BolgeXeber.Com » Gündəm » Məmurlar gəlir bəyannaməsindən niyə qaçırlar?

Məmurlar gəlir bəyannaməsindən niyə qaçırlar?

21-07-2014, 10:45
Oxunub: 2 636 Bəlkə korrupsiya hallarının ortaya çıxmasından qorxurlar

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Nazirlər Kabinetinə Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin formalarının hazırlanması ilə bağlı məktub ünvanlayb. Məktubda bəyannamə formasının hazırlanması prosesinin sürətləndirilməsi xahiş olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət məmurlarının gəlir bəyannamələrinin formaları Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır: "Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin hazırlanması ilə bağlı irəliləyişin olmaması Nazirlər Kabineti tərəfindən həmin bəyannamə formalarının təsdiq edilməməsi ilə əlaqədardır.
Komissiya bununla bağlı Nazirlər Kabinetinə məktub göndərib ki, proses sürətləndirilsin". Artıq Azərbaycanda neçə ildir ki, bu qanun qəbul olunsa da, məmurlar gəlirləri barədə bəyannamə verməkdən qaçırlar. Bu qanunun işləməsi korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsinə kömək edə bilər. Ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizə gedirsə, bu qanun mütləq şəkildə işləməlidir. Lakin nədənsə məmurlar gəlir bəyannaməsi verməkdən qorxurlar. Əgər qanun işləyərsə, korrupsiyaya qarşı mübarizədə müsbət irəliləyişlər əldə oluna bilər. Sözügedən qanun bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, bu qanun Rusiyada tətbiq olunarkən ortaya bir sıra maraqlı faktlar çıxıb. Belə ki, məmurların bəzən yalan məlumat verdikləri aşkarlandı və onlar məsuliyyətə cəlb olundu. Azərbaycanda da bu qanun işləsə məmurlar korrupsiya hallarından çəkinə bilər. Bu istiqamətdə uğurlu nəticələr əldə oluna bilər. Eyni zamanda ölkədə korrupsiya hallarının qarşısını almaq anlamına gəlir. Çünki məmur qeyri-rəsmi hardansa gəlir əldə edərsə, bunun açıqlamasını verməli olacaq. Mütəxəssislər hesab edir ki, bu qanunun işləməsi üçün müəyyən mexanizimlərdən istifadə olunması vacibdir. Nazirlər Kabineti gəlir bəyannaməsi ilə bağlı formaları təsdiq etməlidir. Həmin formalar əsasında da dövlət məmurlarının gəlirləri və əmlakı barəsində bəyənnamə doldurulmalıdır. Bu gəlir bəyannaməsi formalarının hazırlanması üçün Nazirlər Kabinetinin hələ 2005-ci ildə 3 ay zamanı var idi. Ancaq verilən 3 ay müddətdən bu vaxta qədər 8 ilin keçməsinə baxmayaraq, hökümət bu məsələni həll edə bilməyib. Qeyd edək ki, xarici ölkələrdə siyasi fəaliyyət göstərənlər deyil digər vəzifəli şəxslər də öz gəlirləri və əmlakları barədə ictimaiyyəti məlumatlandırırlar. Düzdür, orada da problemlər olur. Ancaq buna baxmayaraq, bu proses xarici ölkələrdə işləyir və antikorrupsiya baxımından effekt verir. Qeyd edək ki, Avropa ölkələrində bu təcrübə 1980-ci illərdən başlayarq geniş yayılmağa başlayıb. Qonşu Rusiya, Ukrayna və Litvada isə bir neçə ildir ki, məmurlar gəlirlərini bəyan etməkdən çəkinmirlər. Türkiyə və Gürcüstanda isə hətta məmurların ailələri də gəlirləri və əmlakları barədə ictimaiyyəti məlumatlandırırlar. Azərbaycanda isə bu məsələ hələ də həll olunmamış qalır. Bu gün bir sıra məmurlar villadan tutmuş, ən bahalı avtomobillərə sahibdirlər. Əhali hesab edir ki, bu villalar, bahalı avtomobillər və sair şeylər dövlətdən mənimsənilən pullar hesabına ərsəyə gəlib. Bu bəyannamə təqdim olunarsa, bu kimi şübhəli məsələlər öz həllini tapmış olar. Onu da qeyd edək ki, bu gün məmurların hamısının biznes obyektləri var. Əsas gəlir yerləri də həmin biznes obyektləridir. Lakin məmurların bizneslə məşğul olması isə birbaşa cinayət məsuliyyəti yaradır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, Milli Məclis deputatlarının kommersiya, sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul olması qadağandır. Lakin bu maddəyə məhəl qoyan yoxdur. Ona görə də gəlir bəyannaməsi məmurlara heç bir tərəfdən sərf etmir. Əgər bu qanun işləyərsə, məmurlar varlana bilməyəcəklər. Hesab olunur ki, vəzifəli şəxslərin gəlirlərinin şəffaf olması ölkədə korrupsiyanın, gizli iqtisadiyyatın və çirkli pulların aşkarlanmasına səbəb olacaq.
gundelik-baku