BolgeXeber.Com » Sosial » Gələn ilin yanvarından pensiyalar artacaq

Gələn ilin yanvarından pensiyalar artacaq

13-11-2019, 13:57
Oxunub: 3 249 Gələn ilin yanvarından pensiyalar artacaq"Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

O, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsinin həyata keçirildiyini vurğulayıb: "Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq".

Yeni il qabağı pensiyaların əvvəlcədən ödənilib-ödənilməyəcəyinə toxunan direktor pensiya ödənişlərinin müəyyən qrafik əsasında həyata keçirildiyini bildirib: "Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".