var, şikayətçiyə isə cavab verirlər ki, gedin məhkəməyə müraciət edin. Dövlət orqanları istehlakçıların hüquqlarını fəal şəkildə qorumalıdır”.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələdə əsas nəzarətedici funksiyanı vətəndaşlar daşımalı və gördükləri neqativ hallarla bağlı konkret şikayətlər göndərməlidirlər: “Bizə də çəkidə aldadılma, tərəzilərin düzgün işləməməsi ilə bağlı şikayətlər daxil olur. Şikayətçilər bəzən obyektin adını çəkmək istəmirlər, konkret ünvan göstərmirlər. Sadəcə, ümumi şəkildə aldadıldıqlarını izah edirlər və bunun nəzarətə götürülməsini xahiş edirlər. Təbii ki, ”Azərbaycanda ölçmənin vəhdətinin təmin edilməsi" ilə bağlı qanun var və qanunun tələbinə əsasən ölmə vasitələri (tərəzi də ölçmə vasitəsidir) ildə iki dəfədən az olmayaraq xüsusi laboratoriyalarda yoxlanılıb sonra istismar edilməlidir. Lakin bəzən sahibkarlar bundan yayınırlar və bu, bizi çox təəssüfləndirir. Bildiyiniz kimi, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Nəzarət funksiyasını həyata keçirən orqanlar heç bir sahibkarlıq müəssisələrində bu yoxlamaları həyata keçirmirlər. Sahibkarlar isə bundan sui-istifadə edirlər və qanunun tələblərini pozurlar. Buna görə də ictimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin güclü olduğu yerdə dövlət nəzarətinə bir o qədər də ehtiyac qalmır. İctimai nəzarətdə başlıca rolu istehlakçılar və onların konkret şikayətləri oynayır. Biz istəyirik ki, istehlakçılar üzləşdikləri bu cür faktlarla bağlı bizim 963 nömrəli qaynar xəttimizə müraciət etsinlər və ya komitəyə yazılı şəkildə şikayət göndərsinlər. Komitənin metroloji nəzarət şöbəsinin əməkdaşları bu məsələni araşdıracaq, həm istehlakçıya məlumat veriləcək, həm də ümumi vəziyyətə nəzarət artacaq".


Bazarda bəzi tərəzilər elə qoyulub ki, vətəndaşların ona nəzarət etmək imkanı yoxdur. Bir çox bazarlarda isə nəzarət tərəziləri yoxdur. Bu duruma münasibət bildirən F.Talıblı qeyd etdi ki, bu qayda pozuntusu hesab olunur: "Ötən illərlə müqayisədə bu məsələdə müsbətə doğru dəyişikliklər baş verib. Çünki ildən-ilə biz elektron tərəzilərin daha çox tətbiq edildiyini müşahidə edirik. Həmin elektron tərəzilərin ekranları istehlakçıya da məhsulun çəkisini görmək imkanı yaradır. Ancaq bu məsələlər hələ də gündəmdədir. Biz sahibkarların məsuliyyətini önə çəkməliyik və onlar bu məsələdə diqqətli olmalıdırlar. Hazırda yoxlamalar dayandırılıb. Ancaq iki il müddəti bu ilin sonunda bitəcək. Yeni ildən yeni qanunvericilik və tənzimləmə metodları ilə sahibkara müraciət olunduqda, artıq o İnzibati Xətalar Məcəlləsinin tələblərindən yayına bilməyəcək. Biz sahibkarlar qanunvericiliyə hörmət etməyə çağırırıq və istehlakçıları da nəzarəti gücləndirməyə dəvət edirik. Qarşılaşdıqları nöqsanları bizimlə açıq-aydın bölüşsünlər".