BolgeXeber.Com » Ölkə » Parlamentdə deputat yerlərinin sayı 150-yə çatdırıla bilər - Belə deyirlər...

Parlamentdə deputat yerlərinin sayı 150-yə çatdırıla bilər - Belə deyirlər...

12-02-2019, 11:10
Oxunub: 2 348 Parlamentdə deputat yerlərinin sayı 150-yə çatdırıla bilər - Belə deyirlər...Fəzail Ağamalı: “Əhalinin sayı ilə deputat sayında proporsiyada fərq var”

Ona görə ki, əhali və seçici sayı Azərbaycanla müqayisədə xeyli az olan ölkələrin bir çoxunda parlamentarların sayı ölkəmizlə müqayisədə çoxdur. Məsələn, Gürcüstan və Ermənistan əhalisinin sayı bizdən az olsa da, deputatları 150 nəfərdir.

Həmçinin əhali sayı ilə nisbətdə böyük dövlətlərdə deputat sayı çoxdur. Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayı 600 nəfərə yüksəlib. Bundan əvvəlki dövr üçün isə təmsil olunan millət vəkillərinin sayı 550 nəfər olub.

125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib.

Belə iddia var ki, deputat yerlərinin artırılması hakimiyyət dairələrində də danışılır.

Bu iddia nə dərəcədə realdır? Qarşıdan gələn parlament seçkilərində bunu həyata keçirmək mümkündürmü?

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, zaman-zaman bu məsələ gündəmə gəlib, arqumentləşdirilməyə səy göstərilib: “Əhalinin sayı ilə deputat sayında proporsiyada fərq var. Ancaq bunun üçün ilk növbədə konstitusiyada dəyişiklik olmalıdır. İndiyə qədər konstitusiyaya edilən dəyişikliklərdə bu təkliflər nəzərə alınmayıb. Amma gələcəkdə nəzərdən keçirilə bilər.

Fəzail Ağamalı: “Əhalinin sayı ilə deputat sayında proporsiyada fərq var”

Mən də tərəfdarıyam ki, deputatların sayı əhalinin sayına uyğunlaşdırılsın, artırılsın. Bu, həm də Milli Məclisin işinin təkmilləşməsinə, əhalinin hakimiyyətdə təmsilçilik imkanlarının güclənməsinə müsbət təsir edə bilər".

F.Ağamalının fikrincə, əvvəlki dövrlə müqayisədə deputatların işi yüngülləşib: “Prezidentin icra strukturları qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi deputatların daha az yüklənməsinə təsirini göstərib. İndi parlamentlərarası əlaqələrin qurulması, parlament üzvlərinin beynəxalq təşkilatlarda təmsil olunmasında daha geniş imkanlar açılıb. Seçicilərim yerli xarakter daşıyan məsələlər barədə nadir hallarda mənə müraciət edirlər. Çünki nazirliklər, komitələr, icra strukturları vətəndaşların sosial-iqtisadi problemlərinin həllinə daha çox diqqət yetirir”.

Musa Quliyev: “Konstitusiyaya düzəliş olunarsa...”

Deputat Musa Quliyevin sözlərinə görə, konstitusiyada deputatların sayı 125 nəfər təsbit olunub: “Əgər konstitusiyaya düzəlişi olunarsa, bu məsələni müzakirə etmək olar. Qanunvericiliyə görə, 40 min vətəndaşın təşəbbüsü hüququ var. Ona görə referendum olmalıdır. Gündəmdə bu məsələ yoxdur, belə dəyişiklik gözlənilmir. Əgər əhalinin sayına görə təmsilçilik azdırsa, deputat sayı artırıla bilər. Digər tərəfdən, internet dövrüdür, fərdi görüşlərin çox, ya az olması problemi olmur. Deputatlar sosial şəbəkələrlə seçicilərlə əlaqə saxlayır”.

Fazil Mustafa: “Bunun bir mənası yoxdur”

Millət vəkili Fazil Mustafa isə deputat sayının artırılmasına heç bir zərurət görmür: “Bunun bir mənası yoxdur. Əgər say artırılırsa, əsaslandırılmalıdır ki, nəyə görə edilir, hansı problemlərin həllinə təsir edəcək. İndiki halda 125 nəfər deputat az deyil və işimizi də çətinləşdirmir”.