BolgeXeber.Com » Gündəm » Prezident : ““Bu, vicdansızlıq, biabırçılıq, cinayətdir”

Prezident : ““Bu, vicdansızlıq, biabırçılıq, cinayətdir”

15-04-2014, 04:40
Oxunub: 3 254 "Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik"

“Bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir”.

Bolgexeber.com xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bazar günü keçirilən iclasındakı çıxışında deyib. İ. Əliyev bildirib ki, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardı: “Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir.

Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.