BolgeXeber.Com » Gündəm » "Aqrolizinq"in Oğuzdakı nümayəndəsinə qarşı yeyinti ittihamı

"Aqrolizinq"in Oğuzdakı nümayəndəsinə qarşı yeyinti ittihamı

25-09-2014, 11:30
Oxunub: 3 601 Əli Bayramovun kadrı büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilir

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxslərinin barəsində cinayət işinin başlanması haqda xəbər vermişdik. Qeyd edək ki, bir müddət əvvəl "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işinin açılmasından sonra aidiyyəti hüquq-mühafizə orqanlarının bütün diqqətləri ASC-nin yerlərdəki filiallarına yönəldi. Beləliklə, işində qanun pozuntularına yol verən şəxslər müəyyən edilərək istintaqa cəlb olundu. Qurumun sabiq sədri Əli Bayramovun tutduğu vəzifədən kənarlaşdırılması isə ASC-də indiyə qədər baş vermiş maliyyə maxinasiyaları ilə bağlı növbəti iddiaların ortaya atılmasına gətirib çıxardı. Hətta bir neçə gün öncə bəzi mətbuat vasitələrində Əli Bayramovun həbs ediləcəyi barədə xəbərlər yayıldı. Sabiq məmur isə haqqında deyilənlərə bu cür reaksiya verib: "Bu adamlar məndən əl çəkmək istəmir. Axı mən bunlara nə etmişəm? Yəqin ki, bu cür yazıları xüsusi adamlar yazdırır. İnanın ki, mən ömrüm boyu heç kəsə pislik etməmişəm. İndiyədək heç kimi sancmamışam. Çox təəccüblüdür ki, mənim haqqımda bu yazıları nə üçün yazırlar? Tez-tez yazırlar ki, amanın günüdür, qoymayın, Əli Bayramov yeyib-taladı, ölkədən qaçıb getdi və sairə. Axı dövlətin malını kim yeyə bilər? Yeyənin yeri hamıya məlumdur ki, haradır. Axı əllərində heç bir əsas olmadan nə üçün mənim haqqımda şər-böhtan yazırlar? Nazir Heydər Əsədovun özü ilə, nazir müavini İlham Quliyevlə işdən gedəndən bəri neçə dəfə görüşüb söhbət etmişəm". Bu tip açıqlama verərək özünü müdafiə edən Əli Bayramovun vəzifəyə qoyduğu kadrlar bu gün bölgələrdə fermerlərə əməlli-başlı problem yaradır. Həmin şəxslərdən biri də "Aqrolizinq"in Oğuz rayon filialının müdiri Fikrət Cabbarovdur. Mötəbər qaynaqlar tərəfindən redaksiyamıza ötürülən bilgilərə görə, filial müdiri ona həvalə edilən işin öhdəsindən layiqincə gəlməyi bacarmır: "Məlum olduğu kimi, Oğuz rayonu zəngin və əlverişli iqlim şəraitinə malikdir. Bu, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir. Məlumatınız olsun ki, rayon üzrə kənd təsərrüfatına yararlı olan 35355 hektar torpaq var. Bunun 18368 hektarı əkin altındadır. Rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və meyvəçilikdir. Fikrət Cabbarov əkinçiliklə məşğul olan vətəndaşlara aman vermir. Filialın balansında olan kənd təsərrüfatı texnikaları əsasən imkanlı şəxslərin və yerli məmurların sahələrində işlədilir. Vətəndaşlara təklif edilən texnikalar isə istismar müddətini çoxdan başa vurub. Camaat əkin-biçin dövründə texnika tapa bilmir. Filial müdiri şum traktoru, səpin texnikası, kultivator, kimyəvi mübarizə aqreqatı, yığım kombaynlarını nəyinsə müqabilində fermerlərə təklif edir. Qurumun balansında olan kənd təsərrüfatı texnikaları çox ağır şərtlərlə fermerlərə verilir. Əkinçilər dövlətin yaratdığı güzəştli lizinqdən bəhrələnə bilmir. Bunun nəticəsində rayonda hər il kənd təsərrüfatı üzrə məhsuldarlıq aşağı düşür". Verilən məlumata görə, Fikrət Cabbarov Oğuzun icra başçısı Eyvaz Qurbanovla çox yaxındır. Bu səbəbdən törətdiyi qanunsuzluqlara görə ona güldən ağır söz deyən yoxdur. Biz isə bildirmək istəyirik ki, "Aqrolizinq"in Oğuz filialı Fikrət müəllimin özəl müəssisəsi yox, dövlətin hesabına maliyyələşən qurumdur. Yəni bu şəxsin dövlətin əmlakını məhv etməyə, büdcə vəsaitlərini mənimsəməyə heç bir haqqı yoxdur. Nazir Heydər Əsədov, Maliyyə Nazirliyinin yetkililəri və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi filialda yaşananlara dərhal reaksiya verməlidir. Əks təqdirdə, fermerlərin durumu ağırlaşa bilər.gundelik-baku.com

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.